Qanunla.Az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyi tərəfindən Zərdab, Ucar, Kürdəmir və Ağcabədi rayonlarında orta məktəblərin yuxarı sinif şagirdləri arasında keçirilən “Poliqon” Strateji İntellekt Oyunu üzrə III Çağırış Kubokunun seçim turlarında ən çox bal torlayan komandalar 5 noyabr 2022-ci il tarixində Zərdab rayonunda keçiriləcək final oyununa vəsiqə qazanıblar.
Seçim turlarında apardıqları gərgin və maraqlı mübarizəni final oyununda davam etdirəcək bütün komandalara uğurlar arzu edilib.
Məlumat üçün bildiririk ki, “Poliqon” Strateji İntellekt Oyunu gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin aşılanması, onların strategiya qurmaq bacarığının artırılması və intellektual inkişafına dəstək olmaq məqsədlərini daşıyan milli intellektual oyundur. Oyunun keçirilməsində məqsəd xalqımızın tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, xüsusi ilə, Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük vətən müharibəsində qazandığımız zəfər tariximizin gənclər arasında təbliğ etmək, Azərbaycan dilində intellektual oyunlar üzrə turnirlərdə gənclərin ictimai fəallığını təmin etmək, həmçinin regionlarda fəaliyyət göstərən intellektual oyunlar üzrə klublara dəstək verməkdir.
Oyun Azərbaycan Respublikasının müəllif Hüquqları Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır.