Göründüyü kimi, Azərbaycan-Gürcüstan əlaqələrinin yeni mərhələsi olan enerji və nəqliyyat layihələri tərəfdaşlığın daha mühüm istiqamət üzrə inkişafını şərtləndirdi. Dövlət başçısı İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin bəyanatlarında qeyd olunduğu kimi, əməkdaşlığın əsas hissəsinin energetika sektoruna aid olması birgə səyin bəhrəsi, ölkələrimizin iqtisadi inkişafını yüksəldən başlıca amildir. Xəzər, Qara və Aralıq dənizlərini neft-qaz kəmərləri ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşmasında birgə səy göstərən Azərbaycan, Gürcüstan və Türkiyə beynəlxalq ictimaiyyətə qarşılıqlı əməkdaşlıq təcrübəsini nümunə kimi göstərdilər. XXI əsrin tarixi hadisəsi adlandırılan Cənub Qaz Dəhlizinin, onun əsas seqmentləri olan TANAP və TAP-ın uğurlu icrası təkcə bölgənin deyil, bütövlükdə dünyanın ən böyük infrastruktur layihəsi kimi dəyərləndirilir. Əgər bu layihələrin icrasına başlanılarkən üç ölkə əməkdaşlıq edirdisə, bu gün belə dövlətlərin sayı daha da artır və yeni tərəfdaşlar sözügedən layihələrə cəlb edilir. Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliyanın birgə iştirakı ilə yaradılan geniş beynəlxalq əməkdaşlıq formatı Azərbaycanın bölgədə nüfuzunu daha da artırır.
Azərbaycan-Gürcüstan münasibətlərinin əsasını təşkil edən enerji və nəqliyyat layihələri əməkdaşlığın təməl daşıdır. İnfrastruktur layihələri bütün dünya xalqları üçün önəmlidir. Asiyanı, Çini və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun reallaşmasında iştirak edən hər üç ölkənin əməkdaşlıq formatı sabitlik nümunəsidir. Enerji və nəqliyyat sahəsində yeni layihələri, həmçinin Avropa İttifaqı ölkələrinə qaz ixracının genişləndirilməsini və 2027-ci ildə 20 milyard kubmetrə çatdırılmasını, elektrik enerjisi ixracının artırılmasını, işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji gücünün 10 gvt, Xəzərdə isə 157 gvt təşkil etməsini, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük daşımalarının 5 milyon tona kimi yüksəldilməsini də xüsusi qeyd etməliyik. Asiyadan Qərbə və əksinə, yükdaşımalarının artması yeni reallıq yaradır. Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmağı planlaşdırır. Ümymiləşdirilmiş şəkildə qeyd etsək, dünyada enerjiyə tələbatın artdığı zamanda Azərbaycan-Gürcüstan əlaqələrinin daha da genişlənməsi iki ölkənin bir cəbhədə dayanaraq öz maraqlarını təmin etməsinə imkan verir.”
Qarşılıqlı səfərlər ikitərəfli əməkdaşlığın gündəliyinin təhlilində və ona yeni əlavələrin edilməsində əhəmiyyətli rol oynayır. Günümüzün əsas müzakirə mövzularından biri də bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin yaradılmasıdır. Tarixi Zəfərimizin yaratdığı reallıqlar yeni əməkdaşlıq formatlarının həyata vəsiqə almasına yol açır. Bu da öz növbəsində Azərbaycanın Ermənistana təklif etdiyi 5 prinsip əsasında sülh müqaviləsinin qısa zamanda imzalanmasını bir tələbə çevirir. Dövlət başçısı İlham Əliyevin Gürcüstan səfəri zamanı bu məsələ də əsas müzakirə mövzusu oldu. Prezident İlham Əliyev ümid etdiyini bildirdi ki, Ermənistan tərəfi də siyasi iradə göstərərək beynəlxalq birlik tərəfindən tanınan əsas təməl prinsiplər əsasında Azərbaycanla sülh müqaviləsini imzalayacaq. Əgər belə olarsa, Cənubi Qafqaza sülh gələcək və eyni zamanda, əməkdaşlıq üçün imkanlar yaranacaq. Səfər çərçivəsində Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlanılması haqqında fikir mübadiləsinin aparılması da bunun təsdiqidir.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri