Hər bir zəfər tarixi Azərbaycanın tarixi ədaləti uğrundakı qələbəsidir

0
1589

Qubadlı rayonlarının işğaldan azad olunması zəfər tarixidir: “20 oktyabr 2020 ci il Zəngilan, 25 oktyabr Qubadlı rayonunun erməni işğalından azad olunmasının bir ili tamam olur. Düz bir ildir ki, həmin torpaqlarda azan səsi eşidilir, Azərbaycan bayrağı dalğalanır. Çünki Azərbaycanın şanlı ordusu, əvəzsiz xidmətləri ilə regionda sülhü və əmin-amanlığı yaradan cənab Prezident İlham Əliyev kimi dayağı var.

Xatırladaq ki, 2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedib, Azərbaycan şəhidlər verib.

İllərdir ikili standartları təbliğ edən beynəlxalq dairələr bu real faktları artıq görməzdən gələ bilməz. 44 günlük Qarabağ müharibəsi zamanı da, müharibədən sonrakı dövrdə də, cənab Prezidentin beynəlxalq mətbuata verdiyi əsaslı müsahibələr birmənalı olaraq, dünya ictimaiyyətinin gözlərini açmağa, gərçəkləri görmələri üçün həqiqətən böyük vəsilə oldu. Bunu danmaq olmaz. Bu müsahibələr mənəvi baxımdan Azərbaycanın beynəlxalq arenadakı rolunu gücləndirdi. Cənab Prezident Azərbaycanın beynəlxalq hüquq normalarına uyğun olaraq, öz təhlükəsizliyini təmin etmək, işğala son qoymaq və regionda terrora qarşı mübarizə aparmaq kimi hüququna sahib olduğunu bütün dünyaya göstərdi. Ona görə də, sadəcə Qubadlı və ya Zəngilan deyil, ümumiyyətlə erməni işğalından azad olunan hər bir rayonumuzda, Azərbaycan bayrağı dalğalanan hər qarış torpağımızda tarixi ədalətin bərqərar olunması sadəcə Azərbaycan üçün deyil, ümumilikdə regionun zəfər tarixi kimi dəyərləndirilməlidir”.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc