Qarabağ əvvəlkindən də cəlbedici olacaq

0
1972

Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarımzda daş üstə daş qalmayıb. Ermənilər bu dağıntıları ilə faşistlərdən də qəddar olduqlarını nümayiş etdiriblər. İşğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın təcavüzünün nəticələrini görür. İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, diplomat, politoloq, jurnalist, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Prezident İlham Əliyev də Ağdamda səfərdə olarkən bildirib ki, erməni barbarlığı və vandalizminin miqyası o qədər böyükdür ki, işğaldan azad edilmiş ərazilərimizə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra Ağdama gələn xarici ekspertlər, jurnalistlər bu rayona bir neçə ad verdilər: “Urbisid qurbanı” , “Ruhlar şəhəri”, “Qafqazın Xirosiması”.

Bütün bu vəhşiliklər beynəlxalq təşkilatların gözləri qarşısında baş verib. Həmin təşkilatlar Azərbaycan xalqının humanitar fəlakətinə göz yumdu və işğalçını öz adı ilə çağırmaqda özündə cəsarət tapa bilmədi. Ən çox təəssüf doğuran odur ki, ATƏT-dən mandatı olan Minsk qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. Halbuki, Minsk qrupu münaqişənin nizamlanmasında vasitəçilik missiyasını öz üzərinə götürmüşdü. Əslində isə ötən illər ərzində Minsk qrupu işğalçılıq siyasətini legitimləşdirməklə məşğul olub.

Hazırda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. 300 mindən çox məcburi köçkün üçün yeni ev və mənzillər inşa olunmuşdur. Artıq Böyük Qayıdış proqramı başlayıb.

Ermənilər işğal etdikləri ərazilərdən çıxarkən yenə də faşist xislətlərini gizlədə bilməyiblər və onlar əraziləri minalayıblar. Təcavüzkarlar işğal dövründə 1 milyondan çox mina basdırıblar. Bu da sakinlərin dədə-baba torpaqlarına köçürülməsində ciddi problem yaradır. Genişmiqyaslı bərpa proqramının icrasında ən böyük çətinliklərdən biri minalardır. Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu rəqəm hər həftə artır. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir. Buna baxmayaraq, ərazilərin minalardan təmizlənməsi prosesi davam edir.

Hüquq müdafiəçisi işğaldan azad edilmiş ərazilərdə beynəlxalq tədbirlərin keçirilməsini yüksək qiymətləndirib və deyib ki, belə tədbirlərin iştirakçıları erməni vandallığının, həmçinin ərazilərdə aparılan bərpa-tikinti işlərinin canlı şahidi olurlar. Belə tədbirlərdən biri də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Ağdam rayonunda keçirildi.

Dövlətimizin başçısı 3 kəndin – Xıdırlı, Kəngərli və Sarıcalının təməlqoyma mərasimlərində iştirak edibdir. Yaxın iki ildə bu kəndlərdə bir neçə min insan yaşayacaq. Bundan başqa, Ağdam şəhərində min şagird yerlik məktəb tikilir. Bu məktəb gələn il hazır olacaq. Xəstəxana və bir neçə yaşayış binasının tikintisi davam etdirilir.

 

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı