Ölkələrimiz arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir

0
1777

Ölkələrimiz arasındakı siyasi əlaqələr davamlı olaraq inkişaf edir.

Uzun illərdir ki, Azərbaycan və Bolqarıstan arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq mövcuddur. Məhz bu cür əlaqələrin davamı olaraq sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı biznes dairələrinin nümayəndələri ilə görüşmüşdür. Cənab Prezident qeyd etmişdir ki, Bolqarıstan ilə Azərbaycan arasında dostluq münasibətlərini nəzərə alaraq inanıram ki, bizim biznes cəmiyyətlərimiz üçün qarşılıqlı layihələrdə iştirak etməyin əsl zamanıdır.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 5-də qurulmuşdur.1999-cu ildə dekabr ayında Bolqarıstanın Azərbaycanda səfirliyi fəaliyyətə başlamışdır. 16 aprel 2004-cü ildə İlham Əliyev Bolqarıstanda Azərbaycan səfirliyinin açılması haqqında sərəncam imzalamışdır. Hətta bu ilin iyun ayında Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunmuşdur.
İki ölkə arasında əməkdaşlıq münasibətləri Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstan Prezidenti Jelyu Jelyevin dəvəti ilə həmin ölkəyə rəsmi səfərindən sonra daha da genişlənib. Heydər Əliyev və Jelyu Jelyev bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzalayıblar. Ümumilikdə isə həmin səfər zamanı iki dövlət arasında ticarət – iqtisadi və elmi – texniki əməkdaşlıq haqqında, iki dövlətin müvafiq əraziləri arasında və hədlərindən kənarda hava əlaqəsi haqqında, cinayət işləri üzrə hüquqi yardım haqqında, dostluq münasibətləri və əməkdaşlıq haqqında və digər saziş və müqavilələr imzalanıb.
Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji əməkdaşlıq səviyyəsinə şatdırılmasında və daha da inkişaf etdirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstan Respublikasına rəsmi səfəri böyük rol oynamışdır. Eləcə də 2017-ci ilin oktyabr ayında Bolqarıstan Respublikasının Prezidenti cənab Rumen Radevin və Bolqarıstan Respublikasının Baş Naziri Boyko Borisovun 15-16 yanvar 2018-ci tarixlərində Azərbaycan Respublikasına rəsmi səfərləri Azərbaycan-Bolqarıstan arasındakı strateji əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün əlverişli şərait yaratmışdır. Bu vaxta kimi iki ölkə arasında çoxlu sayda sənəd imzalanmış, bu sənədlər qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. Bu və bu kimi əlaqələrin davamlı olması üçün daha çox səylər göstəriləcək və iki ölkə arasındakı dostluq münasibətləri daha sıx mərhələyə qədəm qoyacaq.

Zərdab rayon Şıxbağı kənd tam orta məktəbinin müəllimi – İlahə Mustafayeva.