İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir

0
1777

İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir

Birinci Qarabağ müharibəsində öz torpaqlarının 20 %-ni itirən Azərbaycan 30 ildən sonra “Dəmir yumruq”,”İkinci Qarabağ müharibəsi” və ya “Vətən müharibəsi”  əməliyyatı ilə erməni işğalına son qoydu, Azərbaycan ordusu  nəyə qadir olduğunu dünyaya göstərdi. 27 Sentyabrda Qarabağ cəbhəsində Ermənilərin yeni bir atəşkəs pozması hadisəsindən sonra  Azərbaycan dövlətinin təhlükəsizlik bürokratiyasının başındakı isimlər Ali Baş Komandan tərəfindən təcili iclasa çağrılmış, müzakirələrdən sonra genişmiqyaslı hücum, yəni işğal altındakı torpaqların azad edilməsi üçün çoxdan gözlənən savaş əmri verilmişdir. Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi zəfərin müxtəlif yönləri üzərində çox durulacaq, yazılacaqdır. Atəşkəsin ardıcıl şəkildə pozulması,Tovuzda yaşanan hadisələr, general Polad Həşimovun şəhid edilməsi dövlət və millət olaraq  Azərbaycanın səbr kasasını daşırmış, sülh müzakirələrində heç bir halda konstruktiv mövqe sərgiləməyən Ermənistanın ancaq gücdən anlayacağı, müharibənin artıq qaçınılmaz olduğu açıq bir şəkildə ortaya çıxmışdır.Ermənistanın  döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Laçın Dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük magistral yol idi.

Azərbaycan əsgərlərinin ayaq səslərindən qorxuya düşərək müxtəlif ölkələrin dövlət  başçılarına zəng edib müharibəni dayandırmağı yalvaran ermənistan  baş naziri və onun ətrafı Azərbaycan ordusunun müzəffər yürüşünün qarşısını almaq gücündə deyildi.

Noyabrın 8-də, Bayraq günü ərəfəsində Azərbaycanın musiqi beşiyi, Qarabağın döyünən ürəyi Şuşanın işğaldan azad olunması müharibənin taleyini həll etdi və ordumuz strateji üstünlük qazandı. Vəziyyətin çıxılmaz olduğunu görən, döyüşdə xeyli əsgər itirən Ermənistan kapitulyasiya-təslim oldu. Şuşanın işğaldan azad olunduğu gün – 8 Noyabr respublikamızda Zəfər günü kimi qeyd edilərək əbədiləşdirildi. 44 gündə tarix yazan Azərbaycan Ordusu 28 il icrasını gözləyən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etdi, işğala son qoydu, ədalətin və beynəlxalq hüququn mövcudluğunu dünyaya bəyan etdi.

 

Zərdab Şəhər 1 saylı məktəb liseyin müəllimi – Çinarə Fərəcov