Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb

0
2230

2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb.

27 sentyabr 2020-ci il tarixində Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat törədərək, döyüş mövqelərimizi, yaşayış yerlərimizi atəşə tutdu. Bu təxribat Ermənistanın işğalı altında olan ərazilərimizdən həyata keçirilirdi. Düşmənin növbəti qanlı cinayətinə cavab olaraq, Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı əks-hücum əməliyyatının başlanmasına dair tarixi qərar qəbul olundu. 44 gün davam edən II Qarabağ müharibəsində şanlı Azərbaycan Ordusu bütövlükdə dövlətimizin, xalqımızın Zəfər qələbəsini qazandı !. Xalqımız 30 illik ağır işğalın intiqamını aldı. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli bir çox layihələrin inkişafı üçün yeni imkanlar yaratdı. Vətən müharibəsində qazandığımız tarixi qələbə ölkəmizin dünyadakı siyasi çəkisini daha da artırdı.

Nəqliyyat sahəsində əldə edəcəyimiz yeni Zəngəzur dəhlizi ölkəmizə böyük imkanlar qazandıracaq. Çinin dünyaya açılma siyasətinin beynəlxalq aləmin diqqət mərkəzində olması faktdır. Avropa ittifaqı da Çinlə iqtisadi əlaqələrə böyük əhəmiyyət verir. Çünki Çin hazırda dünyanın nəhəng ixracatçılarındandır və dünya bazarına ildə təxminən 2 trilyon 400 milyard dollar dəyərində məhsul çıxarır. Avropa ilə mal mübadiləsində yeni yollardan biri olan “Şərq-Qərb”nəqliyyat dəhlizinə böyük əhəmiyyət verilir. Hazırda dünya ölkələri müxtəlif maşrutlar əldə etmək üçün qızğın iqtisadi və siyasi mübarizə aparırlar. Nəhəng Xəzər Donanması və donanmanın tərkibində yük daşımaq üçün bərə gəmilərimizin olması ölkəmiz üçün çox əlverişlidir. Çünki, yüklər haradan keçərsə, o ölkə tranzit ərazi kimi milyardlarla dollar gəlir əldə edəcəkdir.

Azərbaycandan Naxçıvana dəmir yolu əlaqəsinin bərpası həm də “Şərq-Qərb”, “Şimal-Cənub” dəhlizləri ilə bağlı yeni şərait yaradır. Azərbaycan-Naxçıvan marşrutu mövcud Bakı-Tbilisi-Qars dəmir yolu marşrutundan 344 km qısadır və bu həm yük göndərən, həm də yük qəbul edən tərəflər üçün çox sərfəlidir.

Bəli, Azərbaycan “Şərq-Qərb”, “Şimal-Cənub” və “Şimal-Qərb” nəqliyyat dəhlizləri kimi regional bağlantıda mühüm mövqeyə malikdir. Ölkəmiz artıq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Dünyanın bir çox ölkələri bu reallığı qəbul edib. Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığa üstünlük verirlər.

 

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin müəllimi- Rüstəmova Aliya