Azərbaycanın təcrübəsi və inkişaf modeli təqdir edilir
Tarixi Zəfərimizin istər türk dünyasının birliyi, həmrəyliyi istiqamətində, istərsə də ümumilikdə dünyanın siyasətində yeniliklərə yol açdığı inkaredilməzdir. Azərbaycan hər zaman xarici siyasət kursunu bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında həyata keçirir. Atılan addımların mahiyyətində bu çağırışlar dayanır ki, əgər dünyada qarşılıqlı etimad, səmimi münasibətlər olsa birlik, həmrəylik, hər bir məsələnin ədalətli həlli mümkündür. Qlobal problemlərin həlli qlobal yanaşma tələb etdiyi bir zamanda səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması mütləqdir. Bu baxımdan dövlət başçısı İlham Əliyevin ən yüksək tribunalardan türk dünyasına ünvanladığı “Gücümüz birliyimizdədir!” çağırışı reallıqda öz təsdiqini tapmaqla yanaşı, perspektivlərin müəyyənləşdirilməsində, birgə qərarların qəbulunda, real təşəbbüslərin irəli sürülməsində əhəmiyyətli rol oynayır. Buna əmin olmaq üçün təkcə cari ildə dövlət başçısı İlham Əliyevin türkdilli dövlətlərə səfərlərinə, eyni zamanda, həmin ölkələrin başçılarının Azərbaycana səfərlərinə, bununla bərabər, Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində atılan addımlara diqqət yetirmək kifayətdir. Məlum olduğu kimi, dövlət başçısı İlham Əliyev bu ilin iyun ayında Özbəkistana dövlət səfəri etmişdi. Sentyabrın 15-də isə dövlət başçısı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammitində iştirak etmək üçün Səmərqəndə səfər edib. Bildiyimiz kimi, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının üzvü deyil, bu beynəlxalq qurumla dialoq tərəfdaşı statusuna sahibdir. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsindən, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, həmçinin təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsindən, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə olunması üçün birgə səylərin göstərilməsindən, yeni beynəlxalq siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir. Azərbaycanın ilk dəfə olaraq məhz Özbəkistanın sədrliyi dövründə fəxri qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Sammitinə dəvət olunması ölkəmizin, dövlət başçısı İlham Əliyevin beynəlxalq-siyasi nüfuzunun göstəricisidir. Təşkilatın məqsəd və məramı fonunda bu gün Azərbaycanın hər bir sahədə təcrübəsinin, inkişaf modelinin təqdir edilməsi ölkəmizin hədəflərə öz töhfələrini vermək imkanlarına aydınlıq gətirir.
Rasim Hüseynov- Rayon Ağsaqqallar Şurasının sədri