İlham Əliyevin tutarlı cavabı Sarkisyana tərs şillə effekti verdi

0
683

Öz ənənəsinə sadiq qalan Ermənistan prezidenti Serj Sarkisyan bütün tədbirlərdə olduğu kimi, MDB Dövlət Başçıları Şurasının sentyabrın 16-da Bişkekdə keçirilən iclasında da Azərbaycanla bağlı etdiyi qərəzli, təxribat xarakterli çıxışla əslində heç kəsi təəccübləndirmədi. Ermənistan prezidentinin boşboğazlığı, Azərbaycan haqqında heç bir məntiqə sığmayan, yalan, böhtan xarakterli çıxışlar etməsi və özünü biabırçı vəziyyətə salması, belə görünür, artıq onda vərdişə çevrilib. Serj Sarkisyan Bişkekdəki çıxışı ilə erməni tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında nəinki sülh istəmədiyini, hətta növbəti təxribatlar üçün əsas yaratmağa çalışdığını nümayiş etdirdi.

MDB Dövlət Başçıları Şurasının iclasında bu il aprelin əvvəlində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş hadisələrlə bağlı ölkəmizdən şikayət xarakterli yersiz çıxışı ilə Sarkisyan növbəti dəfə özünü biabır etdi.

Aprel döyüşlərinin Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərində ölkəmizə qarşı silahlı təxribatı nəticəsində baş verdiyini sanki “unudan” Sarkisyan həyasızcasına dedi ki, bu hadisələr hərbi itkilərə gətirib çıxarmaqla yanaşı, mülki vətəndaşların da həlak olması ilə nəticələnib və sülh prosesinə ciddi zərbə vurub.

Qeyd etdiyimiz kimi, Sarkisyan həm Ermənistandakı tədbirlərdə, həm də iştirak etdiyi beynəlxalq sammitlərdə, konfranslarda Azərbaycan haqqında cəfəngiyat dolu çıxışlar edir. Xüsusilə də erməni gənclərin, diaspor nümayəndələrinin qarşısında həmişə boşboğazlıq edən Ermənistan dövlətinin başçısı Bişkekdə bir məqamı nəzərə almamışdı: onun qarşısında nə beyni zəhərlənmiş erməni gəncləri, nə də xəyanətkar diaspor nümayəndələri var idi. Onun qarşısında həqiqəti çox gözəl bilən dövlət və hökumət başçıları, ən əsası isə Azərbaycan Prezidenti İlham Əliyev var idi. Yəqin o, çıxışların əlifba sırası ilə edildiyinə və Azərbaycan Prezidentinin artıq çıxışının başa çatmasına arxayın olub belə “cəsarətlənmişdi”.

Azərbaycan Prezidentinin Ermənistan dövlətinin başçısına şillə kimi dəyən sərt cavabı isə özünü çox gözlətmədi. Prezident İlham Əliyev əlifba sırası ilə çıxış etməli olan Belarus Prezidenti Aleksandr Lukaşenkodan ona danışmaq üçün imkan verməsini xahiş etdi və Ermənistan prezidentini yerinə oturtdu. Erməni tərəfinin bu yersiz şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirdiyini vurğulayan dövlətimizin başçısı Sarkisyanın qərəzli çıxışına tam əsaslı cavab verərək dedi: “Təsəvvür edirsinizmi, vəziyyət kifayət qədər paradoksaldır: Ermənistan suveren dövlətin ərazisini işğal edir, onun ərazi bütövlüyünü pozur, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalini qovur, bir milyon insanı qaçqın və məcburi köçkün vəziyyətinə salır, işğal edilmiş ərazilərdə hər şeyi, o cümlədən tarixi, dini, mədəni abidələrimizi, bütün infrastrukturu dağıdır, – bu, ATƏT-in iki missiyasının məruzələri ilə təsdiq edilib, – sonra isə 20 ildən artıq müddətdə danışıqlar prosesini imitasiya etməklə məşğul olur. Eyni zamanda, bu prosesin sonsuz olması üçün vaxtaşırı müxtəlif təxribatlara əl atır və onlardan biri məhz bu ilin aprelində oldu. Azərbaycanın dinc sakinlərinin beş yüzdən çox evi erməni ordusu tərəfindən artilleriya atəşinə məruz qaldı, yüzdən çox ev dağıdıldı, aralarında uşaqlar da olmaqla, təxminən on dinc vətəndaş qətlə yetirildi, həlak oldu”.

MDB Dövlət Başçıları Şurası iclasının Qırğızıstanın paytaxtında keçirilməsi guya Sarkisyana Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 1994-cü ildə imzalanmış Bişkek protokolunu yada salıb. Amma Sarkisyan çıxışına hazırlaşmamışdan əvvəl bu sənədə nəzər salsaydı, belə biabırçı vəziyyətə düşməzdi. Bu ilin aprelində atəşkəs rejiminin pozulduğunu deyən Sarkisyan sözünə “qüvvət” vermək üçün Bişkek sazişinin “müddətsiz” bağlandığını bildirdi. Amma protokolda açıq şəkildə yazılıb ki, “tez bir zamanda müvafiq razılaşmanın bağlanması yolu ilə icra hakimiyyəti rəhbərləri və nümayəndələrinin silahlı qarşıdurmanın dayandırılması və onun nəticələrinin aradan qaldırılması üzrə səylərini tam dəstəkləyirlər…”. Görəsən, Sarkisyan “tez bir zamanda” və “müddətsiz” ifadələri arasında fərqi görürmü? İyirmi ildən artıq bir müddət Ermənistana təcavüzkar siyasətdən imtina etməyə niyə bəs etmir?..

Bişkek protokolu Sarkisyan üçün belə vacib sənəddirsə, niyə məhz aprel döyüşlərində Azərbaycan Ordusundan sarsıdıcı cavab zərbəsi aldıqdan sonra bunu xatırlamaq qərarına gəlib. Görünür, zərbənin təsiri hələ keçməyib və keçməyəcək də. Amma bu sənəd yalnız atəşkəsin təmin edilməsi deyil, həm də işğal olunmuş torpaqların geri qaytarılması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi, məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılması, tez bir zamanda dayanıqlı sülhün əldə edilməsini nəzərdə tutur. Sarkisyan deyəndə ki 1994-cü il razılaşması qeyd-şərtsiz yerinə yetirilməlidir, görəsən sənəddəki digər məqamların üstündən niyə sükutla keçir?

Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tribunalarda dəfələrlə bildirdiyi həqiqətləri bir daha vurğulayaraq Sarkisyanın səfalət girdabına saldığı və səbri tükənmiş ermənilərin qəzəbini soyutmağa və havadarlarından imdad diləməyə ünvanlanmış bu mənasız çıxışını tutarlı dəlillərlə tamamilə alt-üst etdi: “Beynəlxalq təşkilatlar bu məsələnin necə tənzimlənməli olduğunu çox dəqiq anlayırlar. Ali beynəlxalq struktur var – BMT Təhlükəsizlik Şurası. Bu strukturdan yüksəyi yoxdur. Təhlükəsizlik Şurası 1990-cı illərin əvvəllərində dörd qətnamə qəbul edib. Həmin sənədlərdə erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılması tələb olunur. Bu qətnamələr yerinə yetirilmir. Ermənistan onlara məhəl qoymur və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədlərini süni şəkildə dəyişdirməklə, həmin ərazini qanunsuz məskunlaşdırmaqla yeni reallıqlar yaratmağa çalışır. Bu, tamamilə qanunsuzdur, cinayətdir və bu cinayət indiyə qədər davam edir”.

Beləliklə, çıxışına yalanla başlayan Ermənistan prezidenti siyasi cəhətdən bəsirətsizliyini göstərməkdə davam etdi. Sarkisyan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında siyasi yollarla həll edilməli olduğunu dedi. Yəni, həqiqətənmi ona aydın deyil ki, beynəlxalq norma və prinsiplər işğalçının tərəfində deyil və ola da bilməz? Dövlət və hökumət başçıları qarşısında səriştəsiz olduğunu açıq nümayiş etdirmək ona bu qədərmi lazım idi?

Prezident İlham Əliyev Sarkisyanın bu fikirlərinin məhz işğalçı Ermənistana aid olduğunu sərt şəkildə vurğulayaraq məsələnin həqiqi tərəflərini bir daha diqqətə çatdırdı: “Biz sülh prosesinə sadiqik. Biz konstruktiv işləyirik. Minsk qrupu mövcuddur. Amma erməni tərəfi bu formatdan yalnız danışıqlar prosesinin sonsuz olması üçün istifadə edir. Onlar sülh istəmirlər. Onlar bizim ərazilərimizi daim nəzarət altında saxlamaq və hər yerdə Azərbaycanı bunda ittiham etmək istəyirlər ki, guya biz nəyisə pozuruq. Biz zərər çəkmiş tərəfik. Biz heç kəsin ərazisini işğal etməmişik. Bizim ərazilərimiz, beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır”.

Beləliklə, Ermənistan prezidenti Azərbaycan Prezidentinin faktlara əsaslanan tutarlı cavabının qarşısında çıxılmaz vəziyyətə düşdü və təbii ki, susmaq məcburiyyətində qaldı. Bu sərt cavabın qarşısında nə isə danışmağın yersiz olduğunu anlayan Sarkisyan özünü gülünc vəziyyətə salsa da, yenə də ona xas olan həyasızlıqdan əl çəkməyərək “Yalana cavab verməyin sadəcə mənası yoxdur” deməklə Prezident İlham Əliyevin qarşısında məğlub, aciz vəziyyətə düşdüyünü açıq-aşkar nümayiş etdirdi. Onun Azərbaycanı günahlandırmaq üçün etdiyi cılız cəhd bu dəfə də uğursuzluqla nəticələndi.

Azərbaycan Prezidentinin “Mən yalana artıq cavab verdim” deməsi isə Ermənistan dövlətinin başçısına növbəti dəfə tərs şillə effekti verdi.

Xatırladaq ki, Ermənistan prezidentinin Azərbaycan dövlətinin qarşısında bu cür məğlub duruma düşməsi birinci dəfə deyil. Aprelin 24-də Praqada dövlət və hökumət başçılarının iştirakı ilə “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş Sammitdə Türkiyənin bu Zirvə toplantısında təmsil olunmamasından sui-istifadə edən Ermənistan prezidenti çıxışını bütünlükdə qondarma “erməni soyqırımı” ilə bağlı mülahizələrə həsr etmiş və qardaş ölkəni əsassız olaraq ittiham etmişdi. Dövlətimizin başçısı “bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam” deməklə Ermənistan prezidentinə tutarlı cavab vermişdi.(AzərTAc)

BIR CAVAB BURAXIN