Epilepsiya: qəfləti ölüm, intihara meyl nədən yaranır? – DİQQƏT

0
687

“Huşunu itirən şəxsə iynə batırılması, ağızın zorla açılması, kəskin qoxular iylətmək  yolverilməzdir”

 

 

“Epilepsiya mərkəzi sinir sisteminin xəstəliyidir. Dünyada insanların bir faizində bu problemə rast gəlinir. Bu problemə hər yaşda, yeni doğulan dövrdən başlayaraq çox yaşlı zamanlara qədər rast gəlmək mümkündür”.

 

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında nevroloq, uzman doktor Nailə Ələkbərova deyib.

 

Mütəxəssis epilepsiyanın səbəblərinin müxtəlif olduğunu açıqlayıb.  N. Ələkbərova bildirib ki, epilepsiya xəstələrinin təxminən 2/3-nin müalicəsi mümkündür: “Yəni epilepsiya tutmalarını dayandırmaq, sayını azaltmaq olur. Xəstələrin 1/3-də epilepsiya dərman müalicəsinə o qədər də müsbət cavab vermir. Yəni uzun illər müalicələr aparılsa da, epilepsiya tutmalarının sayı cüzi olaraq azalan xəstələr də var”.

 

 

Həkim vurğulayıb ki, epilepsiya xəyala dalmaq, gözə müxtəlif xəyalların, ən çox da nöqtə şəkilli parlaq işarələrin görünməsi, qulağa səslərin, buruna qoxunun gəlməsi, əl-ayaqlarda titrəmələr, huşu itirib yıxılmaq kimi dəyişik əlamətlərlə müşahidə edilir.

 

 

Onun sözlərinə görə, epilepsiya ilə bağlı bir çox əlamətlər çox zaman gözdən qaçırılır: “Amma epilepsiya deyəndə bir çoxları bir insanının huşunu itirib yerə yıxılması, ağzından köpük gəlməsi, qıc olmasını düşünürlər. Bunlar klassik yanaşmalardır. Huşun itirilməsi hələ epilepsiya demək deyil. Huşun itirilməsi ilə bağlı təcili yardıma müraciət edən təxminən 10 xəstədən 2-3-də epilepsiya olduğu məlum olur. Huşunu itməsi, özündən getmənin əksər allarda ürək-damar xəstəlikləri ilə bağlı olduğu aydın olur. Psixiatrik problemlərlə də bağlı huşun itirilməsi mümkündür”.

 

 

Mütəxəssis epileptik olmayan özündəngetmələrin daha çox olduğunu açıqlayıb.

 

Nevroloq deyib ki, sırf epileptik tutmalarla bağlı huş itirilməsi zamanı xəstədə rəngin avazıması, ağız ətrafının göyərməsi baş verir: “Belə hallarda əzələ sıxılması, qıc olması yaranır və insan özünə nəzarəti itirdiyi üçün hara gəldi yıxılırlar deyə xəsarətlər alırlar.

 

Epilepsiya ilə bağlı huş itirilməsində xəstələr gözlərini kip bağlamırlar. Nevroloq baxan kimi asanlıqla tutmanın hansı mənşəli olduğunu ayırd edə bilir. Bəzən isə bunu ayırd etmək çətin olur. Belə hallarda xəstəni uzun zaman izləyəndə tutmaların hansı problemdən qaynaqlandığı aydın olur”.

 

 

Epilepsiyanın səbəbləri barədə danışan nevroloq deyib ki, çətin doğuş anomaliyaları, irsiyyətlə bağlı, uşaqlıq dövründə ortaya çıxan epilepsiya növləri var ki, onlara çox asanlıqla, verdiyi əlamətlərə görə diaqnoz qoyub, müalicə etmək mümkündür.

 

Onun sözlərinə görə, genetik faktorla bağlı olan epilepsiyalar daha çox qohum evliliklərinin nəticəsində yaranır və çox erkən dönəmlərdə özünü göstərir: “Amma epilepsiyanın genetik növləri çox azdır və yaxşı ki, belədir. Yetkinlik yaşlarında ortaya çıxan epilepsiyalar isə daha çox hormonal dəyişikliklərə bağlı olur.

 

Orta yaşlarda epilepsiyanın rast gəlinmə sıxlığı azalır. Amma 50-55 yaşlarından sonra epilepsiya bir qədər sıx görülməyə başlayır. Bu isə həmin dövrdə beyin, qan-damar xəstəlikləri, eləcə də insult, beyin şişləri risklərinin artması kimi səbəblərlə bağlı ola bilər.

 

Epilepsiya belə xəstələrdə əlavə bir xəstəlik kimi başlaya bilər. Yəni epilepsiya təkcə nevroloji deyil, həm də nevroloji olmayan problemlərlə əlaqədar yaranır”.

 

N. Ələkbərova bildirib ki, şəkərli diabet, eləcə də mərkəzi sinir sisteminin travmaları epilepsiyaya səbəb ola bilər.

 

 

Mütəxəssis qeyd edib ki, çətin doğuşlar zamanı beyin travmaları nəticəsində yaranan qıcolmalar uşağın ilk aylarında ortaya çıxmağa başlayar.

 

Həkim bildirib ki, uşaqlarda yeni doğulan dövrdə epilepsiyanın əsas əlaməti üzdə, qaş hissəsində, başda, qollarda təkrarlanan atma hərəkətləri, ya da qolların yana doğru təkrar-təkrar açılması, titrəməsi ilə özünü büruzə verir: “Valideynlər belə hallarda uşaqların çox ağlağan olduğunu deyir, narahatlığı bu cür ifadə edirlər. Bundan başqa, bağça, məktəb yaşlı uşaqlarda xəyala dalmaq, uzun zaman gözü bir nöqtəyə zilləmək müşahidə edilir. Bunlar epilepsiya tutması, epilepsiyanın bir növüdür. Əgər epilepsiya yalnız bir nöqtədədirsə huş itirilməsi ola bilməz. Bütünlükdə beynə yayılıbsa, o zaman huş itə bilər”.

 

 

Nevroloq onu da deyib ki, uşaqlarda bir dəfə epilepsiya tutması baş veribsə, bununla bağlı dərhal müalicəyə başlanması doğru olmaz. Bununla bağlı dəqiq diaqnoz qoyulması lazımdır.

 

 

Epilepsiya əleyhinə olan dərmanların çox ciddi əlavə təsirlərinin olduğunu deyən N.Ələkbərova vurğulayıb ki, bu dərmanlar mərkəzi sinir, mədə-bağırsaq, çoxalma, qan yaratma, dayaq-hərəkət sistemlərinə, dəriyə əlavə təsirlərə malikdir. Ona görə də bu müalicələrə başlanmazdan əvvəl xəstələrin epilepsiya olub-olmadığını, həmçinin onun növünü dəqiqləşdirmək lazımdır.

 

Huşun itməsi, qıcolmalar yaranan hallarda həkimə qədər ilkin yardım barədə suala cavabında mütəxəssis deyib ki, xəstənin üzərində olan xəsarət yetirə biləcək əşyaları dərhal çıxarmaq, xəstəni böyrü  üstə çevirmək lazımdır: “Xəstəni ona görə bu vəziyyətə gətirmək lazımdır ki, tutma zamanı qusuntu yaranansa, nəfəs yollarına dolmasın. Bu kimi hallarda xəstəyə dərman vermək lazım deyil. Eləcə də huşunu itirən şəxsə iynə batırılması, ağızın zorla açılması, kəskin qoxular iylətmək olmaz, bu, yolverilməzdir. Həmin şəxsə rahatlıq vermək lazımdır”.

 

Həkim qeyd edib ki, epilepsiya xəstələrinin təhlükəli idman növləri ilə məşğul olması, məsələn, dənizdə üzməsi, motosiklet sürməsi və sairə yolverilməzdir.

 

Mütəxəssis epilepsiya xəstələrinə enerjili, spirtli, tərkibində kofein olan içkilər, tünd çay qəbul etməməyi də tövsiyə edib.

 

Nevroloq epilepsiya xəstələri arasında ölüm hallarına da çox rast gəlindiyini açıqlayıb: “Bunlar qəfləti ölümlər kimi də dəyərləndirilir. Xəstə bəzən yatağında ölü halda tapılır.

Hər hansı əlavə səbəb tapılmadığı hallarda bu, epilepsiya ilə bağlı qəfləti ölüm sayılır”.

 

Onun sözlərinə görə, epilepsiya xəstələri digər insanlardan fərqli olaraq daha çox intihara meylli olurlar. Bunun daha çox epilepsiyanın müalicəsində istifadə olunan dərmanların əlavə təsirləri ilə bağlı olduğu məlumdur.

BIR CAVAB BURAXIN