2016-cı ilin üç ayı ərzində əhaliyə 20,8 milyon manat məbləğində müavinət ödənilib. Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, bunun da 28,9 faizi hamiləliyə və doğuma görə, 23,1 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 14 faizi dəfn üçün, 34 faizi isə digər məqsədlər üçün ödənilən müavinətlərin payına düşür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına görə, 2016-cı il aprelin 1-i vəziyyətinə 353,8 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 14,4 min nəfər, əlilliyə görə – 142 min nəfər, ailə başçısını itirməyə görə – 41,7 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 66,6 min nəfər olub.
Şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının 9,7 min ailəsinə 18,3 min uşaq üçün aylıq müavinət verilib. Bundan əlavə, 5,9 min nəfər bir yaşadək uşağa görə 5,7 min ailəyə və beşdən çox uşağı olan 3,1 min qadına 9 min uşaq üçün sosial müavinət verilib.
2016-cı ilin üç ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 35887 nəfərə, o cümlədən 29509 uşağın doğulmasına görə, 3934 nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 1758 nəfərəpenitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 686 nəfərin dəfni üçün birdəfəlik müavinətlər verilib. Cari ilin aprelin 1-i vəziyyətinə əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 457 nəfər zərərçəkən kompensasiya alıb. Prezident təqaüdünü almış şəxslərin sayı 55,4 min nəfər olub.