“Ayı əməliyyatı”: Yaponiya kəşfiyyatının Stalini öldürmək cəhdi necə boşa çıxdı?

0
4826

Ötən əsrin 20-50-ci illərində Qərbin kəşfiyyat orqanları dəfələrlə adı gələndə ən yüksək səviyyəli dövlət xadimlərinin də özləri bilmədən ayağa qalxdıqları SSRİ-nin dövlət başçısı İosif Stalini aradan qaldırmaq üçün çoxsaylı sui-qəsd planlarını həyata keçirməyə cəhd etmişdilər. Stalini aradan qaldırmaq üçün hazırlanan belə planlardan biri də Yaponiya əks-kəşfiyyatı tərəfindən hazırlanmışdı. Yaponiya əks-kəşfiyyatı tərəfindən Stalinə qarşı sui-qəsd planının hazırlanmasında isə SSRİ-nin yüksək vəzifəli kəşfiyyatçılarından biri olan Henrix Lüşkov yaxından iştirak etmişdi. Amma bu barədə çox sonralar məlum oldu. Belə ki, SSRİ-nin dövlət təhlükəsizliyi orqanlarının mövcud olduğu bütün dövr ərzində bu təşkilatın əməkdaşlarının düşmən tərəfinə keçməsi ilə bağlı bir çox hallar var. Onlar haqqında Qərb mətbuatı böyük həvəslə danışırdı. Sovetlər İttifaqı isə onlar barədə susmağı daha məqsəduyğun hesab edərək, xəyanətkar haqqında həqiqəti ictimaiyyətdən gizlətməyə üstünlük verirdi. SSRİ tərəfindən sirr kimi saxlanan belə xəyanətkar və satqınlardan biri də biri Henrix Lüşkovdur. O uzun illər xüsusi xidmət orqanlarında çalışaraq üçüncü dərəcəli komissar vəzifəsinə qədər yüksəlmişdi. Amma tale elə gətirdi ki, repressiya dövründə həbs edilə biləcəyindən qorxan və SSRİ-yə olduqca sadiq olan bu çekist 1938-ci ildə o zaman düşmən hesab edilən Yaponiya tərəfinə keçməyə və xəyanətkar, satqın damğasını öz üzərinə götürməyə məcbur oldu.

Henrix Lüşkov 1900-cü ildə Odessada dərzi Samuel Lüşkovun ailəsində anadan olub və o, ailədəki qardaşların ən böyüyü idi. Oğlanlarının kommersiya fəaliyyəti ilə məşğul olmasını arzulayan ata onlara lazımi təhsil almağa kömək etdi. Lakin oğlanları onu məyus etdilər. Əvvəlcə böyük, sonra isə kiçik oğlu inqilabi hərəkatda fəal iştirak etməyə başladılar.

1917-ci ildə Lüşkov Rusiya Sosial-Demokratik İşçi Partiyasına (bolşeviklər) daxil oldu və həmin ildə Odessada Qırmızı Qvardiyada sıravi əskər kimi xidmət etməyə başladı.

Vətəndaş müharibəsi zamanı Henrix gizli şəkildə inqilabi fəaliyyətlə məşğul olduğu üçün həbs edildi və dəfələrlə işgəngələrə məruz qaldı. Onu güllələnmə cəzası gözləyirdi. Lakin Henrix həbsdən qaçaraq gizlənə və onu gözləyən ölümdən canını xilas edə bildi.

20 yaşında ikən Henrix Lüşkova böyük etimad göstərərək onu Tiraspol Fövqəladə komissiyasının sədr müavini vəzifəsinə təyin etdilər. Komissiyanın əsas vəzifəsi bolşeviklərə düşmən ünsürləri tapıb üzə çıxararaq onları həbs etmək idi. O, 30-cu illərə qədər daha bir neçə yerdə eyni vəzifədə işlədi. 1931-ci ildə Lüşkovu Ukrayna QPU-nun gizli-siyasi şöbəsinin rəhbəri vəzifəsinə irəli çəkdilər. Bu vəzifədə əks-inqilabçı elementlərin aşkar edilməsi üçün göstərdiyi çevik fəaliyyətə görə, Lüşkovu tezliklə ölkənin mərkəzi aparatında yeni vəzifəyə təyin etdilər. Burada çekist SSRİ Xalq Komissarları Sovetinin sədri Henrix Yaqoda ilə tanış oldu. Bu tanışlıq Lüşkovun daha yüksək vəzifələrə təyin edilməsində önəmli bir rol oynadı. Beləliklə Henrix Samuiloviç üçün karyerasının çiçəklənməsi dövrü başlamış oldu. Ona Kirovun öldürülməsinin araşdırılması tapşırıldı. Lüşkov həmçinin “Kreml işi”, “antisovet trotskist-zinovyevski Mərkəzi”nin işi üzrə keçirilən istintaqda iştirak etdi. Yüksək vəzifədə qazandığı uğurlara görə, iki dəfə ali mükafata layiq görüldü və o, “Qırmızı bayraq” və Lenin ordenləri ilə təltif edildi.

“Antisovet Mərkəzi” haqqında işdən az sonra Henrixi başqa vəzifəyə keçirdilər. Onu Ukraynanın Azov-Qara dəniz ölkəsi üzrə NKVD-nin rəisi vəzifəsinə təyin etdilər. Yeni vəzifədə Luşkov “xalqın düşmənləri” nin axtarışı və dindirilməsi ilə məşğul olmağa davam etdi. Xüsusi fəallığına, işə həddindən artıq can yandırmasına görə bu dəfə ona Matsusta kurortunda dincələn Stalinin mühafizəsini təşkil etməyi tapşırdılar. Henrix belə bir olduqca yüksək məsuliyyətli vəzifəni həyata keçirərkən Stalinin mühafizəsinin bütün güclü və zəif tərəflərini hərtərəfli öyrəndi. Həmin dövrdə o, hələ gələcəkdə bu öyrəndiklərinin ona lazım olacağını və bundan Stalinin aradan qaldırılması üçün istifadə etmək üçün Yaponiya əks-kəşfiyyatına kömək edəcəyini bilmirdi.

Çekist Yaponiyaya qaçır

1937-ci ildən başlayaraq bəxt tədricən Lüşkovdan üz döndərməyə başladı. Əvvəlcə ona havadarlıq edən Yaqodanı həbs etdilər. Bir az sonra isə Henrix Samuiloviçdən başqa, Yaqodaya yaxın olan əməkdaşların hamısını zindana atdılar.Onların çoxu isə güllələndi. Həmin vaxt o Uzaq Şərq xüsusi xidmət orqanlarında rəhbər vəzifədə işləyirdi. Amma həmin dövrdə hansısa səbəbdən, yeni rəis Nikolay Yejovun təşkil etdiyi repressiyalar Odessa dərzisinin oğluna toxunmadı. Buna baxmayaraq həbs edilmə təhlükəsi artmaqda idi. Lüşkov hiss edirdi ki, zindana atılma növbəsi dostlarının ardınca ona da çatacaq.

1938-ci ilin aprelində Lüşkovun ən yaxın dostu Leplevskini, bundan cəmi bir neçə gün sonra isə onun müavini M. A. Kaqanı həbs etdilər. 1938-ci il mayın iyirmi altıncı günü Henrix başa düşdü ki, onun həbs edilmə növbəsi gəldi. Belə ki, o Moskvadan NKVD-nin yenidən təşkil olunması nəzərdə tutulduğuna görə vəzifə səlahiyyətlərindən məhrum edilməsi barədə əmr aldı. Bununla yanaşı, yeni narkom Yejov ona zəng edərək həyəcanlı səslə bölgədəki vəziyyətlə maraqlandı. Bunun ardınca Lüşkova mərkəzi aparatda işləmək üçün paytaxta köçmək barədə fikir söyləməsi üçün teleqram göndərdilər.

Bütün bunlara paralel olaraq NKVD-nin Sakit okean donanması və sərhəd qoşunları arasında təmizləmə aparmaq məqsədi ilə Moskvadan iyun ayında Mehlis və Frinovski bölgəyə gəldi. Bunun ardınca tezliklə həbs ediləcəyini anlayan Lüşkov Mancuriya rayonundakı zastavanın yoxlanması bəhanəsi ilə 59-cu Sərhəd Dəstəsinin yerləşdiyi əraziyə gəldi və əlverişli məqam düşən kimi fürsətdən istifadə edərək sərhədi keçdi.

“Ayı əməliyyatı” və Stalinin öldürülməsi cəhdi…

14 iyun 1938-ci ildə yaponlara təslim olan keçmiş çekist onlara sərhədin müdafiə istehkamları, sərhədçilərin silahları və dislokasiyası haqqında bildiklərini, həmçinin Yaponiyada işləyən Sovet kəşfiyyatçılarının bütün təxəllüslərini açıqladı. Bundan başqa, Lüşkov Stalinin Mühafizəsi üzrə barədə məlumat verdi. Onun Stalinin mühafizəsinin güclü və zəif yerləri barədə dəqiq məlumatlar verməsi Yaponiya kəşfiyyatı tərəfindən SSRİ rəhbərinə qarşı sui-qəsdi nəzərdə tutan “Ayı əməliyyatı” planının hazırlanmasınə gətirib çıxardı. Təbi ki, Stalinə sui-qəsd planının hazırlanmasında Henrix Lüşkovun verdiyi olduqca dəqiq məlumatlar önəmli rol oynadı.

“Ayı əməliyyatı” adlandırılan Stalinə sui-qəsd planını yaponlar çox dəqiq hazırlaşırdılar: hətta Stalinin istirahət etdiyi Masesta tibb ocağının surəti də tikilmişdi, burada rəhbərə qarşı sui-qəsd nəzərdə tutulurdu. Henrix Lüşkov yapon kəşfiyyatına bildirmişdi ki, Stalin radon vannalarını qəbul edərkən uzun müddət otaqda tək qalır. Binanın içərisinə girərək mühafizə otağı ilə ayrılan hamama gedən yolla prosedur otağına daxil olmaq və Sovet liderinin aradan qaldırılması işini başa çatdırmaq mümkün idi. Qrupda əməliyyatı yerinə yetirmək üçün yalnız kamikadzelər yığılırdı. Çünki heç kim ümid etmirdi ki, Stalini öldürdükdən sonra onlar sağ geri qayıda bilərlər. Amma tezliklə təxribatçılar özləri qurbanlar vermişdilər. Belə ki, sui-qəsd planını həyata keçirmək üçün Türkiyə tərəfindən sərhədi keçmək istəyən Yaponiya kəşfiyyatçılarından 3 nəfəri SSRİ sərhədçiləri tərəfindən açılan atəşlə öldürüldülər. Sağ qalanlar isə sərhədi keçmək üçün ikinci cəhddən imtina edərək Türkiyədə gizlənməyə məcbur oldular. Bununla da Yaponiyanın Stalinə sui-qəsdi nəzərdə tutan “Ayı əməliyyatı” planı iflasa uğramış oldu…

Lüşkov müəmmalı şəkildə yoxa çıxır

Stalinə qarşı baş tutmayan sui-qəsd əməliyyatından sonra Lüşkovu Tokioya dəvət edərək Baş Qərargahın gizli şöbəsində baş məsləhətçi vəzifəsinə təyin etdilər. Lüşkov KQB-nin qisasından qorxaraq qapalı şəkildə yaşayırdı və nadir hallarda, yalnız ehtiyacı olanda küçəyə çıxırdı, O, Sovet mətbuatını oxumağa, ətraflı analitik hesabatlar hazırlamağa, bəzən qəzetlərə qısa qeydlər yazmağa üstünlük verirdi.

Henrix Lüşkovun sakit həyatının sonu 1945-ci ilin yayında, avqustun 9-da SSRİ-nin Yaponiyaya müharibə elan etməsindən sonra gəldi. Bu andan onun taleyi haqqında demək olar ki, heç nə məlum deyil. Bir versiyaya görə, yaponlar özləri haqqında çox sirr bildiyi üçün onu aradan götürüblər. Digər məlumatlara görə, Henrix Lüşkov qaçmağa macal tapıb. Guya onu Dayren vağzalında görmüşdülər. Bütün hallarda Lüşkovun taleyindən, onun başına nələr gəldiyindən bu günə kimi məlumat yoxdur. Onun həm Yaponiya, həm də SSRİ kəşfiyyatı tərəfindən öldürülə biləcəyi, eyni zamanda başqa adlar altında gizlənərək yaşaması də istisna edilmir…

Əziz Mustafa

Oxuməni.az