Ermənistan “İsgəndər-M” raketlərini və “Smerç”ləri ilk dəfə nümayiş etdirdi

0
719

İrəvanda Ermənistanın formal müstəqilliyini elan etməsinin 25 illiyi münasibətilə keçiriləcək hərbi paradın baş məşqi olub. Məşqdə Ermənistanın Rusiyadan aldığı bəzi silahlar ilk dəfə nümayiş etdirilib. Bunların arasında “İsgəndər-M” operativ-taktiki raketləri, “Smerç” reaktiv yaylım atəşi sistemləri və “İnfauna” radioelektron mübarizə sistemi yer alır.

Rusiyanın “Vestnik Mordoviya” saytı da İrəvanda nümayiş etdirilən texnikanın arasında “İsgəndər-M” komplekslərini və “Smerç” raketlərini xüsusi qeyd edib. Sayt bildirir ki, “İsgəndər-M” kompleksləri indiyə qədər ancaq Rusiya ordusunda mövcud idi və bu raketlər ixrac edilmirdi. Ermənistan isə Rusiyadan sonra həmin raketlərə malik olan ikinci ölkədir.

Kadrlara əsasən İrəvan küçələrində 3 “İsgəndər-M” kompleksi qeydə alınıb. Onların üzəri maskalansa da hərbi mütəxəssislər üçün “İsgəndər-M” raketlərini daşıyan 4 oxlu şassini tanımaq çətin deyildi.

“İsgəndər-M” operativ-taktiki raketi 400 kilometr məsafə qət edir və müxtəlif tipli döyüş başlıqları ilə təchiz olunur. Bu raketin özəlliyi onun ziqzaqvari hərəkət trayektoriyasına malik olması və nəticədə radarlara yaxalanmasının minimum olması, eyni zamanda raketdən müdafiə sistemi ilə vurmağın çətinliyidir.

Rusiyanın Ermənistana “İsgəndər-M” raketləri verdiyi haqda xəbərlər hələ iki il əvvəl yayılmışdı və bu ölkənin Müdafiə Nazirliyi məlumatları təkzib etmirdi. İndi isə belə görünür ki, Ermənistan həmin raketləri nümayiş etdirməyi qərara alıb. “Smerç” reaktiv yaylım atəşi sistemləri isə Rusiyanın Ermənistana ayırdığı 200 milyon dollarlıq güzəştli silah krediti hesabına əldə edilib.

Azərbaycan da aprel döyüşlərindən sonra silahlı qüvvələrini bir sıra yeni silah və hərbi texnika növləri ilə təchiz edib. Lakin həmin silahların nədən ibarət olduğu açıqlanmır.

Virtualaz.org

BIR CAVAB BURAXIN