NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİSİNİN SİQNALI VERİLDİ! – “Şərait də, şərtlər də uyğundur”

0
640

Bu gün ölkədə əsas müzakirə mövzularından biri də sözsüz ki, sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan Konstitusiyaya təklif olunan dəyişikliklərlə bağlı referendumdur. Cəmiyyətdə Konstitusiyanın bu dəyişikliklərə münasibət birmənalı olmasa da, referendumun ölkənin siyasi idarəçiliyində bir sıra ciddi yeniliklərə səbəb olacağı şübhə doğurmur.

Bunlardan ən mühümü təbii ki, prezidentlik müddətinin 7 ilə qaldırılması və idarəçilikdə birinci vitse-prezident və vitse-prezident kimi yeni inistitutların yaradılmasıdır. Bu dəyişikliklər əslində özündə siyasi hakimiyyətin yenidən qurulmasını ehtiva edir. Daha dəqiqi hakimiyyətin qolları arasındakı bölgüdə həm prezidentin mövqeyini gücləndirir, həm də icra hakimiyyətinin nisbətən təkmilləşməsinə və təmərküzləşməsinə şərait yaradır. Təbii ki, bunda referendumdan sonra hansı addımların atılacağının, idarəetmədə aparılacaq islahtların da rolu böyük olacaq.

Bu islahatların nələr olacağı ilə bağlı indidən fikir yürütmək çətin olsa da, siyasi ekspertlərin əksəriyyəti dəyişiklərin Azərbaycanda yeni prezident seçkilərini zəruri etdiyi mövqeyindədir. Ən azı ona görə ki, Konstitusiyaya təklif olunan dəyişikliklərdə keçid müddəaları əksini tapmayıb. Yəni, layihəyə referendumdan sonra dəyişəcək Konstitusiyanın müddalarının indiki prezidentə də şamil olunduğu haqda hər hansı bir bənd salınmayıb. Bu da referendumdan sonra yeniləşən Konstitusiyanın prezidentə verdiyi səlahiyətlərin indiki dövlət başçısı tərəfindən icra edilə bilməsini mübahisəli edir. Bu səlahiyyətlərin yalnız referendumdan sonra seçiləcək prezident tərəfindən icra edilə biləcəyi irəli sürülür.

Bu baxımdan İlham Əliyevin Konstitusiyaya dəyişikliklərdən sonra prezidentə verilən səlahiyyətlərdən tam istifadə edə bilməsi üçün növbədənkənar prezident seçkisinə getməsi zəruri sayılır.
QudretHakimiyyətə yaxınlığı ilə tanınan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev“Yeni Müsavat”a bunu belə izah edib: “Konstitusiya qüvvəyə mindikdən sonra prezidentin birinci vitse-prezident və vitse-prezident təyin etməsi məcburidir. Prezident bunu eləməlidir (bəzi ekspertlər hətta bu təyinatları da yalnız referendumdan sonra seçilən prezidentin verə biləcəyi qənaətindədir- müəl.). Lakin konstitusiya dəyişikliyindən sonra prezident dərhal 7 illik səlahiyyət müddəti əldə etmir. Ona görə ki, prezident 2013-cü ildə Azərbaycan xalqı tərəfindən beş illiyə mandat alıb. Bu mandatın müddəti 2018-ci il prezident seçkilərinə qədərdir. Növbəti prezident seçkilərindən sonra prezidentlik müddəti 7 il olacaq. Lakin referendumdan sonra prezidentin səlahiyyəti olacaq ki, növbədənkənar prezident seçkisi təyin eləsin. Prezident bu səlahiyyətdən istifadə edə də bilər, etməyə də”.

Qüdrət Həsənquliyev dəqiq məlumatı olmadığını bildirsə də, növbədənkənar prezident seçkilərinin keçiriləcəyini düşündüyünü bildirib: “Mənim qiymətləndirməmə görə, növbədənkənar prezident seçkilərinin keçirilməsi ehtimalı böyükdür, nəinki 2018-ci ili gözləmək. Hesab edirəm ki, həm Azərbaycandakı, həm də beynəlxalq baxımdan şərait buna imkan verir. Şərtlər uyğundur”.

Qeyd edək ki, hakimiyyətin mətbəxinə kifayət qədər yaxın olan Həsənquliyevin bu ehtimalı, fikirmizcə, konkret məlumatlara əsaslanır. Elə hökumətə yaxın mənbələrdən“AzPolitika.info” ya daxil olan məlumatlar da bunu təsdiqləyir.
Belə ki, məlumata görə referendumda Konstitusiyaya təklif olunan dəyişikliklər təsdiqlənərsə (buna əslində heç kim şübhə etmir), qısa müddətdən sonra Azərbaycanda növbədənkənar prezident seçkisi elan ediləcək. Prezident seçkisinin bu ilin sonuna qədər keçiriləcəyi də verilən məlumatlar sırasındadır.

Qeyd edək ki, Həsənquliyevin sözləri ilə desək həm şərait, həm də zaman buna imkan verir. Belə ki, qanunla MSK referendumun yekun nəticələrini 10 gün müddətində elan etməlidir. Yekun nəticələr də 10 gün müddətində Konstitusiya Məhkəməsində təsdiqlənməlidir. Yəni, ən geci oktyabrın 16-a qədər referendumla bağlı bütün hüquqi prosedurlar yekunlaşır və yeniləşmiş konstitusiya qüvvəyə minir.
Qanunvericiliyə görə, seçkilərin səsvermə gününə 60 gün qalmış elan edilməsinin mümkünlünü nəzərə alsaq, ilin sonuna qədər növbədənkənar prezident seçkisi elan edilməsində hər hansı problem olmadığı ortaya çıxar.
Məlumatlara görə də, Konstitusiya Məhkəməsi nəticələri təsdiqlədikdən dərhal sonra bu qərar elan olunacaq. Qüdrət Həsənquliyevin açıqlamasını da bunun ilkin siqnalı kimi qəbul etmək olar.

Rasim
AzPolitika.info

BIR CAVAB BURAXIN