Türkiyə jurnalının xüsusi buraxılışı Yaqub Mahmudova həsr olunub

0
550

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə fəaliyyət göstərən Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyində olub.

Arazinfo.com-a Tarix İnstitutundan verilən məlumata görə, görüş Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunub.

Görüşdə Yaqub Mahmudov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü və himayəsi altında Tarix İnstitutu beynəlxalq soyqırımı konfransları keçirib: “İnstitutda Azərbaycan xalqına qarşı soyqırımları tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Biz Bakıda, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, İrəvan quberniyasında, Naxçıvanda, Şərqi Anadoluda və Urmiya bölgəsində erməni-daşnak quldurlarının törətdiyi soyqırımlarıyla bağlı ayrı-ayrılıqda monoqrafiyalar çap etdirmişik. Xocalı faciəsi 1918-ci il mart soyqırımının davamıdır. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan britaniyalı jurnalist Tomas De Vaala müsahibəsində Xocalı soyqırımının təşkilatçılarından olduğunu özü etiraf edib”.

“Türk dünyasının görkəmli tarixi şəxsiyyətləri, o cümlədən Əmir Teymurla İldırım Bəyazid, Uzun Həsənlə Fateh Sultan Mehmet, Şah İsmayılla Sultan Səlim, Şah Təhmasiblə Sultan Süleyman qarşı-qarşıya qoyulmamalıdır. Bu qarşıdurmada Qərb diplomatiyasının mühüm rolu olub. Biz tarixi reallığı nəzərə alaraq şəxsiyyətlərimizə sahib çıxmalıyıq”, – deyə akademik qeyd edib.

Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinin sədri Əhməd Baba deyib ki, dərnək Tarix İnstitutu ilə sıx əməkdaşlıq edir. İnstitutun elmi dəstəyi ilə Ankara şəhərində Xocalı soyqırımı parkı və abidə kompleksinin tikintisinə başlanıb. Bu kompleks Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyi ilə Ankaradakı Yıldırım Bəyazid Universiteti arasında imzalanan anlaşmaya əsasən universitet ərazisində fəaliyyət göstərəcək.

Görüşdə bildirilib ki, Tarix İnstitutu erməni təcavüzkarlarının işğalçılıq siyasətinə qarşı müxtəlif dillərdə “Qarabağ: real tarix, faktlar, sənədlər”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı”, “Real tarix və “Böyük Ermənistan” uydurması” və digər kitabları nəşr etdirib.

Tədbirdə, həmçinin Türkiyənin impakt faktorlu jurnalı olan “Akademik Tarix və Düşüncə” dərgisinin Yaqub Mahmudovun 80 illik yubileyinə həsr olunan xüsusi buraxılışının təqdimatı da keçirilib. Xüsusi buraxılışa Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Rusiya, Albaniya və başqa ölkələrdən olan görkəmli alimlərin Yaqub Mahmudov haqqında məqalələri və xatirələri daxil edilib. Dərgi Türkiyənin Qazi Universitetinin Təhsil Elmləri İnstitutunun direktoru, professor Selma Yelin “Əli bəy Hüseynzadənin izində professor Yaqub Mahmudov” adlı irihəcmli məqaləsi ilə başlayır. Jurnalda, həmçinin “Türk dünyası tarixçilərinin ağsaqqalı”, “Türk dünyasının yenidən inşası və Yaqub Mahmudovun çağırışları”, “Türk dünyasının yaşayan ulu çinarlarından: Yaqub müəllim”, “Yaqub Mahmudov – türk dünyası tarix elminin korifeyi”, “Yaqub Mahmudov – Azərbaycanın böyük tarixçisi” və digər yazılar da yer alıb.

Sonda Yaqub Mahmudov Tarixdaş Millətlər və Cəmiyyətlər Dərnəyinə, Qazi Universitetinə və Ankara Universitetinə Tarix İnstitutunun nəşrlərini təqdim edib.

Arazinfo.com