- Yazı
Azərbaycan Türk mütəfəkkiri Firidun bəy Köçərlinin (1863-1920) Azərbaycan türklərinin mədəniyyət tarixində əsas xidməti, ilk növbədə Türk ədəbiyyatı ilə yanaşı, Türk fəlsəfə tarixinin də formalaşmasına təkan verməsidir. Ona görə də, bizcə, “Azərbaycan türklərinin ədəbiyyatı” kitabında qədim dövrdən XX əsrə qədər yaşamış Azərbaycan Türk mütəfəkkirlərinin yalnız ədəbi-bədii deyil, fəlsəfi irsi də öz əksini tapmışdır. Hər halda, Köçərli ilk dəfə olaraq daha müfəssəl və elmi şəkildə Azərbaycan Türk mütəfəkkirlərinin ədəbi-bədii və ictimai-fəlsəfi yaradıcılıqlarını bir kitabda ortaya qoya bilmişdir. Doğrudur, Köçərliyə qədər də buna oxşar hal təzkirələr, çünglər və müntəxabatlar şəklində olmuşdur. Məsələn, təzkirəçilərdən fars dilində yazan Əhməd Razi, Lütfəli bəy Azər Bəydili, Mirzə Tahir Nəsrabadi və başqaları olduğu kimi, Türk dilində yazıb yaradan isə S.Ə.Şirvani, M.M.Nəvvab, Məhəmməd ağa Müctehidzadə, Həsənlixan Qaradaği və başqaları olmuşlar. Ancaq təzkirələr nə ədəbiyyat tarixi, nə də fəlsəfə tarixi kitabına uyğun deyildi: “Təzkirələrdə müəlliflər haqqındakı çox qısa məlumatlar faktik materiallar əsasında yazılıb bioqrafik və biblioqrafik səciyyə daşıyırdı. Çox vaxt təzkirəçi bu və ya başqa yazıçının adını, təxəllüsünü, doğum və ölüm tarixlərini, yerini və onun bəzi əsərlərinin adını göstərməklə kifayətlənirdi. Bundan sonra şairin əsərlərindən bir-iki nümunə verməklə təzkirə müəllifi öz işini bitmiş hesab edirdi”.
Bizcə, təzkirələr kimi poetik müntəxabatlar da (Mirzə Yusif Qarabağinin “Məcmueyi-Vaqif və müasirini-digər”, Adolf Berjenin “Qafqaz və Azərbaycanda məşhur olan şüəaranın əşarına məcmuədir”, “Hüseyin Əfəndi Qaibovun “Azərbaycanda məşhur olan əşarına məcmuədir” və b.) milli ədəbiyyat tarixi, xüsusilə də ictimai-fəlsəfi fikri tarixi baxımından özünü doğrultmamışdır. Çünki bu müntəxabatlarda da əsasən son dövr şairlərin əsərlərindən nümunələr verilib ki, bu da yalnız fəlsəfi fikir tarixi baxımından deyil, bütöv Azərbaycan Türk ədəbiyyat tarixinin ortaya qoyulması anlamında da naqis qalırdı.
Bu cür təzkirələr və poetik müntəxabatlardan əlavə bir də diqqəti çəkən A.A. Bakıxanovun “Gülüstani-İrəm” adlı tarixi əsəridir. Hər halda Bakıxanov həmin əsərinin sonunda az da olsa, Azərbaycan Türk ədəbiyyatı tarixinin, o cümlədən ictimai-fəlsəfi fikir tarixinin icmalını verməyə çalışmışdır. Məsələn, o, bu əsərində Baba Kuhi Bakuyi, Məhsəti Gəncəli, Nizami Gəncəli, Əbülüla Gəncəli, Xaqani Şirvani, Fələki Şirvani, İzəddin Şirvani, Mücirəddin Beyləqani, Seyid Zülfüqar Şirvani, Seyid Yəhya Bakuyi, Yusif Müskürü, Bədr Şirvani, Əbdürrəşid Bakuyi, Müsahib Gəncəvi, Hacı Zeynəlabdin Şirvani və başqalarının yaradıcılığı (o cümlədən, özünün də) haqqında ictimai-fəlsəfi fikri tarixi baxımından az-çox qiymətli məlumatlar vermişdir.
Köçərli isə hələ, 1895-ci ildə rus dilində qələmə aldığı “Tatar komediyaları” silsilə məqalələrində Azərbaycan Türk mütəfəkkirlərinin yaradıcılığına müraciət etmişdir. Bunun davamaı olaraq da, Azərbaycan Türk tarixində ilk dəfə, Köçərlinin müəllifliyi ilə 1903-cü rus dilində “Literatura azerbaydjanskix tatar”, 1907-ci ildə isə Türk dilində “Azərbaycan türklərinin ədəbiyyatı” kitabı nəşr olunub. Qeyd edək ki, Köçərli öz kitabını istər rus dilində, istər Türk dilində olsun “Azərbaycan türklərinin ədəbiyyatı” adlandırdığı halda, Sovet Rusiyasının işğalı dövründə türklüyə qarşı aparılan repressiyadan sonra, kitabın adı dəyişdirilib “Azərbaycan ədəbiyyatı tarixi materialalrı” ya da “Azərbaycan ədəbiyyatı” adlandırılmışdır. Çox yazıqlar olsun ki, bu “müstəmləkəçilik ənənəsi” Quzey Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra (1991) da davam etdirlməkdədir. Belə ki, müstəqillik dövründə də kitab özünü əsil adı (“Azərbaycan türklərinin ədəbiyyatı”) ilə deyil, Sovet Rusiyasının türklüyə qarşı başladığı repressiyadan sonra verilmiş saxta adıyla (“Azərbaycan ədəbiyyatı”) nəşr olunmuşdur. Hətta, bu yetməzmiş kimi, üstəlik saxtakarlığa haqq qazandıranlar Köçərlinin müstəqillik dövründə nəşr olunmuş həmin əsərinin “Firidun bəy Köçərli və onun “Azərbaycan ədəbiyyatı” əsəri” adlı girişində açıqca yazırlar ki, kitabda “Türk” sözü “Azərbaycan” sözü ilə əvəz olunmuşdur: “Bu müqəddimədə Köçərlidən gətirilən misallarda və kitabın hər iki cildinin mətnində “Türk” sözü “Azərbaycan” (məs., “türk ədəbiyyatı” – “Azərbaycan ədəbiyyatı”) və “azərbaycanlı” mənasında işlənmişdir”. Bir sözlə, müstəqillik dövründə də Köçərlinin həmin kitabın yalnız əsil adının deyil, eyni zamanda Azərbaycan türklərinin dilinin (Türk dili) və xalqının (Azərbaycan türkləri) adının dəyişdirilməsi görməzdən gəlinir və üstəlik, heç bir əsas olmadan, bütün bunlara haqq qazandırılmağa çalışılır.
Bütün bunlarla yanaşı hesab edirik ki, Köçərlinin “Azərbaycan türklərinin ədəbiyyatı” kitabı bir çox məziyyətlərinə görə, yalnız milli ədəbiyyat tarixi deyil, milli fəlsəfi fikir tarixi baxımından da akademik üsluba çox yaxın tərzdə yazılmış ilk əsərdir. Köçərli özü də həmin əsərinin girişində yazır ki, bu kitab özündən əvvəlki təzkirələr (xüsusilə də Lütfəli bəy Azərin “Atəşkədə”sindən) və poetik müntəxabatlardan bir çox çəhətlərinə görə fərqlənir. O, yazırdı: “Belə ki, mərhum Azəri “Atəşkədə”sində hər bir şairin tercümeyi-halına dair müxtəsər əhval yazıb, əsərlərindən azacıq və bir-birinə münasibəti olmayan nümunələr göstərir. Amma biz mümkün olduğu qədərdə məşhur şüəra və üdəbamızın həm tərcümeyi-hallarına və həm asari-qələmiyyələrinə dair ətraflı məlumat vermişik, məzkur əsərlərin haqqında öz rəy və təssüratımızı yazıb, tövsif və ya tənqidə layiq olan məqam və nüktələri şərh və bəyan etmişik. Hər bir şairin məsləkini, üslubi-kəmalını və öz əsr və zəmanəsinin təqazasınca və növ əsərlər gətirdiyini və onların camaatımıza hüsni-təsirini, xeyir və ya zərrərini bəqədri-qüvvə açıb göstərmişik”.
“Bunda milli və sevgili şairlərimizin, əziz və möhtərəm ədiblərimizin tərcümeyi-halları və bərgüzidə əsərləri zikr olunubdur” deyən, Köçərlinin bu fikirləri də göstərir ki, “Azərbaycan türklərinin ədəbiyyatı”nı yalnız ədəbiyyat tarixi əsəri kimi görmək doğru deyildir. Əslində onun şair və ədib adlandırdıqlarının bir çoxunun irsi (N.Gəncəli, Füzuli, Nəsimi, M.F.Axundov, A.A.Bakıxanov və b.), bəzən birbaşa, bəzən də dolayısıyla da olsa, ictimai-fəlsəfi fikir tariximizə aiddirlər. Bu anlamda Köçərlinin əsərinin girişində “milli ədəbiyyatın” əhəmiyyətindən bəhs etdiyi zaman tanınmış şəxsiyyətlərimizi “şairi-qabil”lə yanaşı, “ədibi-fazil” adlandırması təsadüfi olmamışdır. Bizcə, onun “ədibi-fazil” dediyi şəxsiyyətlər ilk növbədə, ictimai-fəlsəfi fikir tariximizlə bağlıdır. O, yazırdı: “Ərbabi-daniş və və kamala məlumdur ki, hər bir millətin şən və əzəmətinə, tərəqqi və səadətinə bais olan səbəblərdən biri də onun ədəbiyyatıdır. Ədəbiyyat millətin aineyi-həqiqətnümasıdır ki, onun maddi və mənəvi tərəqqisini və istiqbalı üçün nicat və səadət yollarını eynilə göstərir. Ədibi-fazil və şairi-qabil millətin maarif xadimləridir. Milləti haqq və səvaba irşad edən, şöhrət və hörmətə yetirən onlardır. Öz asar və əşarı ilə onlar millətin cisminə şəfa, ruhuna səfa, fikrinə cəla, ağlına və tamami mənəvi və ruhani qüvvələrinə balü pər verib uca məqama qaldırırlar”.
Qərb xalqlarının (ingilis, ransız, alman, rus və b.) milli ədəbiyyat sayəsində inkişaf etdiklərinə inanan Köçərli, sadəcə, yaşadığı dövrünün təsiri altında şair və ədib adlandırdıqları mütəfəkkirlərinin bütün irsini “ədəbiyyat” kimi qələmə vermiş, onları “Azərbaycan türklərinin ədəbiyyatı” çatısı altında toplamışdır. Ancaq o, özü də çox yaxşı bilirdi ki, “ədəbiyyat” deyilən anlayış birmənalı deyil, yəni o, ancaq nəğmə, məsəl, tapmaca, yanıltmac, bayatı kimi yozulmamalıdır. Köçərli yazırdı: “Ədəbiyyat iki qisimdir: bir qismi ağızda söylənən nağıl, hekayətlərdən, cürbəcür milli nəğmələrdən, aşıq sözlərindən, məsəllərdən, tapmacalardan, yanıltmaclardan, ağıçı sözlərindən, bayatılardan ibarətdir. Bu qisim ədəbiyyata ədəbiyyati-lisani və ya əfvahi və yaxud el ədəbiyyatı deyilir. İkinci qisim ədəbiyyat üdəba və şüəranın, üləma və hükəmanın asari-qələmiyyələrindən vücuda gələn təhrirat və təsnifatdan ibarətdir ki, bunlar xah nəsr ilə yazılmış olsun, xah nəzm ilə, xah elm və fünuna dair olsun və xah əxlaq və ətvardan, şeir və qəzəliyyatdan bəh eləsin. Hər iki qisim ədəbiyyatın bünövrəsi və təkyəgahı sözdür ki, qüdrəti-ilahi ilə insanın ağzında zəlq olunubdur və onun vasitəsi ilə insanın batini aləmi məlum və zahir olur, dəqayiqi-məani onunla bir-birindən təmyiz qılınır və bundan əlavə yer üzündə insanın sair məxluqat ilə mabeynində vüqua gələn müamilatı və rəftarı və mədarisi şərh və bəyan eyləyən sözdür. Söz olmasaydı, əlbəttə, ədəbiyyat dəxi olmazdı. Bu curətdə insan ilə heyvanın arasında artıq bir fərq də qalmazdı və hal-hazırda müşahidə olunan tərəqqi və təməddündən dəxi bir əsər görünməzdi”.
Köçərliyə görə, hər iki ədəbiyyatın mövcudluğu ilk növbədə, dilin inkişafı ilə bağlıdır ki, bu da hər tayfaya ya da millətə qismət olmayıb, çünki bir çox tayfalar yaradılışdan mayalarında istedad və qabiliyyət olmadığı üçün dilini zənginləşdirəməmiş, Daş əsrindən çox da uzağa gedə bilməmişlər. Ancaq bir çox qövm və millətlər olublar ki, onlar dilini inkişaf etdirməklə müəyyən uğurlar qazanmışlar. Onun fikrincə, dilini inkişaf etdirən qövm və millətlərin özü də iki qisimə bölünürlər: 1) ancaq el ədəbiyyatına (şifahi ədəbiyyata) sahib olanlar, 2) el-şifahi ədəbiyyatı ilə yanaşı qələm-yazılı ədəbiyyata sahib olanlar. Köçərliyə görə, el ədəbiyyatı xalqa məxsus olub ağızdan-ağıza varisliklə ötürüldüyü halda, yazı-qələm ədəbiyyatı bir fərdin beyninin məhsulu olub, burada milliyyət nişanəsi və rayihəsi daha güclüdür. O, yazırdı: “Bunda (qələm ədəbiyyatında F.Ə.) hər bir nağıl və hekayənin məxsusi katibi və münşisi və hər bir təsnifin öz müsənnifi və hər bir şer və qəzəlin müəyyən şairi vardır. Əlbəttə, bu qisim əsərlərdə milliyyət nişanəsi və milliyyət rayihəsi çəndan müşahidə olunmaz. Vəli bir müsənnif və şair nə qədər öz millətinı yavuq olsa, onun adət və xüsusiyyətləri üzrə nəvü nüma tapsa, milliyyət qanı onun damarlarında nə qədər artıq cərəyan etsə, bir o qədər onun əsərlərində dəxi milliyyət qoxusu və milliyyət nişanəsi artıq görünəcəkdir. Şairi-kamil və ədibi-fazil həqiqətdə ol ədib və şairdir ki, öz millətinin dili ilə danışa, ürəyi ilə, hissi və ağlı ilə fikir edə”.
Bununla da, Köçərliyə görə, Zqafqaziyanın şərq və cənubunda (Dərbənd, Borçalı, Naxçıvan, Gəncə, Bakı, İrəvan, Şəki, Şirvan, Qarabağ, Qazax, Lənkaran və b.), Qacarlar dövlətinin isə şimalında yaşayan (Təbriz, Həmədan, Zəncan, Xoy, Maku, Ərdəbil, Urmiya, Miyanə, Səlmas və b.) Azərbaycan türklərinin də özünəməxsus ədəbiyyatı və dili (bir qədər fərqli şivələrdə danışslar da) vardır. Başqa sözlə, onun fikrincə, Azərbaycan türklərinin bugünkü dili qədim türkcədən müəyyən qədər uzaqlaşıb fars və ərəb kəlimələri özgə tərkib və qaydaya düşsə də, ancaq bütövlükdə bu dildə söylənən və yazılan ədəbiyyat Azərbaycan türk ədəbiyyatıdır.
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)
Arazinfo.com