Milli Kitabxananın nəşrləri Tarix İnstitutuna təqdim edilib

0
573

Fevralın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının son illərdə nəşr olunan kitablarının instituta təqdimetmə mərasimi keçirilib.

İnstitutdan verilən məlumata görə, tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, Tarix İnstitutu və Milli Kitabxanadır.

Tədbiri Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov açaraq bildirib ki, institut Milli Kitabxana ilə sıx əməkdaşlıq edir: “Hər il Tarix İnstitutunda çap olunan kitablar Milli Kitabxanaya təqdim edilir, kitabxana da onları dünya kitabxanalarına çatdırır. İnstitutda Qarabağın, İrəvanın, Naxçıvanın, soyqırımlarının və itirilmiş torpaqların tarixi araşdırılaraq, tarixi həqiqəti əks etdirən əsərlər yazılıb. Elmi müəssisə əsərlərin xarici dillərdə nəşr olunması və dünya ölkələrində yayılmasını diqqət mərkəzində saxlayır”.

Yaqub Mahmudov deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son illərdə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri işıq üzü görüb. İnstitutun arxivi Azərbaycanın ən zəngin fondlarından biridir. Elmi müəssisəyə Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən onminlərlə arxiv sənədi gətirilib.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışında qeyd edib ki, Milli Kitabxana nəinki Qafqazda, hətta Avropada və bütün dünyada ən böyük kitabxanalardan biridir: “Ötən müddət ərzində Milli Kitabxana elm və mədəniyyət xadimlərinin bir neçə nəslinin formalaşmasına öz töhfəsini verib. Kitabxana dünyanın 70-ə yaxın milli kitabxanası ilə əməkdaşlıq edir. Çalışırıq ki, mübadilə zamanı tarixi kitablara xüsusi diqqət ayıraq. Tarix İnstitutunun xarici dillərdə nəşr olunan kitablarının  kitabxanamıza təqdim edilməsi bizim bu sahədə işlərimizə böyük bir töhfədir. Kitabxanamız bir il ərzində 10-dan çox beynəlxalq kitab sərgisində iştirak edir”.

Akademiklər Nizami Cəfərov, Nərgiz Axundova, Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova, tarixçi alimlər Cəbi Bəhramov, Hacı Həsənov, Kamran İsmayılov, Aypara Rüstəmova və başqaları bildiriblər ki, bu gün Tarix İnstitutunun nəşrləri türk, rus, ingilis, alman, fransız, ispan, italyan, ərəb, gürcü, fars, erməni və başqa dillərdə oxunur. Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarını ifşa edib. Dövlət başçısı bütün bu uğurlara görə institutun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb.

Sonda Milli Kitabxana nəşrlərini Tarix İnstitutuna təqdim edib. Nəşrlər arasında “Azərbaycan kitabı” çoxcildliyi, “İslam”, “Multikulturalizm”, “Azərbaycanın tarixi abidələri və toponimləri”, “Azərbaycan Xalq Cümhuriyyəti”, “Azərbaycan xalçaları”, “Azərbaycan Milli Kitabxanası” və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından çoxsaylı fundamental biblioqrafiyalar var.

Arazinfo.com