Azərbaycanın demokratik dövlət quruculuğu yolunda inamla addımlaması, iqtisadi, siyasi və hərbi baxımdan güclü və qüdrətli dövlətə çevrilməsi erməni lobbisinin pulu ilə hərəkət edən və onların çaldığına oynayan bəzi beynəlxalq təşkilaların yuxusunu qaçırıb. Onlar Azərbaycanın hüquqi və demokratik dövlət quruculuğu yolunda inamla addımlamasına və böyük uğurlar qazanmasına hər vasitə ilə kölgə salmağa cəhd edirlər. Bu baxımdan fevralın 9-da ölkəmizdə keçirilən növbədənkənar parlament seçkiləri də istisna olmayıb. Belə ki, seçkiləri izləyən çoxsaylı müşahidəçilər və əksər beynəlxalq təşkilatlar prosesin şəffaf keçdiyini yüksək qiymətləndiriblər. Buna baxmayaraq Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilərin nəticəsinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyası tərəfindən kölgə salma cəhdlərinə baş vurulub. Fevralın 10-da ölkəmizdə keçirilən növbədənkənar seçkilərlə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyası tərəfindən birgə bəyanat yayılıb. Bəyanatda növbədənkənar parlament seçkilərinin “qeyri-obyektiv” keçirildiyi vurğulanıb. Guya seçkilər zamanı “qanun pozuntuları”na yol verilib, deputatlığa namizədlərin bir çoxunun hüquqları pozulub. Amma adı çəkilən qurumların müşahidəçiləri bununla bağlı ciddi fakt göstərə bilməyiblər. Bəyanatın tonundan və onda səslənən qeyri-obyektiv iddialardan onun mətninin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyası Azərbaycana gəlməzdən əvvəl hazırlandığı və Qərbdəki ölkəmizə düşmən güclər tərəfindən xüsusi sifarişlə yazıldığı dərhal hiss edilir. Bəyanatın mətnindəki ölkəmizdə seçkilərin ədalətlə keçmədiyi, şəffaflığın olmadığı, guya millət vəkilliyinə namizədlərin hüquqlarının pozulduğu barədəki ididalar demək olar bundan əvvəlki parlament seçkilərində verilən analoji bəyanatlardan heç nə ilə fərqlənmir. Əlbəttə, Azərbaycan bəzi beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun ölkəmizdə keçirilən istənilən seçkilərə qarayaxma cəhdlərinə layiqli cavab verib və faktlarla onları yerində oturdub. Lakin xaricdəki erməni lobbisi tərəfindən ələ alındığı ehtimal edilən bəzi beynəlxalq təşklatlar ölkəmizə qarşı qarayaxma cəhdlərinə baş vurmaqda davam edirlər. Lakin atalar məsəli var: Yalan ayaq tutar yeriməz. Azrbaycanda keçirilən növbədəkənar parlament seçkiərinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyası tərəfindən qarayaxma cəhdləri ölkə rəhbərliyi tərəfindən də sərt şəkildə pislənilib. Bunu Prezident İlham Əliyevin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən dedikləri də bir daha təsdiq edir. Azərbaycanda baş tutan parlament seçkilərində 1300-dən çox namizədin mübarizə aparığını xüsusi vurğulayan Prezident İlham Əliyev seçkilərin rəqabət şəraitində keçirildiyini və bütün namizədlərin qeydə alınması prosesində ədalətli mövqe nümayiş etdirildiyini söyləyib. O, məsələ ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının mənfi rəylərinə artıq öyrəşdiklərini deyib:
“O ki qaldı, bəzi beynəlxalq müşahidə missiyalarının rəyinə, biz onların mənfi rəyinə çoxdan öyrəşmişik. Onların bəzi hallarda rəyi seçkilərdən öncə yazılır, özü də onlar tərəfindən yazılmır, başqa yerlərdə yazılır, onlara ötürülür. Biz bunu dəfələrlə müşahidə etmişik. Siz də Avropa Şurasının bizə qarşı olan mənfi münasibətini qeyd etdiniz. Bunun da son təzahürü qəbul edilmiş, yalan üzərində qurulmuş son qətnamədir. Yəni, bu qətnamənin qəbul edilməsi, əslində, parlament seçkilərinə kobudcasına müdaxilədir. Birincisi, bu qətnamə saxtadır və biz bunu qəbul etmirik. Orada bizə qarşı irəli sürülən ittihamları rədd edirik və bizə qarşı ünvanlanmış dırnaqarası tələblərin heç birini icra etməyəcəyik. Bu, bir. İkincisi, bu qətnamənin qəbul edilmə vaxtı. Parlament seçkilərinə az vaxt qalmış bu qətnamənin qəbul edilməsi Azərbaycana qarşı olan mənfi və ədalətsiz yanaşmanın təzahürüdür.
Mən bu yaxınlarda yaxın dostumuz olan Mövlud Çavuşoğlu ilə görüş əsnasında bu barədə öz fikirlərimi bildirdim. O da eyni mövqedədir və biz yaxşı bilirik ki, Türkiyəyə və Azərbaycana Avropa Şurasında ikili standartlar tətbiq olunur. Bizdə gedən müsbət proseslər qeydə alınmır, bizim artan gücümüz sanki qıcıq, paxıllıq yaradır. Ancaq buna rəğmən, Türkiyə və Azərbaycan iki dost, qardaş ölkə kimi irəli gedir. Biz çox önəmli layihələri icra edirik, öz gücümüzü artırırıq. Hesab edirəm ki, həm beynəlxalq müstəvidə, həm ölkə daxilində gedən işlərdə bizim düzgün siyasətimiz artıq reallıqdır. Ən önəmlisi, bu seçkilərin keçirilməsi Azərbaycan xalqının iradəsidir. Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı. Bu gün siz də gördünüz, Azərbaycanda tam demokratik ab-hava mövcuddur. Seçki və seçkilərin keçirilməsi demokratiyanın təzahürlərindən biridir. Əgər namizədlər bu seçki kampaniyası ərzində belə fəal, mübariz olublarsa, – bu, əslində, belədir, siz də bunu qeyd etdiniz,- seçicilərə öz fikrini çatdırmaq üçün qapı-qapı gəziblərsə, əlbəttə ki, əgər onlar seçkilərdən narazı olsalar, öz səslərini ucaldardılar. Ancaq indiyə qədər biz belə hallara rast gəlmirik. Bu, bir daha onu göstərir ki, bu seçkilər Azərbaycan xalqının iradəsini əks etdirir və əsas odur”.
Azərbaycanda seçkilərin “qeyri-obyektiv” keçirilməsi barədə səsləndirilən iddialar xarici politoloqlar tərəfindən də tənqid edilib. Məsələyə münasibət bildirən “PolitRUS” ekspert-təhlil şəbəkəsinin təsisçisi Vitali Arkov Trend-ə açıqlamasında deyib ki, ATƏT-in Demokratik Təşkilatlar və İnsan Haqları Bürosunun (DTİHB) səsləndirdiyi rəy və bəyanatlar nəinki obyektiv deyil, həm də onun reallıqla heç bir əlaqəsi yoxdur. Onun sözlərinə görə, bu, Avropa strukturları tərəfindən Azərbaycan rəhbərliyinə çoxsaylı təzyiq cəhdlərindən biridir. Belə ki, ATƏT DTİHB-nin hesabatında qeyd olunan xırda pozuntular sırf texniki xarakter daşıyır və səsvermənin nəticələrinə heç cür təsir göstərməyib:
“Qeyd etmək lazımdır ki, özlərinin anti-Azərbaycan ritorikasında bu strukturlar müstəqil deyil, onlar qoyulan tapşırığı yerinə yetirir. Azərbaycanı qonşu dövlət tərəfindən işğal olunmuş ərazilərini qaytarmaq niyyətinə, müstəqil xarici siyasət yürütmək və öz tarixi müttəfiq ölkələri – Rusiya, İran və Türkiyəyə qarşı Qərb kampaniyasında iştirak etmədiyinə görə cəzalandırmaq tapşırığı var”.
Politoloqun fikrincə, Azərbaycan ildən-ilə ən güclü dövlətlərin reytinqində yüksək mövqelər tutur:
“Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən irimiqyaslı iqtisadi və siyasi islahatlar Azərbaycana inkişafın yeni mərhələsinə çıxmağa, regionda öz liderliyini möhkəmləndirməyə imkan verəcək”.
V.Arkov onu da əlavə edib ki, müxalifət nümayəndələrinin gözləntilərinin əksinə olaraq, ATƏT DTİHB istisna olmaqla bütün beynəlxalq müşahidəçilər Azərbaycanda seçkilərin yüksək səviyyədə keçdiyini yekdilliklə bildirib:
“Müxalifət nümayəndələrinin sadəlövh gözləntilərinə baxmayaraq, beynəlxalq müşahidə missiyasının hesabatı onları güclü məyus etdi. Onlar Azərbaycandakı seçkinin nəticələrini və demokratiyanı şübhə altına ala bilmədilər. Öz siyasi gücsüzlüklərinə haqq qazandırmaq niyyətində olan müəyyən dairələrin proqnozlarının əksinə olaraq ciddi pozuntular qeydə alınmadı. Tam əksinə, hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Müxalifət nümayəndələri onlar üçün ənənəvi üsullar, sosial şəbəkələrdə videoçarxları yaymaq və mənfi, heç bir əsası olmayan şərhlər yazmaqla kifayətləndilər. Bu da müxalifətin siyasi kifayətsizliyi və rəqabət apara bilməməyini göstərir”.
Beləliklə hadisələrin gedişi göstərir ki, kimlərinsə sifarişi ilə hərəkət edən və onların çaldıına oynayaraq Azərbaycanın demokratik inkişafına kölgə salmaq istəyən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyası bununla da özlərini nüfuzdan salırlar. Bu yolla heç bir qüvvə Azərbaycanı tutduğu yoldan döndərə bilməz və ölkəmiz demoratik inkişaf yolunu bundan sonra da davam etdirəcək.
Əziz Mustafa
Arazinfo.com