“Sentyabrın sonlarında Moskvada dünyanın bütün separatçıları, o cümlədən “bizimkilər” də bir araya gələcəklər”.
Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu məlumat yayıb.
E.Şahinoğlu qeyd edib ki, Rusiya bolşevikləri əvvəl “Bütün ölkələrin proletarları, birləşin!” hayqırırdı, estafeti kommunistlərdən alan indiki burjua Moskvası isə “Bütün ölkələrin separatçıları, birləşin!” deyir:
“Demək, bolşeviklər indikilərdən daha ağıllı idi, çünki onların şüarı biləşdirici idi, indikilər isə separatçıları Moskvaya toplamaqla Böyük Britaniyanın (Şimali İrlandiya və Şotlandiya), İspaniyanın (Kataloniya), Gürcüstanın (Abxaziya və Cənubi Osetiya) və Azərbaycanın (Dağlıq Qarabağ) ərazi bütövlüyünə meydan sulamaqla ayırıcı siyasətə üstünlük verirlər. Moskvada separatçıların toplantısı Rusiyanın ənənəvi “parçala və hökm sür” siyasətinin tərkib hissəsidir, yeni heç nə icad etməyiblər”.
Politoloq onu da bildirib ki, 1990-2000-ci illər arasında Çeçenistan da o biriləri kimi ayrılmaq istədikdə bütün ölkələrin separatçılarını toplamaq heç Moskvanın yadına da düşmürdü: “Çünki özünə də sərf etmirdi. Deyəsən, xristianlığın məşhur “не желай дома ближнего твоего” kəlamını unudublar. Və ya elə rusların da yaxşı bir atalar sözü var: “не плюй в колодец, пригодится воды напиться”.