İSLAHATLAR İLİ TARİXƏ DÜŞDÜ PREZİDENTİN ƏN ÇƏTİN İLİ GERİDƏ QALDI

0
902

Yola saldığımız il dövlətimiz və xalqımız üçün ümumilikdə keçən dövrün davamı kimi inkişaf etsə də və növbəti ilin proseslərinin zəminini hazırlasa da, yaxud inkişaf pilləsinin bir mərhələsi və ya ölkədə gedən zəncirvari inkişaf proseslərinin mühüm bir halqası olsa da 2019-cu il bir çox xüsusi əlamətdarlığı ilə yadda qaldı. Ölkə tarixinə isə islahatlar ili kimi düşdü. Bu il Azərbaycan Respublikası üçün uğurlu olsa da, bu uğurların heç də asan olmadığı, hətta çox çətin, gərgin zəhmət hesabına əldə edildiyini demək olar. Xüsusən, ölkə başçısının çox aktiv və gərgin əməyi, dözüm və iradəsi ilə dövlətimiz və Prezidentimiz üçün çətin, gərgin, lakin uğurla sonuclanan 2019-cu ili yola saldıq. 
Əslində 2018-ci il prezident seçkiləri və seçildikdən sonra Azərbaycan Prezidentinin konseptual çıxışı artıq islahatların, yeni dönəminin başlanğıcı və növbəti illərin proqram və planlarının anonsu idi. Diqqətlə çox vacib məqamı qeyd etmək lazımdır ki, cənab Prezidentin gələcək inkişafın konsepsiyasını anons edən çıxışı heç də seçkiöncəsi təbliğat və yaxud kompaniya xarakterli deyil, seçkidən dərhal sonraya təsadüf edən qarşıya qoyulan vəziflərin konkret icrası ilə bağlı idi və planlı şəkildə proqramın icrası da çox düşünülmüş nəzəri və praktiki cəhətdən son dərəcə real əsaslandırma üzrə mərhələlərlə həyata keçirilməyə başlandı. 
Əvvəlcə sözsüz ki, sosial-iqtisadi sahədə vaxt baxımından daha vacib islahatlara başlanıldı, eyni zamanda vətəndaşların sosial müdafisəni gücləndirilməsini və yaşam səviyyəsinin daha yaxşılaşdırılmasını nəzərdə tutan ardıcıl tədbirlər həyata keçirildi. Bu əhalinin imtiyazlı hissəsinin və sosial müdafiəyə ehtiyacı olanların sosial maddi vəziyyətinin yaxşılaşdırılması, qeyri-neft sektoru və iqtisadiyyatın bütün ənənəvi və yeni spektrləri üzrə inkişafı, eyni zamanda kiçik, orta və iri biznes sahəsinin inkişafı, investisiya mühitinin saflaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi, vergi, gömrük və digər əlaqəli sistemdə aparılan ciddi islahatlarla müşayiət olundu. 
Prezident seçkisindən dərhal sonra cənab İlham Əliyev ilk olaraq 19 aprel 2018-ci il şəhid varislərinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı Fərman imzaladı. 
2019-cu il yanvarın 28-də Prezident İlham Əliyev və I vitse Prezident Mehriban xanım Əliyeva şəhid ailələri ilə görüşdən sonra həmin gün digər bir Fərmanla birdəfəlik ödəmənin verilməsi daha 2725 nəfərə şamil olunmaqla 12268 şəhid vərəsəsini əhatə etmişdir ki, bu məqsədlə dövlət başçısı 135 milyon manat vəsait ayırmışdır. 
Eyni zamanda ötən ilin 1 avqust tarixində şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin və minik avtomobillərinin təqdim olunması birbaşa Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilmiş və qısa zamandan sonra cənab Prezidentin imzaladığı yeni Sərəncamla ayrılmış vəsait hesabına 2018-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə verilən mənzillərin sayı 3 dəfədən çox artırılaraq 626-ya, 2019- cu ildə sərəncamın icrası davam etdirilərək daha 800 mənzil tam təhvil verilmiş, bununla da ümumilikdə son illərdə mənzillərin sayı 6 654-ə çatdırılıb. Qarabağ müharibəsi əlillərinə ötən il 265 avtomobil verilməklə, bu kateqoriyadan olanlara təqdim olunan avtomobillərin sayı isə 6 144-ə çatıb.
Digər tərəfdən, 30 yanvar 2019-cu il tarixli Fərmanla şəhid ailəsi üçün Prezidentin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manata çatdırılıb. Hazırda 12 mindən çox şəhid ailəsinə bu təqaüdlər cənab Prezidentin müvafiq tapşırıqları əsasında ödənilir. 
Cənab Prezident fevral ayında imzaladığı müvafiq sərəncamlarla bütövlükdə 3 milyona yaxın vətəndaşı əhatə etməklə illik 2 milyard manatdan artıq vəsaitin xərclənməsinə qərar verib və aprel–may aylarında maaş, pensiya, müavinatlar artımla verilib, problemli kreditlər üçün kompensasiya ödənilib. Bütövlükdə, sosial paket çərçivəsində son 3 ayda 1 milyard manata yaxın vəsait xərclənib, amma inflyasiya cəmi 2,4 faizdir və sürətlənməyib. Bir sözlə, “əkiz balans” adlanan büdcə və tədiyyə balansında müsbət meyillər, artıq 50 milyard ABŞ dollarına yaxınlaşan strateji valyuta ehtiyatları və ÜDM-in beşdə birindən də az səviyyədə xarici borc deməyə əsas verir ki, Azərbaycanda makroiqtisadi sabitlik davamlıdır. 
Prezident cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı ilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzləri yaradılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendinin formalaşdırılmasına xidmət edir. 2019-cu ilin əvvəlində ilk DOST mərkəzi, il ərzində Bakıda ümumən 4 və 2019-2025-ci illərdə Bakı və respublikamızın regionları üzrə 31 belə mərkəzlərin yaradılması prosesi başlanmışdır.
Ümumən son 16 ildə Azərbaycanda əmək haqlarında 7 dəfə, eləcə də minimum əmək haqlarında 6,5 dəfə artım özünü göstərib. Əhalinin rifah halının yaxşılaşdırılmasında növbəti irəliləyiş olan 8 fevral 2019-cu il tarixli Sərəncam ilə martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılmasına, muzdla çalışanların azı 40%-nin və ya 600 mindən çox işçinin əmək haqlarının artmasına imkan verib. Prezident cənab İlham Əliyevin xüsusi qayğısı hazırda 1,3 milyon nəfərdən ibarət olan pensiyaçıları da əhatə edir. Yanvar və fevral aylarında növbəti dəfə pensiyaların artımı ila bağlı əlavə olaraq 15 milyon manat vəsait ayrılmışdır. Minimum pensiya məbləğinin artırılması ümumilikdə 233 min pensiyaçını o cümlədən, 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edərək, onlardan 9 min nəfərin pensiyasında 93 faiz , 26 min nəfərin pensiyasında 30 faiz, 74 min nəfərin pensiyasında 16 faiz artım özünü göstərmişdir. Bu artımdan sonra alıcılıq qabiliyyəti indeksi üzrə ölkəmiz MDB məkanında ilk iki yeri bölüşür. Azərbaycanda minimum əmək haqqı alıcılıq qabiliyyəti pariteti ilə götürüləndə MDB məkanında ikinci yerdə dayanır. Bu baxımdan Şərq Tərəfdaşlığı ölkələri arasında isə birinci yerdəyik.

Azərbaycanın Davos Forumunun hazırladığı “Qlobal Rəqabətlilik hesabatı”na görə dünyada 144 ölkə arasında 39-cu, MDB məkanında isə 1-ci yerə çıxmasını qeyd etmək mümkündür. Azərbaycanda əhalinin pul gəlirləri illik inflyasiyanı 2,5-3 dəfə üstələyir ki, bu da vətəndaşlarımızın ləyaqətli həyat səviyyəsini ilbəil artırmağa imkan verir.
Azərbaycanın ÜDM – son on ildə 3 dəfə artaraq 57 mlrd. manata, investisiya qoyuluşu məbləği 28 mlrd. dollara çatmışdır. Adambaşına düşən ÜDM-un payı – 9182 dollar, ölkənin valyuta ehtiyatları isə 50 milyard dolları üstələmişdir. Azərbaycanda yoxsulluqla mübarizə də ciddi nəticələr vermiş, 2001-ci ildən bu yana ötən dövr ərzində yoxsulluğun səviyyəsi 49%-dən 5,2%-ə düşmüşdür.

“QARA QIZIL”DAN “AĞ QIZIL”A 
QEYRİ-NEFT SEKTORU

Qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2019-cu ildə ÜDM 3,6 faiz artmış, növbəti illərdə isə orta hesabla 3,4 faiz artacağı, tədiyə balansının müsbət olacağı, 3,9 milyard manat təşkil edəcəyi nəzərdə tutulmuşdur. Dünya iqtisadiyyatında baş verən proseslər və beynəlxalq təşkilatların proqnozları təhlil edilərək neftin bir barelinin qiyməti 60 ABŞ dolları götürülüb. Gələn il “Şahdəniz” yatağında neft və qaz hasilatının artması hesabına neft sektorunda 3,1 faiz, növbəti illərdə isə orta hesabla 3,2 faizə yaxın artımın olunması gözlənilir. Növbəti illərdə əsas kapitala investisiya qoyuluşları 17,9 milyard manat, o cümlədən xarici investisiyaların 7,5 milyard manat, daxili investisiyaların isə 10,4 milyon manat təşkil ediləcəyi proqnozlaşdırılır. Əsas kapitala investisiya qoyuluşlarının artacağı əsas götürülməklə 2019-cu ildə tikinti sektorunda orta hesabla 2,5 faiz artım olmuşdur. 
KƏND TƏSƏRRÜFATI 
2019-cu ildə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb. Bitkiçilik məhsullarının həcmində 25,6%, heyvandarlıq məhsullarının həcmində 2,9%, kartof istehsalı 10,3%, taxıl istehsalı (qarğıdalı da daxil olmaqla) 40,7%, tərəvəz istehsalı 13,8%, meyvə və giləmeyvə istehsalı 21,1%, bostan məhsulları istehsalı 37,5% artım qeydə alınıb. Aqrar sahənin Ümumi Daxili Məhsulda payı əvvəlki illərə nisbətən 5,6 faizə çatmışdır. Bu il respublika üzrə 641 ton barama tədarük edilib ki, bu da keçən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 25% çoxdur. Respublika üzrə pambıq yığımı bu il əvvəlki illərə nisbətən rekord həddə çataraq 294 min ton pambıq yığılmışdır.

Ümumilikdə 2019-cu ildə 436,4 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları xaricə ixrac olunub. Kənd təsərrüfatı məhsullarının ixrac həcmi ötən ilin müvafiq dövrünə nəzərən 27,9% artıb. Gələn ilin dövlət büdcəsindən kənd təsərrüfatı tədbirləri üçün 447,4 milyon manat, baytarlıq tədbirləri üçün 35,4 milyon manat, meliorasiya, irriqasiya və suvarma sistemlərinin maliyyə təminatı üçün 426,0 milyon manat, kənd təsərrüfatı üzrə təcrübə, tətbiqi tədqiqatlar, digər müəssisə və tədbirlər üçün 12,2 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb. 
AZƏRBAYCAN SƏNAYESİ 
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2014-cü il ölkədə “Sənaye ili” elan edilmişdir. Ötən əsrin 70-80-ci illərindən başlayaraq Azərbaycanda geniş miqyaslı sənayeləşmə siyasəti həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdır.
Son on ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, məhsul istehsalının həcmi 2,7 dəfə artmışdır. Bu müddət ərzində rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı layihələr icra edilmiş, xeyli iş yerləri açılmış, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.
“Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatına əsasən, dünya ölkələrinin rəqabət qabiliyyətliliyi reytinqində Azərbaycan 39-cu yeri tutur və ardıcıl olaraq 5 ildir ki, MDB məkanında öz liderlik mövqeyini qoruyub saxlayır.
Cənab Prezidentin müvafiq Fərmanı ilə növbəti mərhələdə ölkəmizin dayanıqlı inkişaf istiqamətlərini müəyyən edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilmişdir. Konsepsiyanın əsas hədəflərindən biri qeyri-neft sektorunun, xüsusilə qeyri-neft sənayesinin inkişafı və adambaşına düşən qeyri-neft ixracının artırılmasıdır. Azərbaycan sənayenin sürətli inkişafı üçün güclü potensiala və bu sahədə zəngin ənənələrə malikdir. Hələ 19-cu əsrin ikinci yarısında Bakıda neft istehsalının genişlənməsi yalnız neft sektorunun deyil, digər sahələrin də inkişafına imkan yaratmışdı. Ötən əsrin 70-80-ci illərində isə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində ölkədə güclü sənaye potensialı formalaşdırılmışdır. Həmin dövrdə yaradılmış neft maşınqayırması kompleksi, dərin özüllər, məişət kondisionerləri, radio-quraşdırma, elektron-hesablama maşınları zavodları və digər iri müəssisələr nəinki respublikanın, hətta keçmiş SSRİ-nin bu sənaye məhsullarına olan tələbatının böyük hissəsini ödəyir, həmçinin bir çox xarici ölkələrə məhsul ixrac olunurdu. Bununla yanaşı, neft sənayesi üçün mütəxəssislərin hazırlanmasında Azərbaycan dünyada tanınmış mərkəzlərdən biri idi.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olaraq son 10 ildə ölkə sənayesinin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Bu dövrdə sənaye sahəsinə 40 milyard manatdan çox investisiya yatırılmış, modern və müasir tələblərə uyğun rəqabət qabiliyyətli sənayenin yaradılmasına yönəlmiş tədbirlər real nəticələr vermişdir. Bu illər ərzində Sumqayıt Texnologiyalar Parkı, Naxçıvan Avtomobil Zavodu, Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Qaradağ metal konstruksiyalar, Gədəbəy qızıl-mis emalı, Gəncə alüminium, Mingəçevir elektron avadanlıqları zavodları, Qaradağ sement zavodunun yeni istehsal xətti, “Azbentonit” müəssisəsi, Qəbələ piano, “M-Line”, AZMDF, “EMBAWOOD” mebel fabrikləri, İmişli şəkər, Masazır duz zavodları, Qəbələ və Xaçmazda konserv, Ağcabədidə süd məhsulları, Oğuzda qarğıdalı emalı və qlükoza istehsalı müəssisələri, eləcə də energetika, maşınqayırma, qida, məişət cihazları, tikinti materialları və digər sahələrdə yüzlərlə müasir sənaye müəssisəsi istifadəyə verilmişdir.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ildə 39 milyard manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5 % çox sənaye məhsulu istehsal edilmişdir. Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 85,3 %, hazır metal məmulatlarının istehsalı 83,5 %, tütün məmulatlarının istehsalı 67,6 %, içkilərin istehsalı 39,5 %, elektron və optik məhsulların istehsalı 37,1 %, toxuculuq sənayesi məhsullarının istehsalı 37,0 %, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 30,4 %, mebel istehsalı 29,5 %, kimya sənayesi məhsullarının istehsalı 26,5 %, kağız və karton istehsalı 24,6 %, poliqrafiya məhsullarının istehsalı 23,9 %, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,7 %, qida məhsullarının istehsalı 13,9 % artım qeydə alınmışdır.

İSLAHATLAR
Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlar, öz növbəsində, “Doing Business 2019” hesabatında Azərbaycanın ümumi reytinqdə yeni rekorda imza atmasına, eləcə də əksər indikatorlar üzrə mövqeyinin daha üst səviyyəyə qalxmasına imkan verib. Belə ki, 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib. 
Əlbəttə həm hüquqi, struktur, həm kadr islahatları, həm də paralel korrupsiyaya qarşı mübarizə və bütün bu islahatların önündə, eyni zamanda mütəmadi surətdə əsas təşəbbüskar kimi çıxış etmək çox böyük enerji, çox çevik və sürətli manevr qabiliyyəti müdrik siyasi istedad tələb edir. Çünki qısa zamanda baş verən inqilabi islahatlar dövlətin gücü və dövlət başçısının önləyici tədbirləri sayəsində kampaniyaçılığa yol verilmədən mərhələli şəkildə ustalıqla həyata keçirildiyi üçün cəmiyyətdə nəinki diskomfort yaratmadı, əksinə cəmiyyətin böyük rəğbəti ilə qarşılanır. 
Prezident kadr islahatlarını da çox ehtiyatla, nəzakətlə və məntiqli şəkildə ifadə edərək bildirmişdir: “İndi Azərbaycanda gəncləşmə siyasəti aparılır. Bu, təbiidir, nəsillər dəyişir, yeni təfəkkürlü insanlar irəli çəkilir. Biz bu prosesdən kənarda qala bilmərik. Ancaq onu da bildirməliyəm ki, bu, kampaniya xarakteri almamalıdır. Çünki mənə məlumat gəlir ki, bəziləri bunu kampaniyaya çevirmək istəyirlər və sınanmış, təcrübəli, bir qədər yaşlı insanlara qarşı bu kampaniyanı təşkil etmək istəyirlər. Mən buna yol verməyəcəyəm. Mən bilirəm kim nəyə qadirdir, kimin hansı xidmətləri olub əvvəlki dövrdə və bu gün. Ona görə Azərbaycanda təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılmalıdır. Bunun sintezi sayəsində biz gözəl nəticələrə çata bilərik”.

QARABAĞ AZƏRBAYCANDIR!
2019-cu il Azərbaycan dövlətimiz, dövlət başçımız və vətəndaşımız üçün beynəlxalq nüfuz, eyni zamanda beynəlxalq və regional siyasi-diplomatik proseslərdə iştirak baxımından da uğurlu hesab etmək olar. Beynəlxalq tədbirlərdə Azərbaycan Prezidentinin nüfuzu, reytinqi və buna adekvat münasibət Azərbaycanın beynəlxalq nüfuzunu və yerini müəyyən edir və möhkəmləndirir. Ölkə başçısının məntiqli, tutarlı arqument və təklifləri beynəlxalq tribuna və böyük platformalarda ölkəmizə siyasi-iqtisadi, mənəvi dividentlər gətirmişdir. 
Rusiya Federasiyasında “Valday” diskusiya klubunda bütün dünyanın elmi-siyasi ekspertlərinin diqqətinin yönəldiyi geniş platformadan Azərbaycan Prezidenti çox təmkinli və çox qətiyyətli şəkildə məntiqi və elmi şəkildə Ermənistan rəhbərliyinə cavab verməklə bir daha Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin mövqeyini- sosial sifarişi bəyan etdi- QARABAĞ AZƏRBAYCANDIR!
Bu il Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, beynəlxalq idman yarışları, dünyada ən nüfuzlu turnirlər və Azərbaycanın iki böyük və hazırda mühüm təşkilatına sədrlik etməsi 2019-cu ilin uğurları sırasındadır. Amma bu uğurlar çox gərgin zəhmət, fəaliyyət və hətta ömürdən, həyatımızdan itirdiklərimizin, geridə qalan, artıq əlçatmaz olanların bahasına əldə olunur. İtirdiklərimiz şəxsi həyatımızdan, qazandıqlarımız isə gələcək üçündür, əlimizdə olanın qədrini vaxtında bilməliyik, xalqımız əldə olunan bu nailiyyətləri qiymətləndirir və onu inkişaf etdirir. Ən böyük nailiyyətimizdən birincisi də qurucusu Ulu Öndər olan müstəqil dövlətimizdir.

“MÜSTƏQİLLİYİMİZ ƏN BÖYÜK SƏRVƏTİMİZDİR, ƏN BÖYÜK NEMƏTİMIZDİR, ƏN BÖYÜK XOŞBƏXTLİYİMİZDİR”

HEYDƏR ƏLİYEV

“RESURS” ANALİTİK İNFORMASİYA MƏRKƏZİNİN SƏDRİ RASİM QULİYEV