Brejnevin varis planını pozan Andropov – o, baş katib olmaq iddiasını gizli saxlayıb və qalib gəlib

0
840

18 illik hakimiyyəti dövründə Leonid İliç Brejnevin yaddaqalan fəaliyyət istiqamətlərindən biri də birinciliyə iddialı olanlara qarşı apardığı mübarizə olub. Baş katib Kremldə kadr balansını istədiyi kimi “peşəkarlıqla” tənzimləyə bilib.

Sözsüz ki, Brejnev hakimiyyətdəki mövqeyini möhkəmlətmək üçün partiyaya rəhbərlik etməklə yanaşı, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinin də ələ keçirilməsini zəruri sayıb. Bu məqsədlə o, münasibətlərinin çox isti olmasına baxmayaraq, Nikolay Podqornını siyasi səhnədən uzaqlaşdırırb.

1977-ci ildə Brejnev bu məsələnin həllini Mixail Suslova həvalə edib. Heç bir məsələdə güzəşətə getməyən Suslov plenumda Podqornının vəzifəsindən və Siyasi Büro üzvlüyündən çıxarılması məsələsini iclasın gündəliyinə salıb. Cəmisi 17 dəqiqə ərzində iki-üç nəfər çıxış edərək Suslovun təklifini dəstəkləyib və səsvermə yolu ilə Podqornı vəzifəsilə vidalaşıb. Hətta Suslov plenumda Podqornıya çıxış üçün söz də verməyib.

Brejnevin növbəti hədəfi Aleksey Kosıgin olub ki, baş katib onu da “xəstəliyi” ilə əlaqədar təqaüdə göndərməyə nail ola bilib.
Brejnev Yuri Andropovu da özünə ciddi rəqib sayıb. Amma buna baxmayaraq o, Andropovu DTK sədri təyin etdikdən sonra bu quruma böyük səlahiyyətlər verib. Andropova o qədər səlahiyyət verilib ki, o, partiya orqanlarının rəhbər heyətinin fəaliyyətinə də müdaxilə etmək imkanında olub.

Maraqlıdır, Brejenev özünə rəqib saydığı bir şəxsə nəyə görə bu qədər geniş meydan verib?

Dövlət məmurlarını gərginlikdə saxlamaq üçün Andropov Brejnevin ən uğurlu seçimi olub. Təsadüfi deyil ki, Siyasi Büro iclaslarında kiçicik bir fikir ayrılığı yarananda Brejnev narazılıqlara bir cümlə ilə son qoyub: “Sizin hamınız haqqında məndə “kompromat” var, odur ki, fəaliyyətinizdə diqqətli olun…”

Hamıya yəxşı məlum olub ki, “informasiyalar” Brejnevə Andropovdan ötürülüb.

Brejnev Andropovun “həddinin aşmaması” üçün də tədbirlər görüb. Dost münasibətində olduğu Sviqunu və Tsinyevi Andropova müavin təyin etməklə DTK şefinin fəaliyyətini tam nəzarətdə saxlayıb. Həm Sviqun, həm də Tsinyev Andropovun fəaliyyəti haqqında Brejnevə mütəmadi olaraq məlumatlar veriblər.

Digət bir tərəfdən SSRİ daxili işlər naziri Nikolay Şelokovla Andropov arasında konfliktin dərinləşməsinə şərait yaradan Brejnev bu qarşıdurma ilə Andropovun gücünü zəiflədib.

Yəqin ki, Andropov Brejnevin qeyri-səmimiliyini hiss edib, amma o, Kreml oyunlarını böyük təmkinlə seyr edib, öz birincilik iddialarını zamanın ixtiyarına buraxıb və Brejnevə sədaqətini nümayiş etdirməkdə davam edib.

1960-cı illərin sonunda Andropov Brejnevə qarşı aparılan gizli sövdələşmələr haqqında onu məlumatlandırıb. Keçmiş komsomol işçiləri olan Semiçastnının, Şelepinin, Yeqorıçevin, Tolstikovun və Volkovun birləşərək onu “yıxmaq” haqqında planlarını açıqlayıb. Məhz Andropovun sayəsində adları çəkilənlər haqqında sərt və ciddi addımlar atılaraq Brejnev “saray çevrilişindən” xilas olub.

Brejnev zaman-zaman Andropovun xidmətlərini ən yüksək dövlət təltifləri ilə mükafatlandırıb. Amma siyasi elita arasında Andropovu heç vaxt varis kimi təqdim etməyib.

Brejnevin Andropova qarşı digər bir “arxayınlığı” Kremlin baş həkimi Yevgeni Çazovun rəyləri olub. Məhz Çazov Brejnevlə qeyri-rəsmi görüşlərdə Andropovun səhhətində ciddi problemlərin olduğunu dəfələrlə söyləyib.

Bəlkə də bu arxayınlıqdan irəli gələrək Suslovun vəfatından sonra Brejnev Andropovu onun yerinə, ölkədə ikinci şəxs sayılan Mərkəzi Komitə katibi vəzifəsinə gətirib. Brejnev bu təyinatda da ehtiyatını əldən verməyib. DTK kimi mühüm bir posta Ukrayna DTK-sının sədri Vitali Fyodorçuku təyin edib. Bu təyinat gələcəkdə Ukraynanın birinci katibi Vladimir Şerbitskinin ölkənin birinci kürsüsünə sahib olmasında DTK-nın dəstəyi üçün hesablanıb.

Andropov Brejnevin bu gedişindəki məqsədi də anlayıb, yeni DTK sədri Fyodorçukun gələcəkdə Şerbitskini baş katib kürsüsünə gətirilməsi ilə bağlı fəaliyyətindəki məlumatları əldə etmək üçün DTK sədrinin birinci müavini olan Viktor Çebrikovun qurumdakı mövqelərini möhkəmlətməyə nail olub.

1982-ci ildə Kremldaxili siyasi oyunlarda Yuri Andropov ən mahir oyunçu sayılıb. Hakimiyyətin Ukrayna klanına keçməməsi üçün sabiq DTK şefi ən kiçik siyasi qüvvələri belə zərərsizləşdirməyi bacarıb. Qromıko, Ustinov, Çernenko, Romanov, Şerbitski kimi ölkənin nəhəng siyasətçiləri sayılan Siyasi Büro üzvlərinin arasında Brejnevin varislik planını alt-üst edib.
Brejnev vəfat etdiyi gün yaşadığı bağ evinə ilk gələnlərdən biri məhz Andropov olub. Digərlərindən fərqli olaraq o, bağ evində çox ləngiməyib. Heç kimin icazəsi və razılığı olmadan Brejnevin iş otağına keçib, baş katibin xüsusi kodlarla bağlanan portfelini götürərək Kremlə tələsib. Bu həmin portfel olub ki, onun içərisində nə vaxtsa Andropovun Siaysi Büro üzvləri haqqında Brejnevə ötürdüyü “kompromatlar” yığılıb. Kİm bilir, bəlkə həmin portfeldə elə Andropov haqqında da sənədlər olub.

Amma bilinən odur ki, mövcud gərgin siyasi vəziyyətdə Yuri Andropov qalib çıxıb, Leonid İliçi böyük “gurultu” ilə o dünyaya yola saldıqdan sonra hakimiyyətə sahib olub.

Musavat.com