Nazir müavini təyin edilən və qapıda duran şərhçi – Maslaçenkonun həyatı

0
619

Sovet futbolunun tanınmış simalarından biri olan Vladimir Maslaçenko təkcə azarkeşlər arasında deyil, cəmiyyətdə də kifayət qədər populyar şəxs sayılıb. Həmçinin Kreml azarkeşləri də Maslaçenkoya böyük hörmətlə yanaşıblar. Uzun illər SSRİ-nin müdafiə naziri olan marşal Andrey Qreçko Maslaçenkonu “Lev Yaşindən sonra birinci” adlandırıb. Maslaçenkonun marşalın azarkeşlik etdiyi komandaya, MOİK-ə ciddi rəqib sayılan “Spartak”da oynamasına baxmayaraq, Qreçko onun peşəkarlığını yüksək qiymətləndirib.

Siyasilərin Maslaçenkoya rəğbəti qapıcını 45 dəqiqə ərzində nazir müavini kürsüsünə də qaldırıb. 1992-ci ildə Rusiya Federasiyası hökuməti ilə Moskva hökuməti işçilərinin arasında futbol turniri keçiriləndə Maslaçenko birbaşa stadionda yüksək vəzifəyə təyinat alıb. Həmin oyunda Rusiyanın ilk prezidenti Boris Yeltsin də azarkeş qismində iştirak edib. Oyunun birinci hissəsinin sonunda Rusiya hökuməti komandasının qapıçısı ciddi zədə alıb. Fasilə zamanı Yeltsinə bildiriblər ki, qapıçını əvəz etmək lazımdır. Bu məqamda Maslaçenko Yeltsinin gözünə sataşıb və o, qapışıya meydançaya çıxmağı göstəriş verib. Maslaçenko etirazını bildirib:

– Boris Nikolayeviç, axı mən hökuməti təmsil etmirəm, bu strukturda işləmirəm…

– Cənab Maslaçenko (Yeltsin qospodin deyə müraciət edib), əgər prezident sizə Rusiya hökumətinin komandasında oynamağı göstəriş verirsə, deməli, siz artıq bu hökumətdə təmsil olunursunuz. Mən bu dəqiqədən sizi Rusiya idman nazirinin birinci müavini təyin edirəm.

Sonra Yeltsin yanında əyləşən Rusiya Nazirlər Soveti sədri vəzifəsini icra edən Yeqor Qaydara müvafiq sərəncamın imzalanması ilə bağlı göstəriş verib.

Beləliklə, Maslaçenko oyunun ikinci hissəsində meydançaya çıxıb, 45 dəqiqə ərzində onun qapısından top keçirmək mümkün olmayıb. Matçdan sonra Yeltsin ona təşəkkürünü bildirib:

– Heç dəyişməmisiniz, hər şey 60-cı illərdə olduğu kimidir. İndi isə yeni vəzifənizin icrasına başlaya bilərsiniz.

Maslaçenko elə bu söhbətdə 45 dəqiqəlik nazir müavini vəzifəsinə xitam verib:

– Boris Nikolayeviç, mən öz vəzifəmi 45 dəqiqəyə yerinə yetirdim, növbəti matçlarda ehtiyac olarsa, məni yenidən vəzifəyə təyin edərsiniz…

Vladimir Maslaçenko 1936-cı ildə Dnepropetrovskda anadan olub. Məktəb illərində eyni vaxtda idmanın bir neçə növü ilə məşğul olub, sonda futbolu seçib. Bu oyuna marağı isə adi bir təsadüfdən baş verib. Anası onu həkimə aparanda Maslaçenko qonşu həyətdə uşqaların futbol oynamasını seyr edib. Günlərin birində növbəti dəfə qonşu həyətdən keçəndə Maslaçenko qapıçının adi bir zərbədən topu necə buraxdığının şahidi olub. Bu məqamda o, anasının əlini buraxaraq meydançaya qaçıb və həmyaşıdları olan “futbolçular”a səslənib ki, sizin vurduğunuz bütün topları mən saxlaya bilərəm. Sözünün üstündə duran Maslaçenko bütün zərbələri dəf edib. Həmin gün onu “məhəllə klubu”na dəvət ediblər. Həmişə üst-başı təmiz, səliqəli olan Maslaçenko bu hadisədən sonra evə paltarı toz-torpaqlı qayıdıb. Valideynləri bir müddət onu futboldan yayındırmaq istəyiblər, amma Maslaçenko seçdiyi yoldan geri dönməyib.

Vladimir Maslaçenko peşəkar futbol karyerasına 1953-cü ildə “Metallurq” komandasında başlayıb. 1956-cı ildə Moskvanın “Lokomotiv” komandasına dəvət olunub. 1962-ci ildən futbol karyerasının sonuna qədər “Spartak”da oynayıb və 4 il bu komandanın kapitanı olub.

Məşhur qapıçı Moskva Dövlət Bədən Tərbiyəsi İnstitutunda ali təhsil alıb.

1961-ci ildə Maslaçenko ilin ən yaxşı qapıçısı titulunu qazanıb. 100 oyunda top buraxmayan qapıçı kimi “Lev Yaşin klubu”nun üzvü olub. 1957-ci ildən Maslaçenko həm də SSRİ yığmasında təmsil olunub. O, 1969 ildə əməkdar idman ustası adına layiq görülüb.

1969-cu ildə Maslaçenko futbol karyerasına son qoyub. Amma o, futboldan könüllü getməyib. “Spartak”ın məşqçisi, milliyyətcə erməni olan Mkırtıç (Nikita) Simonyanla aralarında yaranan konfliktdən sonra məşqçi növbəti çempionatda xəbərdarlıq etmədən onu klubdan uzaqlaşdırıb. Maslaçenko ayrı-ayrı futbol klublarından dəvətlər alsa da, yenidən futbola qayıtmayıb. Maslaçenko sonralar Simonyanla bağlı belə bir fikir söyləyib: “Simonyandan fərqli olaraq futbol xəyanəti sevmir…”

Maslaçenko sonrakı fəaliyyətini idman şərhçiliyinə bağlayıb. Onun bu sahəyə gəlməsində Nikolay Ozerovun böyük rolu olub. İdman şərhçisi kimi Maslaçenko qısa bir müddət ərzində populyarlıq qazanıb. 1970-1991-ci illərdə Maslaçenko SSRİ-nin bir nömrəli xəbərlər proqramı olan “Vremya”da idman xəbərlərini aparıb.

1991-ci ildən ömrünün sonuna qədər Vladimir Maslaçenko “NTV”, “NTV Plyus Sport”, “NTV Plyus Futbol” kanallarında idman şərhçisi kimi fəaliyyətini davam etdirib.

Maslaçenko olduqca aktiv bir həyat tərzi sürüb. O, gündəlik iş rejimini dəqiqələrlə ölçüb. Adəti üzrə isə şərhçi pultuna oyuna 5-10 saniyə qalmış özünü çatdırıb. Amma oyunların birinə 16 saniyə gecikməsi onu baş katib qarşısında utandırıb. Belə ki, həmin oyunda Leonid İliç Brejnev də iştirak edib. Saniyələr keçib, Maslaçenkonun səsi eşidilməyib. Brejnev ətrafındakılara narazılığını bildirib. Oyundan sonra isə Maslaçenkonu yüngül danlayıb:

– Vladimir Nikitoviç, idmanda hər saniyədə vəziyyət dəyişə bilər. Siz 16 saniyə gecikməklə, 16 hadisəni ötürə bilərdiniz…
2010-cu ilin noyabrında Vladimir Maslaçenko yüksək arterial təzyiqlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 2010-cu ilin noyabrın 28-də Vladimir Maslaçenko 74 yaşında vəfat edib. O, Moskvada, Vaqankovo qəbirstanlığında dəfn olunub.

2010-cu il Futbol üzrə Rusiya çempionatının 30 turunda bütün oyunlar Maslaçenkonun xatirəsinə bir dəqiqəlik sükutla başlayıb, futbolçular yaşıl meydançaya qollarına bağlanmış qara lentlə çıxıblar.

İlham Cəmiloğlu, Musavat.com