Milyarder Fərhad Əhmədovun “yol xəritəsi”, yoxsa siyasi oyunbazlıq?

0
539

Son günlər Azərbaycan mətbuatında və ictimai siyasi həyatında ən çox adı hallanan simalardan biri də azərbaycanəsilli milyarder Fərhad Əhmədovdur. İlk baxışdan milyonlarını Rusiyada qazanan Fərhad Əhmədovun Azərbaycana qayıdaraq ölkəmizin ictimai-siyası həyatında fəal iştirak etmək istəməsi bəlkə də təbii qarşılana bilərdi. Hər halda Fərhad Əhmədov iş adamıdır və onun müxtəlif sahələrə sərmayə qoyması gözlənilən idi. Lakin hadisələrin gedişi göstərir ki, Fərhad Əhmədovun Azərbaycana “qayıdışı” heç də onun iqtisadiyyatımızın müxtəlif sahələrinə sərmayə qoymaq istəyindən irəli gəlməyib. Hər halda qalmaqallı milyarderin  bir müddət öncə özünün “facebook”  səhifəsində ölkəmizdə fevral ayının 9-da keçiriləcək parlament seçkiləri ilə bağlı “yol xəritəsi” ilə çıxış etməsini birmənalı dəyərləndirmək çətindir. Belə başa düşmək olar ki, tanınmış iş adamı “yol xəritəsi” ilə özünün  ambisiyalarını ortaya qoyaraq Azərbaycana daha çox ölkənin siyasi həyatında iştirak etmək üçün  qayıtdığını nümayiş etdirib. Əlbəttə, milyarder “yol xəritəsi”ndə irəli sürdüklərində səmimi olsaydı, bəlkə də onu başa düşmək, səmimiliyinə inanmaq olardı. Lakin Fərhad Əhmədovun “yol xəritəsi”ndə həm hakimiyyət orqanlarının, həm də müxalifətin ünvanına səsləndirdiyi tənqidi, reallıqdan uzaq fikirlər göstərir ki, onun məqsədi daha çox ölkənin siyasi həyatını bir-birinə vurmağa hesablanıb. Məsələn,  milyarder iddia edir ki, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə səbəb guya Milli Məclisdə islahatlarla ayaqlaşa bilməyən təsadüfi adamların və “cib deputatları”nın olması olub:

“Boz kardinallar və hakimiyyətə yaxın dairələrin orada özlərinin “cib deputatları” vardı. Ona görə də başa düşürəm ki, bu ekipajla uzağa və hündürdən uçmaq təhlükəlidir. Deputat korpusunun keyfiyyət baxımından yenilənməsi lazımdır. İndi “kuklaoynadanlardan” qurtulmuşuq…” 

Əslində tanınmış iş adamının  buraxılmış Milli Məclisin üzvlərini “kuklaoynadanlar” adlandırması onları təhqir etməsi anlamına gəlir. Bununla da Fərhad Əhmədov həmçinin özünəməxsus şəkildə Milli Məclisin son illərdəki fəaliyyətini şübhə altına almağa cəhd edib. Daha sonra iş adamı Azərbaycanda konstruktiv müxalifətin olmadığını bildirib. Onun iddiasına görə, formal şəkildə mövcud olan müxalifət hakim partiyanın filialıdır və bu halda alternativ xəttin hazırlanmasına çalışmır. Hakimiyyətlə sərt münasibətlərdə olan müxalifətin də gələcəyinin  olmadığını söyləyən Fərhad Əhmədov yeni parlamentin daha çox müstəqil namizədlərdən formalaşdırılmasını “təklif” edir. Onun sözlərinə görə, məhz həmin müstəqil namizədlər gələcəkdə əsl “konstruktiv müxalifətin” özəyini təşkil edə bilərlər. Belə başa düşmək olar ki, Fərhad Əhmədov bununla da növbədənkənar seçkilər ərəfəsində qarşısındakılara “ağıl” dərsi keçmək niyyətinə düşüb. Hər halda onun “yol xəritəsi”ndə əksini tapan Mərkəzi Seçki Komissiyasının buraxılması və Seçki Məcəlləsinə kardinal dəyişikliklər edilməsi, xaricdə yaşayan və lobbiçilik fəaliyyətilə məşğul olan azərbaycanlıların seçkidə iştirakını təmin edəcək müddəaların qanuna daxil edilməsi kimi təklifləri “özünə umac ova bilməyən, başqasına isə əriştə doğramağı” öyrədəni xatırladır: “Mərkəzi Seçki Komissiyasını buraxmaq və yenidən formalaşdırmaq, bu orqanın rəhbərliyinə yeni nəslə aid idarəçi gətirmək; rayon seçki komissiyalarını yenidən formalaşdırmaq, seçki haqqında qanuna yenidən baxmaq; seçkini proporsional sistem üzrə keçirmək…”

Uzun illər boyu Azərbaycandan uzaqlarda yaşayan və “qaz vurub qazan doldurmaq”dan başqa bir şey barədə düşünməyən bir iş adamının birdən-birə siyasi ambisiyalarını ortaya qoyması və qarşısındakılara “dərs” keçməsi onun əslində ölkəmizə heç də “elə-belə” qayıtmadığı və  kimlərinsə tapşırıqları əsasında hərəkət etməsi təəssüratı oyadır. Amma Fərhad Əhmədov daha uzaqlara gedərək Yeni Azərbaycan Partiyasını Kommunist Partiyası ilə müqayisə edir və onda dəyişikliklər edilməsinin zəruriliyindən danışır. O bununla bağlı “facebook” səhifəsində yazır: “YAP-ın aparatını yenidən formalaşdırmaq, Kommunist Partiyasının kollektiv üzvlük modelindən, artıq kadr yükündən, cəmiyyətlə işdə formal-plakat üslubundan uzaqlaşmaq… Partiyanın oriyentasiyasını parlamentdə mütləq yox, adi çoxluğu təmin etməyə yönəltmək”.

Fərhad Əhmədovun Yeni Azərbaycan Partiyasını Kommunist Partiyası ilə müqayisə etməsi özü də onun siyasi səviyyəsinin bariz göstəricisi hesab edilə bilər. Belə bir müqayisə əslində olduqca qərəzli və siyasi baxımdan gülünc hesab edilə bilər. Fərhad Əhmədovun Seçki Məcəlləsinə dəyişikliklər edilməsi təkilfi də “yol xəritəsi”nin mahiyyətində ölkəmiz üçün xoşagəlməz  məqsədlərin dayandığını ehtimal etməyə imkan verir.

Fərhad Əhmədov daha sonra növbədənkənar parlament seçkilərinin şəffaf keçirilməsi və saxtakarlığa yol verilməməsi barədə yenidən “dərs” keçməyə cəhd edir. Yenə də təəccüblü gələn bu günə kimi ölkəmizdə və ondan kənarlarda hər hansı siyasi fəaliyyəti ilə tanınmayan  Fərhad Əhmədovun birdən-birə özünü tanınmış siyasətçi kimi göstərməyə cəhd etməsidır. İstər-istəməz sual ortaya çıxır: Fərhad Əhmədov niyə birdən-birə siyasi həyatda varlığını sübut etməyə çalışır və bu müstəvidə ”yol xəritəsi”ni hansı məqsədlə gündəmə gətirir?  Bu suala cavabı isə Fərhad Əhmədovun “yol xəritəsi”ndə axtarmaq lazım gəlir.

Əlbəttə, Fərhad Əhmədov iqtisadi inkişafla bağlı hansısa “yol xəritəsi” ilə gündəmə gəlsəydi, bəlkə də onun səmimiliyinə, ölkəmizə qayıdışının saf niyyətlərə xidmət etdiyinə inanmaq olardı. Faktiki olaraq siyasətdən uzaq bir adamın qarşıdan gələn parlament seçkiləri ərəfəsində “yol xəritəsi”ni ortaya qoyaraq özünü siyasi baxımdan çoxbilmiş kimi göstərməyə çalışmasının arxasında siyasi oyunbazlıq və hoqqabazlıq elementləri nəzərə çarpır. Təsadüfi deyil ki, Fərhad Əhmədovun “yol xəritəsi” ölkə daxilində onun tənqid hədəfinə çevrilməsinə gətirib çıxarıb. Məsələyə münasibət bildirən tanınmış politoloq Qabil Hüseynli Axar.az-a açıqlamasında deyib ki, Fərhad Əhmədovun təkliflərini “yol xəritəsi” adlandırmağın özü belə gülüncdür. Çünki “yol xəritəsi” anlayışı böyük bir məna kəsb edir. Fərhad Əhmədovun təklifləri isə adi sözlərdir və bunlar ölkədəki sabitliyi pozmağa yönəlib.

 Politoloq Azərbaycan hakimiyyətinin və xalqının onun qərəzli fikirlərinə ehtiyacı olmadığını söyləyib:

“Bu günə qədər Azərbaycanla bağlı hər hansı bir ictimai və siyasi tədbirə qatılmayan şəxs indi birdən-birə ölkəmizi dəyişdirməyə, “demokratikləşdirməyə” cəhd edir. Əslində, diqqətlə baxsaq, görərik ki, bu sözlər F.Əhmədovun təfəkkürünün məhsulu deyil. Hiss olunur ki, bu yazının yazılmasında maraqlı olan insanlar Azərbaycanda köklü islahatların getməsindən narahatdırlar. Diqqət etsək görərik ki, Azərbaycanda seçkilər ərəfəsində xaricdə yaşayan “milyarderlər”in belə iddiaları ilk dəfə deyil. Səbəb də hamıya bəllidir”.

Politoloq bildirib ki, F.Əhmədov gecikib və onun  təklif etdiyi “yol xəritəsi” artıq Azərbaycanda tətbiq olunmağa başlayıb. Ümumiyyətlə, onun ampulasında olan şəxslər Azərbaycanda baş verən islahatları dərk edəcək təfəkkürdə deyillər.

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev isə Moderator.az-a açıqlamasında bildirib ki, Fərhad Əhmədov Azərbaycana dönəndə mən hiss etmişdim ki, bu xoşniyyətli dönüş deyil: “Çünki o, Azərbaycanın çətin vaxtlarında qeybə çəkildi, ölkə stabil inkişaf yoluna çıxandan sonra geri qayıtdı. Biz Azərbaycan torpaqları işğal olunanda onun etiraz səsini eşitmədik. Senator olanda da “müdrikcəsinə” susmuşdu… Etiraz bir yana qalsın, biz onun ata-baba yurdlarından qovulmuş, acından ölməmək üçün həyat mücadiləsi verən həmvətənlərinə kiçik bir dəstək verməsini də müşahidə etmədik”.

Millət vəkilinin sözlərinə görə, Fərhad Əhmədov ziddiyyətli açıqlaması ilə burada ürək bulandırmaqdansa, vətəndaşı olduğu ölkənin problemlərindən yazıb, çıxış yollarını göstərsə daha başa düşülən olar. O və digər emissarlar Azərbaycanda istədiklərinə heç vaxt nail ola bilməyəcəklər.

Beləliklə, hadisələrin gedişi göstərir ki, Fərhad Əhmədovun gündəmə gətirdiyi “yol xəritəsi” siyasi hoqqabazlıqdan başqa bir şey deyil və Azərbaycan xalqının belə adamlara ümumiyyətlə ehtiyacı yoxdur.

Əziz Mustafa

Arazinfo.com