Məşhur adamların böyük fobiyası – Ruzvelt yanğından qorxub, Stalin təyyarədən, Hitler diş həkimindən

0
587

Fobiya təşviş və qorxu hissləri ilə müşayiət olunan haldır. Elə bu sözün yunan dilindən mənası da qorxu deməkdir. Fobiya əsasən ürək döyünməsi, baş gicəllənməsi, tərləmə, titrətmə, təngnəfəslik, ürək bulanması, əzələlərdə gərginlik, əllərin və ayaqların keyiməsi ilə müşayiət olunur. Bu cür qorxu hissləri insanlarda istənilən yaşda baş qaldıra bilər.

Hazırda dünya əhalisinin 15-17 faizi müxtəlif fobiyalardan əziyyət çəkir. Nəzərə alsaq ki, planetdə 7.7 milyard insan yaşayır, qorxu hissindən əziyyət çəkənlərin sayının heç də az olmadığının şahidi olarıq. Bu çoxmilyonlu insanların arasında tanınmışlar, siyasi liderlər də az deyil.

Maraqlıdır, güclü xarakterə malik siyasi liderlərin hansılar fobiyaların qarşısında aciz qalıb?

Amerika Birləşmiş Ştatlarının tarixində xüsusi yeri olan və dörd dəfə prezident seçilmiş Franklin Ruzvelt qorxu haqqında belə bir ifadə işlədib: “İnsanın ən çox qorxduğu şey elə qorxunun özüdür”. Qorxuların arasında isə Ruzvelt ən çox oddan qorxub. Bu fobiya onu ömrünün sonuna qədər müşayiət edib. Sərbəst hərəkətini itirdikdən sonra isə onda bu hisslər daha da artıb. Ruzvelt heç vaxt, hətta gecələr də olduğu otağın qapısını bağlamayıb. Yanğın baş verdiyi halda qapını aça bilməmək qorxusu Ruzvelti buna məcbur edib. Bu qorxunu nəzərə alaraq prezidentin həyat yoldaşı onun iş və yataq otağına təxliyə məqsədilə ikinci qapıları qoydurub.

30 il müddətində milyonlarla insanı qorxu içində saxlayan İosif Stalinin də fobiyaları olub. Stalin yüksəklikdən, təyyarə uçuşlarından qorxub. Sözsüz ki, bu da onun fəaliyyətinə kifayət qədər problemlər yaradıb. Uzaq səfərləri zamanı 2-3 saata qət ediləcək məsafələri Stalin bir neçə günə qatarla gedib. O, yalnız Tehran konfransı zamanı bir dəfə təyyarəyə minib, Bakıya qədər qatarla, Bakıdan Tehrana isə təyyarə ilə uçub. Uçduğu təyyarə isə SSRİ-nin deyil, ABŞ-ın istehsalı olan “Duqlas S-47” təyyarəsi olub.

Dünyanın ən tanınmış siyasətçilərindən biri sayılan, uzun illər Böyük Britaniyanın baş naziri olmuş, ingilis siyasi və dövlət xadimi Uinston Çörçill də fobiyalardan kənarda qalmayıb. Siyasətçi kimi məşhur olmaqla yanaşı, o, natiq kimi də populyar olub. Amma elə qorxusu da nitqi ilə bağlı olub. Çörçill kütlələr qarşısında çıxış etməkdən qorxub. Siayasətə gəldiyi ilk illərdə palata qarşısında üç dəqiqəlik çıxışı zamanı onun nitqi o qədər biabırçı olub ki, palata üzvləri Çörçilli gülüşlə və uzun-uzadı alqışlarla yola salıblar. Bu hadisədən sonra Çörçill ən kiçik tədbirlərdəki çıxışlarına belə bir-iki həftə əvvəlcədən hazırlaşmağa başlayıb. Çörçill fobiyasına qalib gələ bilib, o, siyasi fəaliyyətinin sonrakı illərində natiq və hazırcavab siyasətçi kimi yadda qalıb.

Dünyaya sahib olmaq istəyən Adolf Hitler II dünya müharibəsinə başlayanda özünü ən güclü siyasətçi saysa da, onun da qorxu hissi, fobiyası olub. Dünyanın ən güclü sərkərdələrindən qorxmayan Hitler diş həkimlərindən çəkinib. Onun ağız boşluğunda kifayət qədər problemlər olsa da, o, heç vaxt diş həkiminə müraciət etməyib. Çürük iddiaları kimi çürük dişlə gəzən Hitlerin ağzından ətrafdakılar üçün dözülməz və dəhşətli qoxu gəlib.

Elmi izaha görə fobiyalar əsasən üş yerə bölünür.

Küçə, meydan, bazar, teatr, kino, tünel və sair bu kimi yerlərdəki qorxular aqorafobiya, heyvanlardan (təkcə yırtıcı yox, həm də ev heyvanlarından), yüksəklikdən, qapalı və açıq mühitlərdən, təyyarəyə və liftə minməkdən yaranan qorxurlar sresifik fobiya, daha çox ictimai yerlərdə yeməkdən, danışmaqdan və ya yazmaqdan, həmçinin ictimai nəqliyyatdan istifadə etməkdən, qonaq qəbul etməkdən, əl-ələ görüşməkdən yaranan qorxurlar isə sosial fobiya adlanır. Bütün bunlarla yanaşı siyasi fobiyalar da var.

11 il SSRİ-yə rəhbərlik edən Nikita Xruşovda Stalin fobiyası olub. Xruşov Stalinin tabeliyində işləyəndə, hətta ona verilən tapşırığı ən yüksək səviyyədə yerinə yetirib məruzə edəndə belə qorxu hissləri Xruşovu tərk etməyib. Amma yəqin ki, Stalinin vəfatından sonra Xruşov ondan aldığı qisaslardan sonra öz fobiyası üzərində qələbə qazanıb.

Hər şeyə qadir olan Lavrenti Beriyada Jukov fobiyası özünü bütün açıqlığı ilə büruzə verib. SSRİ-nin baş cəlladında marşala qarşı qorxu o qədər güclü olub ki, o, dəflərlə Jukovun həbsi ilə bağlı Stalinə müraciət edib. Amma hər şey əksinə baş verib. Jukov özü qorxu içində olan Beriyanın əllərini qandallayıb və bununla da Beriya o dünyaya öz fobiyası ilə gedib.

18 il baş katib kürsüsündə əyləşən Leonid İliç Brejnevdə Kosıgin fobiyası olub. Brejnev onun populyarlığından, xalqın ona olan sevgisindən, işgüzarlığından qorxub. Brejnev bu fobiyadan qurtulmaq üçün uzun illər Aleksey Kosıgini siyasi səhnədən uzaqlaşdırmağa məqam gözləyib və sonda istədiyinə nail olub.

15 il SSRİ DTK-sına başçılıq edən və sonradan mübarizələrdən qalib çıxaraq birinci kürsüdə əyləşən Yuri Andropovda daxili işlər naziri Nikolay Şelokov qorxusu olub. Amma Andropov bu fobiyaya qalib gəlib, hətta mübarizəni o həddə çatdırıb ki, Şelokov özünü güllələyib.

Yəqin ki, SSRİ-nin siyasi liderləri arasında Konstantin Çernenko yeganə şəxs olub ki, heç bir fobiyası olmayıb. Ömür vəfa etsəydi, yəqin ki, onun da fobiyaları üzə çıxacaqdı.

İlham Cəmiloğlu, Musavat.com