“Artıq Türkiyə də bu məsələni araşdırır” – Mirşahin

0
601

Sentyabrın 15-də Ali Məhkəmədə ANS telekanalının lisenziyasına xitam verilməsi barədə qərardan kassasiya şikayətinə baxılıb. Hakim Sevda Hüseynovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, vəkil Fuad Ağayev də ANS-in müdafiəsinə qoşulub.

F.Ağayev bildirib ki, o, şirkət rəhbərliyi ilə bu gün müqavilə bağlayıb və iş materialları ilə tanış deyil. Vəkil bu səbəbdən ona, azı, iki həftə vaxt verilməsi və məhkəmə prosesinin təxirə salınması barədə vəsatət qaldırıb.
Milli Televiziya və Radio Şurasının nümayəndəsi Toğrul Məmmədov vəsatətin əleyhinə çıxıb. Bildirib ki, bu vəsatət işin süni şəkildə uzadılmasına xidmət edir və təmin olunmamalıdır.
Lakin məhkəmə vəsatəti təmin edib və proses qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

«ANS MƏSƏLƏSİ SIRADAN MƏSƏLƏ DEYİL»

ANS-in baş direktoru Mirşahin Ağayev məhkəmədən sonra deyib ki, son hadisələrdən sonra telekanalın taleyi məsələsində nikbindir. O vurğulayır ki, ANS məsələsi sıradan məsələ deyil: «Biz həmişə məhkəmədən haqq, ədalət gözləyirik. Ümid edirik ki, Azərbaycan məhkəməsi qanunların və hüququn mücəssəməsi kimi öz sözünü deyəcək. Biz də şirkət, vətəndaş olaraq, bundan ancaq udacağıq. Son hadisələr də göstərir ki, gedən proseslər ümidsizliyə əsas vermir. İnanıram ki, ANS məsələsi sıradan məsələ deyil. Bu, Azərbaycanın rəmzi, müstəqilliyimizin simvolu, 25 illik tarixi olan qurumun və demokratiyanın 25 illiyi məsələsidir. Bunun sıradan məsələ olmadığını həm də ANS-in yaşadığı tarix, keçdiyimiz keşməkeşli yollar, iştirak etdiyimiz proseslər sübut edir».

M.Ağayev Türkiyə mediasında ANS-in qapadılmasının səbəbləri barədə yazılanlara da toxunub: «Buna inanıram ki, Azərbaycan prezidenti ANS-i heç vaxt güdaza verməz. Bizə belə danışmağa əsas verən başqa bir səbəb də var. Artıq Türkiyənin də bu məsələni araşdırması nəticəsində bəzi informasiyalar yaranıb. Bu informasiyalardan birini bu yaxınlarda Türkiyədə hakimiyyətə yaxın mənbələrdən biri olan «Star» qəzetində oxuduq. Mətbu orqan özü də açıq tekstlə bildirir ki, ANS-in «FETO-METO» məsələlərində heç bir günahı yoxdur. Düşünürəm ki, bu məsələlərin araşdırılması üçün çox gözəl siqnaldır. Arif adamlar, ağıllı qurumlar bundan yaxşı istifadə etməlidilər».

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsi «ANS Müstəqil Yayım və Media» Şirkətinə 2013-cü il oktyabrın 25-də verilmiş lisenziyanı ləğv edib. Məhkəməyə MTRŞ müraciət etmişdi və müraciətini iyulun 15-də Türkiyədə dövlət çevrilişi cəhdindən sonra ANS-in efirində terrorizmə dəstək xarakterli materialların yayımlanmasıyla əsaslandırmışdı. Bildirilib ki, telekanalın ABŞ-dakı müxbiri ilahiyyatçı Fethullah Gülen-dən müsahibə alıb və həmin müsahibə xarici KİV-lər vasitəsilə anons olunub. Bununla əlaqədar Baş Prokurorluqdan Teleradio Şurasına məktub daxil olmuşdu. Məktubda qeyd olunurdu ki, ANS telekanalı terrorizmin təbliğinə yol verir, milli, dini ədavəti qızışdıran materiallar yayımlayır. Buna görə də ANS-in yayımının dayandırılması istənilirdi.

ANS rəhbərliyi ittihamları qəbul etmir. Hərçənd ANS-in baş direktoru Fethullah Gülenin mətbuat konfransında əməkdaşlarının iştirakını «səhv» adlandırıb, Türkiyə və Azərbaycan xalqlarından üzr istədiyini bildirib.  /Azadlıq radiosu

BIR CAVAB BURAXIN