Alison Flud
“The Guardian”, 05.12.2019
Albert Kamyunun 46 yaşında avtomobil qəzasında ölməsindən 60 il sonra yeni nəşr olunmuş bir kitabda fransız Nobel mükafatı laureatının antisovet ritorikasına qisas olaraq KQB casusları tərəfindən öldürüldüyü iddia edilir.
İtalyan müəllif Covanni Katelli ilk dəfə 2011-ci ildə “Corriere della Sera” qəzetində məşhur çex şairi və tərcüməçisi Yan Zabrananın gündəliyində Kamyunun ölümünün təsadüf olmadığını qeydləri barədə yazıb. İndi Katelli “Kamyuun ölümü” adlı kitabında araşdırmalarını genişləndirib.
Kamyu 4 yanvar 1960-cı ildə naşir Mişel Qallimarın idarəetməni itirərək maşını ağaca çırpması zamanı ölüb. Yazıçı dərhal keçinib, bir neçə gün sonra isə Qallimar. Bu hadisədən 3 il əvvəl “Vəba” və “Yad adam”ın müəllifi “dövrümüzdəki insan vicdanının problemlərini işıqlandırdığına görə” Nobel mükafatını almışdı.
“Qəza partlayış və ya qırılan ox nəticəsində meydana gəlmişdi. Mütəxəssislər qəzanın 30 metr enində olan düz yolda və tıxac olmayan yerdə baş verməsinə heyrətlənmişdilər”, – deyə Herbert Lottman 1978-ci ildə Kamyunun tərcümeyi-halında yazıb.
Katelli hesab edir ki, Zabrananın gündəliyindəki bir parça bunun səbəbini izah edir: şair 1980-ci ilin sonunda qeyd edib ki, “bilikli və yaxşı əlaqəli bir adam” ona KQB-nin qəzada baiskar olduğunu söyləyib. “Onlar şinlərə bir vasitə qoşmuşdu və maşın yüksək sürətlə hərəkət edərkən, o, alət işə düşüb”.
Zabrananın sözlərinə görə, əmr Sovet İttifaqının daxili işlər naziri Dmitri Şepilovdan gəlib. Bu, Kamyunun Fransanın “Frans-Tireur” qəzetində, 1957-ci ilin martında dərc edilmiş məqaləsinə qisas cavabı olub.
“Görünür, əmri yerinə yetirmək üçün kəşfiyyat 3 il fürsət gözləyib”, – deyə Zabrananın gündəlik məlumatlarında bildirilir. “Nəticədə, bu günə qədər hamı Kamyunun sıradan bir avtomobil qəzası nəticəsində öldüyü düşünülür. Bunu mənə danışan adam mənbəyini söyləməkdən imtina etdi, ancaq tamamilə etibarlı olduğunu söylədi”.
Kamyu 1956-cı ilin payızından bəri Macarıstandakı üsyana açıq şəkildə dəstək verib və Sovet İttifaqının hərəkətlərinə çox tənqidi yanaşıb. O, antisovetçi sayılan rus müəllifi Boris Pasternakı da tərifləyib.
Katelli illərdir Zabrananın qeydlərinin etibarlılığını araşdırıb. Kitabını yazarkən, Zabrananın dul arvadı Mari ilə görüşüb, KQB-nin Fransadakı fəaliyyətinə dair materiallar toplayıb və fransız vəkil Jak Verjesin şahid ifadələrini nəzərdən keçirib. Kitabın İtaliyada yayımlanmasından sonra Katelli italyan vəkil Culiano Spazzali ilə əlaqə saxlayıb. Spazzali mərhum Verjeslə Kamyunun ölümü ilə bağlı müzakirə apardığını deyib.
“Verjes qəzanın qurama olduğunu söylədi. Məncə, Verjesin mənimlə bölüşmək istədiyi daha çox sübutu var idi. Soruşmaqdan çəkindim. “İsti mövzu” gözlənilmədən gündəmə gələndə, araşdırma aparmadım və Verjesin qurama qəzanın fransız kəşfiyyatının razılığı ilə KQB bölməsi tərəfindən təşkilinə necə əmin olduğunu hələ də xatırlayıram”.
Katelli iddia edir ki, Kamyunun açıqlığı Fransa-Sovet münasibətlərinə mane olurdu və SSRİ-nin qəddar imperializmini diqqət mərkəzinə çəkirdi. Həm Fransa, həm də Sovet hökuməti bu xoşagəlməz vəziyyəti aradan qaldırmaq istəyirdi.
Katellinin nəzəriyyəsi Kamyunun qızı Ketrin tərəfindən təsdiqlənməyib, habelə naşir Qallimar atasının işindən sitat gətirilməsini qadağan edib. Buna baxmayaraq, kitab Fransa, Argentina və İtaliyada nəşr olunub və Pol Osterin dəstəyini qazanıb.
Avtomobil qəzasını ”siyasi sui-qəsd” adlandıran Oster kitaba ön söz yazıb: “46 yaşında Albert Kamyu susduruldu”.
“Ümid edirəm ki, akademiklər bunun sadə bir qəza olduğuna dair köhnə fikirlərə tabe olmayacaqlar”, – deyə Katelli ingilis nəşrində qeyd edib.
Kembricdə fransız ədəbiyyatı professoru Alison Finç bu fərziyyə ilə razı deyil. “Sui-qədsd nəzəriyyəsini kimlər müdafiə edir? Ailəsi kommunist rejimi tərəfindən təqib olunan və kommunizmə nifrət etməsi üçün əsası olan çex yazıçısı və tərcüməçisi (Yan Zabrana); fransızlar tərəfindən işgəncəyə məruz qalan, Əlcəzairin müstəqillik döyüşçülərini müdafiə edən çox mübahisəli vəkil Jak Verjes… Sui-qəsd olsaydı, bunu De Qoll da dəstəkləməliydi. De qoll isə istedadlı fransız ziyalılarına, hətta onunla həmfikir olmayanlara hörmətlə yanaşırdı”.
Tərcümə: Strateq.az