Bakıda pul paylayan aparatın sahibi bu şəxsdir

0
421

B

Bakıda insanlara “pulsuz pul” paylayan aparatlar quraşdırılıb. Azərbaycan vətəndaşları Bakı şəhərinin bir neçə ərazisində quraşdırılan “Azpulmat” adlı aparatlardan şəxsiyyət vəsiqəsini və barmaq izini daxil etməklə 20 manat məbləğində borc pul ala bilər. Həmin borc 5 gün ərzində 21 manat şəklində geri qaytarıldığı zaman borcalan yenidən 40 manat pul götürə bilər. Bildirilir ki, bu məbləği bu şəkildə 1000 manata kimi artırmaq olar.

“Azpulmat” adlı aparatlar haqqında məlumat almaq məqsədilə “azpul.az” adlı veb-sayt açılıb. Həmin sayt cəmi bir-neçə səhifədən ibarətdir. Olduqca səthi məlumatlar mövcuddur. Həmin səhifədə əlaqə üçün yalnız mobil nömrə qoyulub. İnsanlara pul paylayan bu aparatın kimə məxsus olduğu, ünvanı və digər məlumatlar mövcud deyil.

Arazinfo.com Yeniavaz.com-a istinadla xəbər verir ki, “Azpulmat” adlı aparatlar ötən il dövlət qeydiyyatına alınan Azpul MMC adlı şirkətə məxsusdur. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, ev 89, 3159-cu məhəllədə yerləşir. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Tural Gəray oğlu Vəliyevdir.

1981-ci ildə Gəncə şəhərində anadan olan Tural Vəliyev Gəncə Dövlət Universitetində təhsil alıb. 2005-ci ildən bank sektorunda fəaliyyət göstərib. Tural Vəliyev “Gəncə Bank” SKB, “Royal Bank of Baku” ASC-nin Gəncə filialı, həmçinin “Nikoyl Bank”ın Gəncə filialında çalışıb. 2009-2014-cü illərdə “Nikoyl Bank”ın Gəncə filialının müdiri olub. 2014-cü ildə bankdakı vəzifəsindən çıxarılıb. Daha sonra “Nikoyl Bank”la Tural Vəliyev arasında məhkəmə çəkişməsi olub.

Tural Vəliyev “Azpul” MMC-ni təsis etməzdən əvvəl – 2017-2018-ci illərdə “Giləzi Quşçuluq” şirkətində mühasib işləyib.