Belarus-Rusiya ziddiyyətləri dərinləşməkdə davam edir

0
467

Hər ilin sonunda olduğu kimi başa çatmaqda olan 2019-cu ildə də Rusiya-Belarus münasibətlərində gərginlik özünü göstərməkdədir.  Buna da səbəb Rusiyanın müxtəlif yollarla, o cümlədən iqtisadi təzyiq vasitələrini işə salmaqla Belarusu diz çökdürmək və bu yolla onu müstəqilliyindən vaz keçməyə məcbur etmək planlarını işə salmasıdır. Xüsusi ilə Belarusun qaz və neftə olan ehtiyacının demək olar 80 faizini Rusiyadan alması və bu çərçivədə də adıçəkilən ölkədən asılı olması Minski öz müstəqilliyindən əl çəkməyə məcbur etmək üçün Moskvanın əlində ciddi şantaj vasitəsinə çevrilib. Öz növbəsində hər ilin sonunda olduğu kimi Belarus prezidenti Aleksandr Lukaşenko da Rusiya neft və qazını daha ucuz qiymətə almaq üçün müxtəlif manevrlərə əl atmaqda davam edir. Lukaşenko Rusiya ilə iqtisadi sahədə inteqrasiyanın tərəfdarı olduğunu, ancaq iki ölkə arasında siyasi birləşmənin tərəfdarı olmadığını və bu amilin Belarus xalqının iradəsindən asılı olduğunu dəfələrlə vurğulayıb. Buna baxmayaraq Belarusa qonşu olan Polşada, həmçinin Avropanın əksər aparıcı ölkələrində Minskin Moskva ilə siyasi inteqrasiyaya girə bilməsi və onunla ittifaq dövlətində birləşməsi ehtimalı ciddi təşvişlə qarşılanmaqdadır. Xüsusi ilə Polşa mətbuatında gələn ayın 8-də Rusiya-Belarus İttifaqının yaradılması  barədə imzalanan anlaşmanın 20 illiyi ilə bağlı keçiriləcək rəsmi tədbirdə Minsk ilə Moskava arasında ittifaq dövlətinin yaradılması barədə sənədin yekun variantının imzalanması təhlükəsi daha çox narahatlıq doğuran yazılar  getməkdədir. Ümumiyyətlə son vaxtlar istər Qərb, istərsə də Polşa mətbuatında Belarusun Rusiya ilə ittifaq dövlətində birləşə biləcəyi ehtimalı ilə bağlı çoxsaylı yazılar dərc edilir və bu məsələnin ətrafında böyük ajiotaj yaradılır. Bu yazılarda siyası müşahidəçilərin əksəriyyəti tərəfindən Belarusun Rusiya ilə ittifaq dövlətində birləşməsi prosesinin baş tutacağı halda bunun Qərb ölkələri, o cümlədən Polşa  üçün ciddi təhdid mənbəyinə çevriləcəyi vurğulanır. Məsələ ətrafında Qərbdə qaldırılan ajiotajla bağlı Belarus prezidenti Aleksandr Lukaşenko rəsmi şəkildə açıqlama verməyə məcbur olub. O deyib ki, Belarus heç bir halda Rusiya  ilə birləşməyə hazırlaşmır. Aleksandr Lukaşenkio :“Polşa, Ukrayna və ya digər ölkələrə tankların yeridilməsi üçün Rusiya ilə alyans yaratmağa hazırlaşmıram”.

O, həmçinin, bu iddiaları tez-tez səsləndirən Polşa KİV-lərini bu kimi bəyanatlardan uzaq durmağa səsləyib. Belarus prezidenti adıçəkilən məsələyə ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşdə də toxunduğunu və ölkəsinin müstəqilliyindən imtina etmək niyyətində olmadığını onun diqqətinə çatdırdığını vurğulayıb.

Bununla belə Rusiyadakı müxtəlif siyasi qüvvələr tərəfindən Belarus prezidentinə təklif edilir ki, o Belarusun Boqdan Xmelnitskisi olmalı və ölkəsini Rusiyaya birləşdirməlidir. Məsələn, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski öz “Telegram” kanalında yazıb ki,Belarus Prezidenti Aleksandr Lukaşenko üçün hər il ölkəni idarə etmək daha da çətinləşir. Onun üçün ən yaxşı seçim Rusiya və Belarusu birləşdirməkdir. Məsələ ilə bağlı Virual.az-ın  verdiyi xəbərə görə Vladimir Jirinovski deyib:

“O, artıq Avropadakı ən yaşlı rəhbərdir – 25 ilə yaxındır hakimiyyətdədir. Qərbdə onu qəbul etmirlər, Şərqdə də hər istədiyi alınmır. O istəyir ki, Rusiya bazarı onun özününkü kimi olsun, qiymətlər eyni olsun, bununla belə, Minsk müstəqil xarici siyasət aparsın. Bu necə ola bilər? Buna görə də hazırda onun üçün ən yaxşı variant Belarusun müasir Boqdan Xmelnitskisi olmaq və nəhayət, Rusiya və Belarusu birləşdirməkdir”.

Lakin hadisələrin gedişi göstərir ki, Lukaşenko Rusiyanın iqtisadi təzyiqlərinə sona kimi tab gətirmək niyyətindədir. Lukaşenko jurnalistlərlə görüşündə Rusiya-Belarus ittifaqının reallaşmasının yalnız iqtisadi sahədə mümkün ola biləcəyini bildirib və Moskva ilə siyasi birləşmənin müzakirə hədəfi olmayacağını bəyan edib. Aleksandr Lukaşenko iqtisadi inteqrasiyanın da iki ölkə arasında enerji tədarükü arasında razılıq əldə edilə biləcəyindən sonra mümkün ola biləcəyini bəyan edib:

“Əgər Rusiya ilə Belarus arasında enerji tədarükü məsələsində razılaşmaq mümkün olmasa, o zaman Aleksandr Lukaşenko Vladimir Putinlə Belarus-Rusiya inteqrasiyası barədə yol xəritəsini imzalamayacaq”.

Aleksandr Lukaşenko Rusiya ilə ticarətdən yalnız zərər gördüklərini və üstəlik qarşı tərəfin  ildən-ilə ölkəsi qarşısında daha ağır şərtlər irəli sürdüklərini vurğulayıb:

“Bizim Rusiya ilə mənfi ticarət balansının nə qədər olduğunu bilirsinizmi? 9 milyard dollar. Mən bu pulu haradan götürməliyəm ki, defisiti bağlayım? Başqa bazarları da qapadırıq. Biz hər il itiririksə, bu nə ittifaqdır? Hər il bizə yeni şərt irəli sürürlər. Hər il iqtisadiyyatda itiririk, itiririk və itiririk. Bağışlayın, amma bu ittifaq kimə lazımdır?”.

Bununla da Belarus prezidenti Rusiya ilə nəinki siyası, hətta iqtisadi sahədə inteqrasiyanın baş tuta biləcəyini şübhə altına alıb.

Əslində Qərbdə də Rusiya-Belarus ittifaqının baş tutmaması üçün müəyyən cəhdlərə baş vurulur. Belə ki, Qərb tərəfindən Belarusiyaya tətbiq edilən sanksiyaların aradan qaldırılması daha çox Minski Moskvanın caynağından xilas etməyə xidmət edir. Bu baxımdan da Qərb ölkələrinin Belarusla siyası təmasları yeni müstəviyə keçirilməkdədir.

Rusiya ilə münasibətlərin gərginləşməkdə davam etdiyi bir vaxtda Aleksandr Lukaşenko da siyası manevlərə baş vurmaqdadır. Qərbin  Belarusun Rusiya ilə birgə ittifaqda birləşə biləcəyindən narahat olmasını anlayan Aleksandr  Lukaşenko öz növbəsində özünə qarşı Avropada münasibətin dəyişməsindən istifadə etməyə cəhd edir. Bunu ötən həftənin əvvəllərində Belarus prezidentinin uzun fasilədən sonra Avstriyaya səfəri də bir daha təsdiq etdi. Qərbdə Avropa diktatoru adlandırılan Aleksandr Lukaşenkonun Avstriyaya səfəri xüsusi diqqət mərkəzində idi. Avstriya prezidenti Aleksandr Van der Bellenin dəvəti ilə baş tutan səfər Belarusun Rusiya ilə siyasi ittifaqda birləşib-birləşməyəcəyi məsələsinə müəyyən qədər aydınlıq gətirmiş oldu.

Yeri gəlmişkən bir haşiyə çıxaraq onu da deyək ki, əslində Aleksandr Lukaşenkonu Avstriyadan əlavə Fransa, Belçika, Polşa və Latviya da öz ölkəsinə dəvət etmişdi. Lakin Belarus prezidenti adıçəkilən ölkələrdən yalniz Avstriya prezidentinin dəvətini qəbul edərək Vyanaya rəsmi səfərə getməyə üstünlük verdi. Bu da əsassız deyil. Avstriya digər Qərb ölkələri ilə müqayisədə postsovet məkanı ölkələrinə münasibətdə daha yumşaq mövqe nümayiş etdirir və eyni zamnada NATO üzvü deyil. Təbii k, Rusiyanı daha da qıcıqlandırmamaq üçün Avstriyanın məhz  NATO üzvü olmaması amilini nəzərə alan Lukaşenkonun adıçəkilən ölkəyə səfərə getməyə üstünlük verməsi təsadüfi deyildi. Aleksandr Lukaşenkonun Vyanada Avstriya prezidentilə, federal kansler Sebastyan Kurtsla və parlamentin sədri Volfqanq Sobotka ilə rəsmi görüşləri həqiqətən də yüksək səviyyədə baş tutdu. Qeyd edək ki, bu ilin mart ayında Avstriya federal kansleri Sebastyan Kurtsun Minskə səfəri də olduqca yüksək səviyyədə təşkil edilmişdi. Buna paralel olaraq Avstriya, Avropa da yeganə ölkələrdəndir ki, Qərbin sanksiyalarına baxmayaraq müxtəlif sahələrdə  Belarusla iqtisadi və siyasi sahələrdə əməkdaşlığı davam etdirmişdi. Üstəlik Vyana Minsk ilə Vilnüs arasında nüvə stansiyasının inşasına dair yaranmış mübahisənin tənzimlənməsində də vasitəçi missiyasını həyata keçirir. Ümumiyyətlə iki ölkə rəhbərləri arasında keçirilən görüşdə istisadi inteqrasıya, qarşılıqlı sərmayə yatırımı barədə müəyyən razılıqlar əldə edildi. Lakin Lukaşenkonun Avstriyaya səfərinə həsr edilən mətbuat konfransı  müəyyən gərginliklərlə də yadda qaldı. Belə ki, avstriyalı jurnalistlər Lukaşenkoya ölüm hökmünün ləğv edilməməsi və insan hüquqlarının pozulması ilə bağlı qıcıqlandırıcı suallar ünvanladılar. Jurnalistlərin təhrikedici bu suallarından narazı qaldığını gizlətməyən Lukaşenko isə öz növbəsində onlara cavabında Belarusda insanlara azad şəkildə yaşaması üçün bütün imkanların verildiyini bildirdi. O qeyd etdi ki,ölkəsindəki insanlara yaşamaq, işləmək hüququ, vətəndə və ya xaricdə işləmək imkanı verilib, üstəlik onlar pulsuz təhsil və pulsuz səhiyyə xidmətindən istifadə edirlər. Amma siz mənə belə bir sosial təminata nail olan bir Avropa İttifaqı ölkəsi göstərə bilməzsiniz.

Belarusda ölüm hökmünün ləğv edilməməsi ilə bağlı suala cavabında isə Lukaşenko bildirdi ki, Belarusda ölüm hokmü referendumla tətbiq edilib və yalnız referendumla da aradan qaldırıla bilər. Belarus rəhbəri eyni zamanda bildirdi ki, ABŞ və Çində də ölüm hökm ləğv edilməyib, ancaq bu amil Avropa İttifaqının adıçəkilən ölkələrlə siyasi və iqtisadı münasibətləri inkişaf etdirməsinə mane olmur. Lukaşenko Belarusun avtoritar dövlət olmadığını  söyləyərək 90-dan çox ölkənin  buraya vizasız gələ bildiyini də xüsusi vurğuladı.

Lukaşenkonun Vyanaya səfərini iqtisadi baxımdan da uğurlu adlandırmaq olar. Belə ki, iki ölkə prezidentlərinin də iştirak etdiyi Belarus-Avstriya İqtisadi Forumunda iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılıq əldə edilib. Bu da Belarus üçün olduqca vacibdir. Çünki Rusiyanın iqtisadi təzyiqlərindən əziyyət çəkən Belarus bununla da bəzi iqtisadi problemlərini həll edə biləcək.  Yeri gəlmişkən onu da xatırladaq ki, Belarusu gələn il iqtisadi baxımdan heç də yaxşı günlər gözləmir. Belə ki, təkcə Rusiya neftinin gömrük rəsmiləşdirilməsi haqqında sazişin yenilənməməsi səbəbindən gələn il Belarus büdcəsi  423 milyon dollardan çox vəsait itirəcək. Bu saziş 2017-ci ildən bəri qüvvədə olub. Eyni zamanda Rusiyanın neft sahəsində vergiləri artırması nəticəsində Belarusun 2020-ci ildə daha 240 milyon dollar itirəcəyi gözlənilir. Buraya Rusiyanın Belarusa satdığı qazla bağlı qiymətlərin hələ də müəyyən edilmədiyini əlavə edəndə Minskin kifayət qədər iqtisadi problemlər burulğanında boğulduğunu aydın görmək mümkündür. Beləliklə Belarus-Rusiya münasibətlərində istər iqtisadi, istərsə siyası və hərbi sahədə kifayət qədər ziddiyyətlər mövcudur. Bu ziddiyyətlərin aradan qaldırılıb-qaldırılmaması və ya onun daha da dərinləşəcəyi məsələsinə dekabrın 8-də iki ölkə arasında ittifaq sənədinin imzalanmasının 20 illiyi ilə bağlı keçiriləcək yubiley tədbirindən sonra aydınlıq  gətiriləcəyi ehtimal edilir.

Əziz Mustafa

Arazinfo.com