Yeltsinin Primakov haqqında “inşası”:“O, sovet stereotiplərinin əsiri idi”

0
462

Bu günlərdə adı ölkəmizdə dillər əzbəri olan Yevgeni Primakovun Rusiya Federasiyanın baş naziri olaraq karyerasının qısa çəkməsi (8 ay) barədə yəqin ki, çoxları bilmir. Ancaq bu hadisənin ciddi səbəbləri olub və bu barədə ən mötəbər mənbə onu həmin vəzifədən kənarladıran adam, sabiq RF prezidenti Boris Nikolayeviç Yeltsindir.

Yeltsin öz memuarında Yevgeni Primakovun istefaya göndərilməsi məsələsinə də geniş toxunub.

Sabiq prezident yazır ki, Primakovun yavaş-yavaş, ancaq sabit bir şəkildə siyasi təşəbbüsü ələ keçirərək, ölkəni sosializmə geriyə qaytarmasına imkan vermək haqqı olmayıb. “Çünki ölkə yeni-yeni növbələrdən, qıtlıqdan, partkom qarşısında qorxudan çıxırdı, hər şeyi geri qaytarmaq əsl cinayət olardı”, – Yeltsin yazır.

Sabiq prezident Primakovun niyyətlərinə dair yazısını belə davam etdirir:

“Yevgeni Maksimoviçlə ilk xoşagəlməz söhbətimiz yanvarda baş verdi. Primakov Dumaya seçkilərə qədər yaxın bir il üçün siyasi tənzimləməyə dair hansısa plan təqdim etmişdi. Onun məğzi nə idi?

Prezident  öz üzərinə Dumanı buraxmamaq və hökuməti istefaya göndərməmək öhdəliyi götürür. Duma impiçment prosedurunu dayandırır və hökumətə etimadsızlıq göstərmir. Hökumət özünə etimadsızlıq göstərilməsi üçün Dumaya layihə vermək hüququna malik olmur.

Bu razılaşmanın mətni və onun bütün mühüm məqamları mənə yaxşı tanış idi ”.

Heç demə, bu razılaşma Çernomırdinin dövründən qalıb və Primakov onu diriltmək qərarına gəlib. Bəs nəyə görə?

Yeltsinin yazdıqlarına görə, Dumada hazırlanan impiçment layihəsi ilə bağlı Primakov parlamenti sədri Gennadi Seleznyovla səlahiyyət müddətinin başa çatmasından sonra prezidentə təminat verilməsi haqqında qanun layihəsini müzakirə edib.

“Primakov bu sənədlə mənim yanıma, xəstəxanaya gəldi, – Yeltsin yazır. – Mən soruşdum ki, Yevgeni Maksimoviç, prezidentin səlahiyyətlərini əhəmiyyətli şəkiıldə azaldan bir sənədi  necə təqdim etmək, hətta mənə xəbər vermədən, mənimlə məsləhələşmədən Duma və Federasiya Şurasıyla bu barədə necə danışmaq olar? Bütün bunları necə başa düşək?”

Primakov və Yeltsin

Primakov utandı, özünə haqq qazandırmağa çalışdı: “Boris Nikolayeviç, mən ki sizin, bütün cəmiyyətin, dövlətin mənafeyinə uyğun hərəkət etmişəm. Bağışlayın ki, sizinlə razılaşdırmamışam, sənədi dərhal geri çağıraram…”

Söhbət xoşagəlməz, ancaq gərəkliydi. Primakok yanımdan çıxarkən köməkçilərimə demişdi ki, Boris Nikolayeviç onu düzgün başa düşməyib”.

Bu məsələyə görə Yeltsin Primakova acıqlansa da, yenə hesab edir ki, bəlkə də onun niyyəti səmimi imiş. O, Primakovu “öz baş naziri” saymaqda davam edir.

Yeltsin yazır: “Primakov tutduğu bütün postlarda mənə müstəsna şəkildə loyal olmuşdu. Çox nəzakətli, diqqətli, insani baxımdan yaxın idi. Hakimiyyətə 91-ci ildə sonra gələn gənc siyasətçilər dəstəsinin içində biz onunla hələ sovet vaxtından işləməyə başlayan əsl  “mastodont”lar idik”.

Yeltsin Primakovun münaqişələrə girməmək, Kreml intriqalarına nümayişkarənə şəkildə qoşulmamaq xasiyyətini yüksək qiymətləndirib. O, hələ Yasenevedə XKX-də (Xarici Kəşfiyyat Xidməti) çalışarkən, Smolenskdə, XİN-də işləyərkən sakitcə öz işi ilə məşğul olub, özünün əls peşəkar reputasiyasının qayğısına qalıb. Yeltsin məhz bu keyfiyyətlərinə, təcrübə və biliyinə görə onu baş nazir təyin etmək, özündən sonra dövlətin ikinci adamına çevirmək qərarına gəlib.

Yeltsin yazır: “Mən Yevgeni Maksimoviçi baş nazir təyin edən zaman bilməzdim ki, cəmi bir neçə ay keçəndən sonra aramızda anlaşılmazlı kar divar kimi duracaq. Nə qədər paradoksal olsa da, “barışdırıcı” və “birləşdirici” Primakov günbəgün biznesin böyük hissəsi, KİV, bir çox siyasilər və Dumanın bütöv fraksiyaları üçün başlıca qıcıqlandırıcı faktora çevrilirdi. Bilərəkdən, ya bilməyərəkdən, o, öz ətrafında bazar iqtisadiyyatına, liberalizmə qarşı olan qüvvələr toplayırdı, istər-istəməz söz azadlığına hücum edirdi və bu, jurnalistləri həyəcanlandırmaya bilməzdi.

Züqanov və Primakov

Yevgeni Maksimoviçin “Rossiya” telekanalına qarşı sərt çıxışı xüsusi yadımda qalıb. O, bütün yaradıcı kollektivi yığaraq, az qala bir saat müddətində jurnalistləri danlamış, onlara yolverilməz tonlarını, səhvlərini göstərmiş və demişdi ki, hökumət haqqında nəyi demək olar, nəyi demək olmaz.

Xatırlayıram ki, görüşlərmizin birində o, təkrar-təkrar jurnalistləri pisləyirdi, mən ona deyirdim: “Yevgeni Maksimoviç, fikir verməyin, heç kəs bizim aramızı vura bilməz, danışdığımız kimi, bir yerdə işləyəcəyik”. “2000-ci ilə qədər?” “Bəli!”

Primakov bir dəqiqə düşündü. “Boris Nikolayeviç, – birdən-birə o, təklif etdi, – gəlin, televiziyadan briqada dəvət edək və siz öz sözlərinizi təkrar edin ki, onların hamısı eşitsin”.

Primakov, Çernomırdin, Seleznyov…

Bir müddətdən sonra kabinetə televiziyaçılar daxil oldular və mən hər sözümü vurğulayaraq dedim: “Mövqeyim budur, 2000-ci il seçkilərinə qədər işləyəcəm. Baş nazir isə yeni prezidentin seçkisinə qədər işləyəcək”.

Mən təkrar-təkrar onun əlini sıxdım, hamıya nümayiş etdirdim ki, biz bir-birimizə bağlıyıq və eyni işi görürük”.

Bununla belə, prezident və baş nazir arasında anlaşılmazlıq bitmir. Məlum olur ki, onlardan biri yeniliyə, liberalizmə açıq, digəri isə mühafizəkar baxışlara malikdir və köhnə havalardadır.

Bir dəfə hökumətin toplantısında ədliyyə naziri may ayında tətbiq ediləcək amnistiya ilə 94 min nəfərin azadlığa çıxacağından danışarkən Primakov nazirin sözünü kəsir və deyir: “Bu, humanizm göstəricisidir, düzgündür. Ancaq bunu həm də ona görə etmək lazımdır ki, iqtisadi cinayətlərə görə içəri basacağımız adamlara yer açılsın” .

Primakov və Stepaşin

Yeltsin yazır: “Bu cümləni yəqin ki, çoxları yadında saxlayıb. Həmin yaz bir çox rusiyalı vətəndaşlar çamadanlarını qablamışdılar. Qəti olaraq aydın olmuşdu ki, populyar baş nazir, ümummilli lider olmağa iddia edən adam sovet stereotiplərinin əsiri olaraq yaşayır”.

Kremldə müşahidə edirlər ki, Primakovun hakimiyyətdə qalması cəmiyyətin qütbləşməsinə, onun aktiv şəkildə düşmənçilik edən iki qrupa bölünməsinə səbəb olur. Revanşistlər, köhnə partokratlar, kommunistlər Primakovun simasında özlərinə “köhnə əyyamı qaytaraq biləcək” lider görürlər.

Belə bir vaxtda preizdent Yeltsin öz administrasiyasının rəhbəri Nikolay Bordyujanı vəzifəsindən götürür, yerinə Aleksandr Voloşini təyin edir. Primakov bu təyinatdan bərk narazı qalır, hətta Yeltsindən inciyir.

Yeltsin yazır: “Primakov özünü saxlaya bilmədi, soruşdu: “Boris Nikolayeviç, Bordyujanı nə üçün azad etdiniz?” Mən cavab verdim: “Bacarmırdı”.

Yeri gəlmişkən, mən Bordyujanın vəzifədən azad olunması, Voloşinin təyin edilməsi haqqında xəbəri Primakova verməyi Voloşinin özündən xahiş etmişdim. O da zəng edib demişdi: “Yevgeni Maksimoviç, bu Voloşindir. Bu gündən prezident məni administrasya rəhbəri təyin edib”.

Bir daha təkrar edim ki, bu, Primakovu çox dilxor etmişdi. Onların münasibəti ilk gündən alınmadı. Voloşin baş nazir üçün tamam yad biri idi”.

Söz yox ki, Primakov 2000-c il seçkilərinə baş nazir kimi qatılmaq, ətrafında hər hansı bir güclü hərəkat formalaşdıraraq, uğurlu seçki kampaniyası aparmaq və seçkilərdə qələbə qazanaraq dövlət başçısı seçilmək niyyətində olub.

Bundan ötrü o, öz ətrafında qüvvələr toplamağa başlayıb. Bu qüvvələrin siyasi rəngi isə heç cür prezident Yeltsinə sərf etməyib.

Yeltsin bu barədə belə yazıb: “Primakov öz siyasi spektrinə həddən artq qırmızı toplamışdı”

Baş nazir Gennadi Züqanovun rəhbərlik etdiyi kommunistlərlə vaxtaşırı məsləhətləşmələr aparıb, Yeltsinin bundan xəbəri olsa da, öz baş nazirinin bu kimi işlərinə qarışmayıb, ondan bu barədə heç nə soruşmayıb. Kommunistlər isə Yeltsinin parlamentdə impiçment olunması üçün Dumaya qanun layihəsi təqdim ediblər. Həmin sənəd beş müddəadan ibarət olub: “rus xalqının soyqırımı”, ordunun dağıdılması, 93-cü ildə Dumaya hücum, Belovejsk sazişi və MDB-nin yaradılması, Çeçenistanda müharibə…

Belə bir situasiyada Yeltsin Primakovu vəzifəsindən azad etməkdən çəkinmir və heç kəsin gözləmədiyi halda belə bir qərar verir. Tərəfdarları ona deyirlər ki, baş nazirin istefaya göndərilməsi impiçmenti qaçılmaz edəcək. Lakin, bu, Yeltsini dayandırmır. O, artıq gələcək siyasi varisi kimi nişanladığı Vladimir Putinin yolunu açmaq üçün fəaliyyətə başlayır.

Prezidentin impiçmentini tələb edənlər və senatorların əksəriyyəti mayın 17-də Federasiya Şurasının yığıncağında hökumətin müdafiəsi üçün xüsusi qətnamə qəbul etməyi planlaşdırırlar və bu, Primakovun mövqeyini xeyli güclü edir. Ancaq Yeltsin anlayır ki, ləngimək, belə bir adama ölkənin taleyini tapşırmaq yanlış olar.

Baş naziri vəzifəsindən azad etmək üçün ona öncə birinci müavin təyin etmək lazım gəlir. Yeltsin daxili işlər naziri Sergey Stepaşinin namizədliyini irəli sürür və Primakov ona etiraz etmir.  Kremldə keçirilən növbəti toplantıda Yeltsin Stepaşini sağ yanında oturdur və bütün ölkəyə dəyişiklik olacağı barədə mesaj verir .

Nəhayət, mayın 12-də Yeltsin Primakovu yanına çağırır.

Sabiq prezident bu barədə yazır: “Primakovla ayrılıq olduqca qısa çəkdi. Mən ona istefaya göndərilməsi barədə məlumat verdim və işinə görə minnətdar olduğumu dedim.

Primakov dilini sürüdü. “Sizin qərarınızı qəbul edirəm, – o dedi, – konstitusiyaya görə buna hüququnuz var, amma onu yanlış sayıram”.

Bir daha Yevgeni Maksimoviçə baxdım. Hayıf. Çox hayıf”.

Ancaq məsələ heç də tam olaraq Yeltsin dediyi kimi olmayıb. Primakov öz ərizəsi ilə istefa verməkdən imtina edib. Yeltsin iki dəfə xahiş edib, amma Primakov onun sözünə qulaq asmayıb. Bundan sonra Voloşin hazır istefa ərizəsi ilə kabinetə daxil olub.

Bu hadisədən xədər tutan Duma üzvləri Primakova prezidentin əmrinə tabe olmamağı, öz nüfuzundan istifadə edərək onu devirməyi təklif ediblər, amma Primakov bu avantüraya qol qoymayıb.

O zaman, 1998-ci ilin mayında Primakovun 69 yaşı olub. O, vəzifəsindən gedəndən sonra Dövlət Dumasının deputatı seçilib, daha sonra (2001-ci ildə) isə Rusiya Federasiyasının Ticarət-Sənaye Palatasının prezidenti olub və 10 il bu vəzifədə çalışıb. Primakov 2015-ci ildə 86 yaşında ölüb.