Rədd edilən Lyonanı rəqsə dəvət edən Vika – O, 40 il sonra SSRİ-nin birinci xanımı oldu, böyük sərvət topladı

0
569

Onu sakit, sadə, həyat yoldaşının işlərinə müdaxilə etməyən, yalnız ailə qayğıları ilə məşğul olan bir qadın kimi tanıyıblar. 18 il ölkənin birinci xanımı statusunda olan Viktoriya Petrovna çox nadir hallarda rəsmi tədbirlərdə baş katibin yanında görünüb. Amma bütün bunlar Brejnevlər ailəsinin yalnız görünən tərəfləri olub. Pərdəarxası səhnələr isə görünənlərdən tam fərqlənib.

Viktoriya Petrovna (Denisova) 1907-ci ildə Belqorodda anadan olub. 9 illik orta təhsildən sonra o, Kursk şəhərində tibb texnukumunda oxuyub. Leonid İliç Brejnev də həmin vaxt bu şəhərdə Meliorasiya texnikumunda təhsil alıb. Tanışlıqları da buradan başlayıb.

Tələbə yataqxanasının klubunda rəqs gecələrinin birində Brejnev qızlardan birini rəqsə dəvət edib. Həmin qız Brejnevin rəqs etmək bacarığının olmadığını bildiyinə görə imtina edib. Rəfiqəsi Viktoriya isə Brejnevi “çətin” vəziyyətdən çıxarıb, onu özü rəqsə dəvət edib. Bu hadisədən üç il sonra, 1928-ci ildə onlar ailə qurublar.

1929-cu ildə çütlüyün ilk övladları Qalina, 1933-cü ildə isə Yuri dünyaya gəlib.

Evliliklərinin ilk illərini yataqxanada, kirayə tutulmuş evlərdə yaşayan ailənin maddi vəziyyəti qənaətbəxş olmasa da, sonralar tale onların üzünə gülüb.

Brejnevin sürətli vəzifə karyerası Viktoriya Petrovnanı da sürətlə dəyişib. Hamının çox sadə bir insan kimi tanıdığı Viktoriya Petrovna zaman-zaman ailədə sözün əsl mənasında hegemonluq etməyə başlayıb və elə Brejnevin nə vaxtsa işlətdiyi bir ifadə təsüdüf olmayıb: “Viktoriya qulpu olmayan çamadana bənzəyir, onu daşımaq çətindir, amma atmağa da adamın heyfi gəlir…”

Brejnev bir neçə dəfə Viktoriya ilə ailə qurmasında tələskənliyə yol verdiyini etiraf edib. Hətta bir neçə dəfə çox ciddi şəkildə boşanma məsələsi də ortaya çıxıb.

İqor Obelenski özünün “Yaxın adamlar-Böyüklərin ailə fonunda memuarları” kitabında Brejnevlər ailəsində yaşanan problemlər haqqında yazıb:

“Bu ailədə yetərincə problemlər yaşanıb. Müharibənin ağır günlərinin birində Brejnev evə qayıdanda Viktoriya Petrovna həyat yoldaşına qarderobunun çox kasıb olduğunu söyləyib. Adətən çox təmkinli olan Brejnev bu dəfə əsəblərini cilovlaya bilməyib. Böyük paltar şkafını açaraq Viktoriyanın bütün paltarlarını və ayaqqabılarını otağın ortasına töküb və onların hamısını balta ilə doğrayıb. Sakitləşdikdən sonra Brejnev hönkürərək ağlayıb, Viktoriya ilə ailə qurmaqda nə qədər böyük səhv etdiyini dilə gətirib…”

Bu hadisədən sonra Viktoriya Petrovna gələcəyin baş katibi ilə ehtiyatla davranmağa başlayıb.

1964-cü ildə Nikita Xruşov devrilən gün Viktoriya Petrovna və Xruşovun həyat yoldaşı Nina Kuxarçuk birlikdə Karlovı Varıda (Çexiya) istirahətdə olublar. Elə bu xəbəri də orada eşidiblər. Məyusluğunu gizlətməyə çalışan Nina Kuxarçuk Viktoriya Petrovnaya zarafatla müraciət edib:

– Viktoriya Petrovna, bundan sonra sən məni Böyük Teatrın lojasına dəvət edəcəksən.

Sözsüz ki, yeni birinci xanım sabiq birinci xanımın müraciətinə “əlbəttə” ifadəsi ilə cavab verib. Amma bu kurort şəhərindəki görüşləri onların sonuncu rəfiqəlik günləri olub.

Həyat yoldaşının baş katib olduğu illərdə Viktoriya Petrovna Brejnevin siyasi fəaliyyətinə, xüsusilə də kadr siyasətinə birbaşa müdaxilə etməyib. Amma dolayı yolla öz işini görüb. Bağ görüşləri, ev ziyafətləri zamanı birinci xanım Brejnevdən xəbərsiz Kremlin yüksəkçinli məmurlarına öz qohumları ilə bağlı xahişlər edib, onların hamısını yerbəyer etməyə imkan tapıb.

Bu haqda Brejnevin qardaşının qızı Lyubov Brejneva öz xatirələrində də yazıb:

“Viktoriya Petrovna öz bacıları və qardaşı, onların övladları üçün hər şey edirdi. Onlar Brejnevin adından istifadə edib istədiklərinə nail olurdular. Əmimin öz qohumları isə oyundan kənar vəziyyətdə idi. Viktoriya Petrovna Brejnevi öz qohumlarından tam təcrid etmişdi, hətta yeganə qardaşından da. O, bu işləri ustalıqla bacarırdı…”

Nikolay Zenkoviçin “Ən yaxın qohumlar” kitabında ailə münasibətləri ilə bağlı daha bir fakt diqqətçəkəndir:

“Viktoriya Petrovnanın Brejnevin yeganə qardaşı olan Yakova münasibəti olduqca mənfi idi. O, qardaşların yaxın münasibətdə olmasına həmişə əngəl yaradırdı. Nə vaxtsa Brejnev öz həyat yoldaşına əl qaldırmaq istəyəndə Yakov buna mane olub. Amma Viktoriya Petrovna bu “müdafiəni” unudub. İllər keçdikdən sonra Viktoriya Petrovna qardaşlar arasında sərhəd yaradanda, Yakov Brejnev ona zəng vurub, “gərək onda mən imkan verəydim ki, Leonid sənin başını əzəydi” deyə birinci xanıma “ürəyini boşaldıb”. Bu zəngdən sonra münasibətlər daha da soyuyub…”

Viktoriya Petrovna Brejnevin hədiyyə ehtirasının qarşısını almağa heç vaxt cəhd göstərməyib. Əksinə, buna şərait yaradıb. Lyubov Brejnevanın yazdığına görə, Viktoriya Petrovna Moskvanın birinci katibi Viktor Qrişindən şəhərdə ona bir mənzil verilməsini xahiş edib və sözsüz ki, bu xahiş də dərhal yerinə yetirilib. Birinci xanım bu mənzili sadəcə əlavə bir mənzilə sahib olmaq üçün istəməyib. O, bu mənzili Brejnevə verilən qiymətli hədiyyələri saxlamaq üçün istəyib. Viktoriya Petrovna bütün hədiyyələri bu mənzilə daşıtdırıb, hər bir qiymətli əşyanın üzərinə övladlarının və nəvələrinin adlarını yazıb, yəni əvvəlcədən hər kəsin payını müəyyənləşdirib. Daxili işlər naziri Şelokov bu mənzilin mühafizəsini təşkil edib, mənzil bütün sutka ərzində milis nəzarətində olub.

Qeyd edək ki, Brejnevdən əvvəl ölkəyə rəhbərlik edən Nikita Xruşova xarici səfərlərdə, o cümlədən xarici dövlət başçılarının SSRİ-yə səfəri zamanı verilən bütün hədiyyələrin hamısı Xruşovun tələbi ilə dövlət fonduna verilib.

Adətən evdar qadın kimi təqdim olunan Viktoriya Petrovna mütəmadi olaraq rəfiqələrinə xüsusi ziyafətlər təşkil edib. Bu ziyafətlərin əsas qonaqları Yuri Andropovun və Konstantin Çernenkonun həyat yoldaşları olub. Vaxtilə Azərbaycan DTK-sına rəhbərlik etmiş Semyon Svuqunun ailəsi isə Viktoriya Petrovnanın ən əziz və fəxri qonaqları sayılıb.

18 il birinci xanım adını daşıyan, mətbuatda və ictimaiyyət arasında çox da görünməyən Viktoriya Petrovnanın kölgədəki qızğın fəaliyyəti Brejnevin vəfatından sonra tam məhdudlaşdırılıb. Hətta Brejnev öldükdən sonra onu baş katibin meyidi olan yataq otağına da buraxmayıblar. Sabiq birinci xanımın ölkənin sabiq baş katibi ilə sonuncu görüşü iki gün sonra İttifaqlar Evinin sütunlu zalında baş tutub.

Brejnevin vəfatından sonra ailəyə məxsus olan əsas var-dövlət onlardan alınıb, o cümlədən bağ evləri də. Viktoriya Petrovna ömrünün sonuna qədər Moskvada kiçik bir mənzildə yaşayıb.

Şəkərli diabetdən əziyyət çəkən sabiq birinci xanım 1995-ci ildə, 87 yaşında elə bu xəstəlikdən də vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com