ürkiyədə 23 iyun seçkisinin qalibi kim olacaq?
İyun ayının 23-də Türkiyə özünün siyasi həyatının ən çətin və məsul dövrlərindən birini yaşamalı olacaq. Belə ki, üzümüzə gələn bazar günü Türkiyədə İstanbul Böyükşəhər bələdiyyəsinə seçkilər keçiriləcək. Bələdiyyə seçkilərində əsas mübarizə iqtidarda olan AK partiyanın namizədi Binəli Yıldırımla Cümhuriyyət Xalq Partiyasının namizədi Əkrəm İmamoğlu arasında gedəcək. Xatırladaq ki, Türkiyə Ali Seçki Qurumu martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib. Qurum tərəfindən təkrar bələdiyyə seçkilərinin isə iyun ayının 23-də keçirilməsi qərara alınıb. Lakin Türkiyə Ali Seçki Qurumunun bu qərarı beynəlxalq aləmdə, o cümlədən Avropa İttifaqı tərəfindən etirazlara səbəb olub. Avropa İttifaqı rəhbərliyi xüsusi bəyanat verərək Türkiyə Ali Seçki Qurumunun bu qərarını antidemokratik və beynəxalq hüquq normalarına zidd hesab edib. Bəyanatda o da qeyd edilib ki, Türkiyə Ali Seçki Qurumunun qəbul etdiyi bu qərar Ankaranın Aİ-yə üzv olmasına olan bütün ümidləri boşa çıxarıb. Aİ-nin İstanbul Böyükşəhər Bələdiyyə seçkilərində İmamoğlunu dəstəkləməsi də səbəbsiz deyil. Belə ki, Aİ Rəcəb Tayyib Ərdoğanın müstəqil xarici siyasət yeritməsindən narazıdır və İmamoğlunun simasında özlərinə müttəfiq bir insan görürlər. Həqiqət naminə onu da qeyd edək ki, Aİ-nin Əkrəm İmamoğluna və ya Rəcəb Tayyib Ərdoğana hansı münasibət bəsləməsindən asılı olmayaraq səslərin təkrar sayılması zamanı İmamoğlunun üstünlüyü ortaya çıxdı və hətta onu qalib gəlməsi münasibəti ilə belə təbrik etdilər. Lakin sonra Türkiyə Ali Seçki Qurumu bələdiyyə seçkiləri zamanı bəzi qanun pozuntularına yol verildiyini əsas gətirərək seçkilərin nəticələrini ləğv etdi. Əlbəttə İstanbul Böyükşəhər Bələdiyyəsinə keçirilən seçkilər zamanı onun nəticələrinə ciddi təsir göstərə bilməyən bəzi qanun pozuntuları qeydə alınmışdı. Bu da iqtidarda olan AKP tərəfindən seçkilərdə pərdəarxasından digər pozuntulara yol verilməsi barədə şübhələrin oyanmasına səbəb olmuşdu. Bütün hallarda seçkilərin nəticələrinin ləğv olunaraq yeni seçkilərin keçirilməsi barədə qərar qəbul olunmasına belə Əkrəm İmamoğlu tərəfindən göstərilən münasibət təmkinli oldu. Təbii ki, seçkilər ərəfəsi tərəflər arasında bəzi əsəb gərginlikləri də müşahidə olunub. Tərəflər bir-birlərini bəzi məsələlərlə bağlı ittiham ediblər. Bu baxımdan ötən şənbə İmamoğlu ilə Yıldırım arasında keçirilən teledebat diqqəti cəlb edib. Bəziləri teledebat öncəsi belə hesab edirdilər ki, tərəflər biri-birlərini canlı efirdə tənqid edəcəklər. Lakin belə olmayıb və teledebat olduqca sakit, qarşılıqlı ittihamlar olmadan keçib. Teledebatda tərəflər daha çox öz proqramlarını izah edərək xalqa bəzi vədlər veriblər. Binəli Yıdırımla Əkrəm İmamoğlu arasında keçirilən teledebata münasibət bildirən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, həmin debatı izləyib və yüksək dəyərləndirib:
“Binəli Yıldırımla Əkrəm İmamoğlunun debatını izlədim. Bunu çöx yüksək dəyərləndirirəm. Türkiyənin iki siyasətçisi xalqın qarşısına çıxaraq əhalinin problemlərindən danışdılar. Əminəm ki, mənim kimi bütün türk xalqı bu debatı yüksək qiymətləndirir”.
O xatırladıb ki, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə təkrar seçkilər keçiriləcək və İstanbul əhalisi öz bələdiyyə başçısını seçəcək: “Bilirsiniz ki, bu, 5 ildən bir həyata keçirilən seçkidir. Ümid edirəm ki, İstanbul əhalisi istədiyi namizədinə səs verərək öz bələdiyyə başçısını seçəcək. Bütün hallarda türk xalqı üçün xeyirli olmasını arzu edirəm”.
Azərbaycanda da Binəli Yıldırımla İmamoğlu arasında keçirilən teledebat böyük maraq doğurub. Məsələ ilə bağlı QAFSAM-ın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy Axar.az-a verdiyi açıqlmasında deyib ki, Yıldırımla İmamoğlu arasında keçirilən debatın gedişi seçicilər arasında ciddi mövqe dəyişikliyinə səbəb olmayıb. O, 16 iyunda keçirilən debatda tərəflərin bir-birlərini günahlandırmaqdan daha çox, öz istək və təkliflərini müdafiə etməyə çalışdığını söyləyib:
“Bu debatın İstanbul seçiciləri arasında mövcud olan əvvəlki vəziyyətlə müqayisdə çox ciddi bir fərq yaratdığını düşünmürəm. Namizədlər daha çox əvvəl səsləndirilən təkliflərin müzakirəsini etdilər. Qərarı qeyri-müəyyən olan, ya da bir tərəfdən o biri tərəfə keçməyə meyilli olan seçicilərdə fikir dəyişikliyi yarandığını düşünmürəm. Əslində bu debat bilinən mövqelərin təkrarı idi. Burada önəmli olan hər iki tərəfi dəstəkləyən media quruluşlarının və ya mütəxəssislərin prosesləri hansı şəkildə idarə etməsi ilə bağlıdır. Həm İmamoğlunun vədlərinə, həm də Binəli Yıldırımın irəli sürdüyü tezislərə qarşı müəyyən tənqidlər var. Yəni ekspertlər hər iki tərəfin səsləndirdiyi fikir və təklifləri mediada müzakirə edirlər. Bu baxımdan debatda kiminsə qalib gəldiyini və ya məğlub olduğunu söyləmək olmaz”.
Politoloq Türkiyədə debatdan sonra keçirilən sorğuda İmamoğlunun 2 faiz səs üstünlüyü əldə etməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:
“Bu soğunun keçirilməsi zamanı namizədlərin hansı kriteriyalar əsasında dəyəndirilməsinə, sorğunu hansı şirkətin keçirməsinə, sözügedən şirkətin nə dərəcədə etibarlı və tanınmış olmasına da nəzər yetirmək lazımdır. Ancaq bir məqamı qeyd edim ki, sorğuların nəticələrinin hesablanma mexanizmində 2 faizlik yanılma ehtimalı var. Yəni hər hansı bir mövzuda keçirilən sorğunun nəticəsi real vəziyyətdən iki faiz – çox və ya az – fərqlənə bilir. Buna görə də debatdan sonrakı nəticələrdə İmamoğlunun 2 faiz üstünlüyü nisbi nəticədir”.
N.Cəfərsoy debatın keçirilməsinin əsas səbəblərindən də danışıb:
“Müxalifət partiyası davamlı olaraq debat təşkil edilməsini istəsə də, hakimiyyət buna yaxın durmurdu. Tərəflər arasında debat keçirilməsinin ən önəmli səbəbi hakim partiyanın rəy sorğularında geridə görünməyidir. Bu fərq əhəmiyyətli olduğuna görə AKP razılıq verdi ki, bu fərqi qapada bilsin. Amma AKP-nin məqsədinə nə dərəcədə nail olması barədə konkret söz söyləmək olmaz. Hazırda tərəflər arasında informasiya müharibəsi qızışıb. Əslində debat deyil, debatdan sonra aparılacaq təbliğat səsvermənin nəticələrinə çox böyük təsir göstərəcək”.
Teledebatdan sonra isə tərəflər arasında yeni bir əsəbi gərginlik müşahidə olunub. Belə ki, İmamoğlu Ordu şəhərində keçirdiyi görüş zamanı valilərdən birinin ünvanına xoşagəlməz ifadələr işlədib. İmamoğlunun bu tənqidinə isə ən sərt reaksiya Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlib. Ərdoğan İmamoğlu tərəfindən valinin tənqid edilməsini təhqir kimi dəyərləndirib. Buna görə İmamoğlunu hədələyən Ərdoğan deyib ki, o buna görə hökmən cavab verməli olacaq : “Əkrəm bəy mənim valimə “İt” deyib. Mənim valimə heç kim “it” deyə bilməz. O, sonradan bu sözünü danıb, guya valimizə “bəsit adam” deyib. Hər şeyin sübutu, sənədləşməsi var. Liderin kimi yalan danışma. Sən bütün bunlara görə, seçkidən sonra mütləq cavab verəcəksən”.
Öz növbəsində Səadət Partiyası isə AKP tərəfindən daim təzyiqlərə məruz qaldığını bəyan edib. Məsələ ilə bağlı Səadət Partiyasının İstanbul şəhər təşkilatının sədri Abdullah Sevim AKP iqtidarını sərt şəkildə tənqid edib. O deyib ki, 23 iyunda İstanbulda keçiriləcək bələdiyyə seçkilərinə görə AKP tərəfindən çox ağır basqılarla üz-üzə qalıblar: “23 iyun seçkilərində bizim – Səadət partiyasının öz namizədi var. Biz bu seçkini qazanmaq üçün çalışırıq. Lakin ta biz seçkiyə qatılıb, namizədimizi irəli sürdüyümüz gündən bu ana qədər AKP-nin təzyiqləri ilə qarşı-qarşıyayıq”.
Təşkilat sədri deyib ki, bütün bunlara baxmayaraq, 23 iyun seçkisində AKP-nin qazanması mümkün deyil:“Hazırda ən az fərqi göstərən sorğu anketlərində İmamoğlu Yıldırımı 2 faiz qabaqlayır. Ümumiyyətlə, biz bu seçkidə AKP lehinə sürpriz gözləmirik”.
Xatırladaq ki, Səadət Partiyasının İstanbul bələdiyyəsinin sədrliyinə namizədi 31 mart seçkilərində 103 min səs alan Necdet Gökçınar olub. Gökçinarın özü isə 10 gün əvvəl “Seçkiyə görə, hər iki oğlumu işdən çıxardılar”, – deyə bəyanat verərək, AKP iqtidarını ittiham edib.
Beləliklə tərəflər arasında qarşılıqlı ittihamlarla müşahidə olunan 23 iyun seçkilərinin Türkiyənin siyasi həyatında önəmli hadisələrdən biri olacağı istisna edilmir. Bu seçkilərdə İmamoğlunun qələbə çalması iqtidarda olanlara şok yaşada və ölkənin həyatında fərqli siyasi dönəmin başlamasına gətirib çıxara bilər. AKP namizədinin seçkilərdə qələbə çalması isə xalq arasında ona olan etimadın davam etməsi kimi dəyərləndiriləcək.
Emin Axund