İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik (II yazı)

0
722

Faiq ƏLƏKBƏRLİ (QƏZƏNFƏROĞLU), AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

İslam mədəniyyətinin yeni bir dönəmə qədəm qoyması ilə, İslam dinini qəbul etmiş xalqların ya da dövlətlərin tənəzzülü başladı. Üstəlik, “İslam mədəniyyəti” ya da “İslam Şərqi mədəniyyəti” özünün mütərəqqi mahiyyətindən uzaqlaşıb lokal-sxolastik-ehkamçı “mədəniyyətə” qədəm qoyduğu zamanda Xris¬tian mədəniyyəti ya da Avropa mədəniyyəti tam əksinə çiçək¬lən¬mə dövrünü yaşamaqda idi. Belə ki, Avropa bir zamanlar “İslam Şərqi mədəniyyəti”nin bir arada tuta bildiyi bəşəri, milli və yenilikçi ruhlu mədəniyyəti-fəlsəfəni özünəməxsus bir qəlibə salaraq inkişafa qədəm qoymuşdu. Yəni artıq Avropa özünün lokal mahiyyətli, sxolastik xristian kimlikli, ehkamçı-despot ruhlu “Xristian mədəniyyəti”ndən imtina edib onların maraqlarına cavab verən bəşəri, milli və yenilkçi ruhlu “Xristian mədəniyyətinə” (indiki adıyla Avropa ya da Qərb mədəniyyətinə) üz tutduğu zamanda, “İslam mədəniyyəti” isə vaxtilə “Xristian mədəniy¬yəti”nin yaşadığı ehkamçı-fanatik dövrə yuvarlanmağa başlamışdı. Qeyd etməliyik ki, 17-18-ci əsrlərdə Azərbaycan Türk fəlsəfi və ictimai fikrində də əsasən, məhz bəşəri deyil lokal mahiyyətli islamlıq (islam fəlsəfəsi), məzhəbçi kimlik (şiəlik, sünnilik) və hər cür yeniləşmənin əleyhdarı olan sxolastik-ehkamçı fəlsəfə hökm sürmüşdü. Bu o demək idi ki, Azərbaycan Türk mütəfəkkirlərinin çoxu üçün də əsasən hər bir şey artıq lokal xarakterli, sxolastik, ehkamçı “İslam mədəniyyəti”ndən ya da “İslam fəlsəfəsi”ndən başqa bir şey deyildi. Eyni zamanda, bu dövrlərdə müxtəlif Şərq xalqlarının mədəniyyətinə və fəlsəfəsinə aid bir çox xüsusiyyətlər (hər bir xalqın özünəməxsus adət-ənənələri ilə İslam dini arasındakı oxşarlıqların uydurulması) “İslam mədəniyyəti” ya da “İslam fəlsəfəsi” ilə elə çulğalaşmışdır ki, bir çox hallarda onları bir-birindən ayırmaq mümkün deyildi. Bu baxımdan Azərbaycan Türk mütəfəkkirlərinin dünyagörüşündə Şərq mədəniyyətinə və milli mədəniyyətə aid olanlar da, əsasən lokal-sxolastik-ehkamçı “İslam mədəniyyəti”, “İslam fəlsəfəsi” çərçivəsində görülürdü. Lokal-sxolastik-ehkamçı “İslam mədə¬niy¬yəti” və “İslam fəlsəfəsi”ni hər cür dünyagörüşün mərkəzi hesab edən Azərbaycan Türk mütəfəkkirlər üçün də, yalnız Qurani-Kərim və Sünnə əsas dayaq nöqtəsi idi. Yəni bu cür düşüncədə Şərq mədəniyyətinə, Qərb mədəniyyətinə və milli mədəniyyətə aid istənilən digər dəyər (müsbət ya da mənfi anlamda olsun) Qurani-Kərim və Sünnədə öz əksini tapmadığı üçün sxolastik-ehkamçı “İslam fəlsəfəsi” tərəfindən qəbuledilməz idi. Hesab edirik ki, 17-18-ci əsrlərdə müsəlman xalqları arasında tək-tük dövlət xadimləri və mütəfəkkirləri lokal-sxolastik-ehkamçı “İslam fəlsəfəsi”nə qarşı çıxa bilmişlər. Məsələn, Türk Əfşarlar İmperiyasının qurucusu Nadir şah Əfşar 18-ci əsrin ilk yarsında dini sahədə bir sıra islahatlar apararaq sünni-şiə məzhəblərarası qarşıdurmanı aradan qaldırmağa və dövlətdə ruhanilərin rolunu azaltmağa çalışmış, xeyli dərəcədə də bu işlərdə uğur əldə edə bilmişdir. Ancaq həm içimizdə sapı özümüzdən olan “balta”lar, həm də xarici düşmənlərimiz Nadir şah Əfşarı müxtəlif oyunlara çəkərək, axırda da qətlinə fərman verməklə, bu iş yarımçıq qoymuşlar. Nadir şahdan sonra nisbətən onun dini sahədəki islahatlarını Ağa Məhəmməd şah Qacar və Abbas Mirzə aparmışlar ki, ancaq onlar da bu məsələdə yetərincə müsbət bir nəticə əldə edə bilməmişlər. Xüsusilə, Ağa Məhəmməd şah Qacarın 1797-ci ilin yayında çar Rusiyasının təşkilatçılığıyla sui-qəsd nəticəsində öldürülməsi yalnız Azərbaycan xalqının və onun torpaqlarınını iki yerə parçalanması, Türk Qacarlar dövlətinin hakimiyyətində də Azərbaycan türklərinin zaman-zaman öz mövqelərinin itirilməsi ilə nəticələnmədi, eyni zamanda dünyəvi hakimiyyət yolunda başlanmış islahatlar prosesi yarımçıq qaldı. Bu yolda Nadir şahla Ağa Məhəmməd şah Qacarın davamçısı olan Abbas Mirzənin də bütün səylərinə baxmayaraq Fətəli şah Qacarın dövründə yavaş-yavaş dini hakimiyyət bu bölgədə yenidən bərqərar olmuşdu. Ümumilikdə, həmin dövrün şərtləri altında, xüsusilə də Osmanlıda xilafətçilikdən irəli gələn sünniliyin, Səfəvilərdə isə şiəliyin fanatizm dərəcəsinə qədər yüksəlməsi türk mütəfəkkir¬lərinin üzünə yenilik qapılarını xeyli dərəcədə bağlasa da, ancaq Səfəvilərin süqutundan sonra onun yerində yeni dövlətlər quran Nadir şah Əfşarla (Türk Əfşarlar dövləti) Ağa Məhəmməd şah Qacarın (Türk Qacarlar dövləti) dini-məzhəbçi təəssübkeşlikdən xeyli dərəcədə uzaq olub ilkin İslam fəlsəfəsindən çıxış etmələri, eyni zamanda milli özünüdərk məsələsində türklüklərinə əsaslanmaları bəzi mütəfəkkirlərimizə təsirsiz də ötüşməmişdir. Belə ki, 17-18-ci əsrlərdə Azərbaycan Türk mütəfəkkirlərindən bəzilərinin (Yusif Qarabaği, Saib Təbrizi, Məhəməd Rza ibn Əbdülmüttəlib Təbrizi, Maqsud Əli Təbrizi, Əbdürəzzaq Dünbüli, Rəcəbəli Təbrizi, Molla Vəli Vidadi və b.) dünyagörüşündə az da olsa, lokal-sxolastik-ehkamçı “İslam fəlsəfəsi”nə qarşı etirazları görmək mümkündür. 18-ci əsrin sonu – 19-cu əsrin əvvəllərindən etibarən isə lokal-sxolastik-ehkamçı “İslam fəlsəfəsi”nə münasibətdə daha ciddi dönüş başladı. Hər halda bu dövrün mütəfəkkirlərindən bəzilərinin bütövlükdə “İslam mədəniyyəti” ya da “İslam fəlsəfəsi”ni qəbul etməklə, hətta şiəliyin, sünniliyin müdafiəçisi qalmaqla yanaşı, dindən sui-istifadə edənlərə qarşı yavaş-yavaş əks fikirlər irəli sürmələri öz dövrünə görə qəhrəmanlığa bərabər idi. Bu anlamda lokal-sxolastik-ehkamçı “İslam fəlsəfəsi”nə qarşı çıxanları dünyəvi-yenilikçi-azad ruhlu “İslam fəlsəfəsi”nin tərəfdarları (A.A.Bakıxanov, Q.Zakir, S.Nigari və b.) kimi görürük. Sonuncular ilk dövrlərdə işlərini ehtiyatla tutaraq əsərlərində göstərirdilər ki, Şərq-İslam dünyasında hər cür geriliyin (avamlıq, cəhalət, nadanlıq və s.) səbəbkarı da, hər cür yeniləşəməyin əleyhdarı da İslam dini ya da Şərq-İslam mədəniy¬yəti deyil, sadəcə müsəlman qılığına girmiş yalançı ruhanilər, müctəhidlər, mollalar yaxud da zülmkar-despotik məmurlardır. Onlara görə, Şərq-İslam mədəniyyəti və İslam fəlsəfəsi mahiyyət etibarilə bəşəri-yenilikçi-azad ruhludur ki, sadəcə, onun üzərinə endirilmiş qara pərdəni qaldırmaq lazımdır. Əgər Şərq-İslam mədəniyyəti və İslam fəlsəfəsinin bir neçə əsr bundan öncəki bəşəri-yenilkçi-azad ruhu bərpa edilərsə, yəni dini fanatizm, dini xurafat, cəhalət aradan qaldırılıb İslam dini riyakar ruhanilərin, rüşvətçi-zülmkar məmurların inhisarından çıxarılıb xalqa olduğu kimi çatdırılarsa, o zaman müsəlman xalqları gözqamaşdırcı Qərb-Avropa mədəniyyəti və fəlsəfəsindən uzaq durub Şərq-İslam mədəniyyəti və fəlsəfəsi ilə yollarına davam edəcəklər. Deməli, əgər bu gün İslam Şərqi ölkələrində gerilik, cəhalət, avamlıq, nadanlıq, despotizm hökm sürürsə, bunun əsas səbəbi müsəlman xalqlarının Şərq-İslam mədəniyyətinin, İslam fəlsəfəsinin əsil mahiyyətindən çox uzaqlaşmasıdır. Bunun da baiskarları əsasən yalançı islam ruhaniləri, şeyxülislamları, axundları, mollaları, eyni zamanda islam ölkələrində yüksək vəzifə tutan məmurlar ya da dövlət rəhbərləridirlər. Belə ki, yalançı islam ruhaniləri ilə despotik məmurlar öz aralarında razılığa gələrək İslam dininin adından sui-istifadə etməklə Şərq-İslam ölkələrini cəhalətə, nadanlığa, avamlığa bir sözlə, geriliyə sürükləmiş və hər cür yeniliyin isə başlıca əngəlinə çevrilmişlər. Onlara görə, bundan əsas çıxış yolu da əsasən İslam mədəniyyətini, o cümlədən İslam dinini, İslam əxlaqını, müəyyən qədər də Şərq fəlsəfəsini, Şərq əxlaqını, onun mütəfəkkirlərinin bu yöndə yazdıqları əsərlərinin mahiyyətini olduğu kimi yenidən müsəlman ölkələrinin xalqlarına çatdırmaqla bağlıdır. Bununla yanaşı, İslam Şərqi ölkələrində islam dini riyakar ruhanilərin və despotik rəhbərlərin inhisarından çıxarılmalı, eyni zamanda dövlət başçıları da sözün həqiqi mənasında bəşəri mahiyyətli İslam dininə, yenilkçi ruhlu Şərq mədəniyyətinə və təmsil olunduğu millətin adət-ənənələrinə uyğun şəkildə maarifləndirilməlidirlər. Beləliklə, 19-cu əsrdə, xüsusilə də həmin əsrin ilk yarısında Azərbaycanda (çar Rusiyasının işğal altındakı Quzey Azərbaycanla Qacarlar dövlətinin əsas sütunu olan Güney Azər¬baycan) “Şərq-İslam mədəniyyəti” ya da “İslam fəlsəfəsi” əsas yer tuturdu ki, onun da daxilində iki istiqaməti: 1) lokal-sxolastik-ehkamçı-mühafizəkar “İslam fəlsəfəsi” ilə, 2) dünyəvi-azad-yenilikçi ruhlu “İslam fəlsəfəsi”ni fərqləndirmək lazımdır. Bizcə, 19-cu əsrdə Azərbaycanda lokal-sxolastik-ehkamçı-mühafizəkar “İslam fəlsəfəsi”ndən çıxış edənlər şiə imamiliyi, üsulilik, kərimxanlik və başqa dini-mistik cərəyanlar idilər. Qacarlarda dini-mistik İslam sxolastik fəlsəfəsini davam etdirən ənənəviçlərin – mühafizəkar¬ların dünyagörüşündə şiəçilik-imamilik məzhəbi ən önəmli yer tuturdu. İmamiliklə-şiəliklə bağlı əsas məsələlərdən biri məhər¬rəm¬lik təziyədarlığı ilə bağlı olan mərsiyəçilik idi. Səfəvilər dövlətinin apardığı şiəlik-imamilik siyasəti nəticəsində mərsiyəçi¬lik Azərbaycanda da geniş yayılmış, ruhanilərin əlində mühüm silahlardan birinə çevrilmişdi ki, XIX əsr Azərbaycan Türk mütəfəkkirləri (Dəxil, Qumri, Dilsuz, Raci və b.) arasında da mərsiyə ədəbiyyatı geniş yayılmışdı. XIX əsrdə Quzey Azərbaycanda da Qacarlarda olduğu kimi, lokal-sxolastik-ehkamçı-mühafizəkar “İslam fəlsəfəsi” uzun müddət mühüm yer tutmuşdur. Onun da ən tanınmış simaları M.M.Nəv¬vab, Ə.Axundoğlu, Ə.Axund¬zadə və başqaları olmuşlar. Məsələn, Mir Möhsün Nəvvab (1833-1919) İslam-Şərq mədəniyyətinə və milli xüsusiyyətlər münasibətdə müəyyən qədər A.A.Bakıxanov, İ.Qutqaşınlı, M.H.Nigarinin yolunu tutmaqla yanaşı, onlara nisbətdə bu məsələlərdə daha çox mühafizəkarlığa meyil göstər¬mişdir. Azərbaycanın tanınmış din xadimi, mühafizəkar islamçı Əbuturab Axundoğlu (1817-1910) isə «İslamın təfriqəsi səbəbləri», «Bizə hansı elmlər dazımdır?» və başqa əsərlərində İslam birliyi ideyasını geniş təbliğ etmişdir. Arazinfo.com