Bu günlərdə baş nazirin birinci müavini Yaqub Eyyubovun qardaşı Yusif Eyyubovun Xorvatiyada biznesi aşkarlanıb. “Yeni Müsavat” xəbər verir ki, xaricdə yaşayan jurnalist Cavanşir Həsənli bu araşdırmasını facebook səhifəsində ictimailəşdirib: “Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qardaşı Yusif Abdulla oğlu Eyyubov 2001-ci ildən Xorvatiyada yaşayır, bu ölkədə biznes sahibidir, Azərbaycan Sahibkarlar Konfederasiyasının Balkanlardakı nümayəndəsidir.
Yusif Eyyubov Xorvatiya paytaxtında “Montevideo doo” şirkətini təsis etdiyi vaxtdan yaşayır. Şirkət 27 fevral 2001-ci ildə Zaqreb Ticarət Mərkəzində (Trgovacki sud u Zagrebu) qeydiyyatdan keçib və Zaqreb, Rijeka küçəsi 10 ünvanında fəaliyyət göstərir. Şirkətin qeydiyyat nömrəsi: 080389265-dir.
Şirkət daşınmaz əmlak, ticarət, inşaat, turizm, reklam və idman sahələrində fəaliyyət göstərir, “Vita” fitnes mərkəzi, “La Vita” cafe-barı, massaj salonu və saunadan ibarət iri kompleksə də sahibdir”.
Jurnalist qeyd edir ki, xorvat mənbələrində kompaniyanın ilkin kapitalı 19.908400.00 xorvar kunesi və ya 3 milyon dollardan bir qədər artıq göstərllir. 2013-cü ildə gəliri təxminən 10 milyon xorvat kunesi və ya 1,5 milyon dollar olub.
Bundan əlavə, C.Həsənli yaxınlarda əmək və əhalinin sosial müdafiəsi nazirinə müşavir təyin edilən Mustafa Abbasbəylinin qardaşı Məmməd Abbasbəylinin də xaricdəki biznesini aşkarlayıb: “Məmməd Abbasbəylinin də İngiltərə və Çexiyada milyonlarla funt sterlinq aktivləri olan böyük biznes şəbəkəsi var. Məmməd Abbasbəyli Azərbaycan Alpinizm Federasiyasının rəhbəridir, atası Aslan Abbasov Azərbaycan Texnologiya Universitetinin prorektorudur, 1995-2000-ci illərdə deputat olub”.
C.Həsənlinin açıqladığı məlumatlar ictimaiyyətdə ciddi müzakirələrə və narazılıqlara səbəb olub. Xüsusilə sosial şəbəkələrdə aparılan müzakirələrdə hər iki şəxsin xaricdəki biznesini Azərbaycanda vəzifə tutan yaxınlarının hesabına əldə etdiyi vurğulanır. Ümumiyyətlə, son vaxtlar xeyli sayda keçmiş nazir, habelə indi vəzifə başında olan məmurların ailə üzvlərinin, yaxınlarının xaricdə biznesinin olduğuna dair məlumatlar ictimailəşdirilir. Hər dəfə də ictimaiyyət bu məlumatlara kəskin reaksiya verir. Maraqlıdır ki, əksər hallarda Azərbaycanda yüksək vəzifədən alınaraq həbs olunan məmurların nəinki övladlarına, həmçinin qardaş-bacı və daha uzaq qohumlarına məxsus əmlaklar da müsadirə olunur, yaxud üzərinə həbs qoyulur. Yaxın tariximizdə bu cür hallar kifayət qədərdir. Məsələn, Beynəlxalq Bank, MTN işi, Rabitə işi üzrə həbs edilən vəzifəli şəxslərin hamısının yaxın qohumlarına məxsus əmlaklar qeyd olunan aqibəti yaşayıb.
Vəzifədə olan məmurun qardaş-bacısının haradasa bizneslə məşğul olması niyə Azərbaycanda aqressiv qarşılanır? Ölkə qanunvericiliyi belə biznes fəaliyyətini qadağan edirmi?
“Yeni Müsavat”ın sualını cavablandıran hüquqşünas Əkrəm Həsənov bildirir ki, Azərbaycan qanunvericiliyi yalnız məmurun özünün bizneslə bilavasitə məşğul olmasını qadağan edir: “Yəni qanunvericilikdə məmur yaxınlarının biznes fəaliyyətinə hər hansı məhdudiyyət qoyulmur. Belə bir məhdudiyyət dünyanın heç bir ölkəsində yoxdur. Lakin məsələ burasındadır ki, Azərbaycan ictimaiyyətində inam var ki, həmin qardaş-bacılar, yaxınlar öz güclərinə belə biznes qura bilməzlər. Yaxud da hesab olunur ki, qardaş-bacının, digər yaxınların adına olan biznes əslində elə həmin məmurun özünündür, sadəcə, qanun onu öz adına rəsmiləşdirməyə imkan vermir. Düzünü deyim ki, hər iki variant realdır. Azərbaycanda bu iki halın ikisi də mövcuddur. Düzdür, mənim özümün də tanıdığım elə insanlar var ki, məmur qardaşından (bacısından və sair) qat-qat bacarıqlıdır, biznesini də özü qurub. Lakin belə hallar çox cüzidir, əksər hallarda məmur yaxınları məhz vəzifədə olan qohumunun dəstəyi hesabına biznes qurub, nələrsə əldə edə bilir. Azərbaycanda sosial lift çox zəifdir. Yəni kiminsə öz gücünə irəli gedib nələrəsə nail olması çox nadir hallarda mümkün olur. Bunu da xalq, ictimaiyyət çox yaxşı bilir və faktları real qiymətləndirir”.
Ə.Həsənovun sözlərinə görə, son 2-3 il ərzində ölkədə vəzifə təyinatlarında tendensiyanın dəyişdiyi müşahidə olunur:“Yüksək deyil, orta ranqlı vəzifələrə xaricdə təhsil almış, hakimiyyətdə hansısa adamı olmayan gənclər təyin olunmağa başlayıb. Belə təyinatlarda əsas diqqət yetirilən amil təmiz reputasiya və başıaşağılıqdır. Yəni başını aşağı salıb işi ilə məşğul olsun, hakimiyyət daxilindəki qruplaşmalara bağlı olmasın, meyillənməsin”.
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, məmur yaxınlarının biznes fəaliyyətinə ictimai yanaşmanın kökündə Azərbaycanda bizneslə məmuriyyətin hələ bir-birindən ayrılmaması dayanır: “Bizdə ən böyük problemlərdən biri budur. Yəni məmur biznesi sistemi hökmrandır. Və məmurlar bizneslərini bir qayda olaraq, yaxın adamlarının adına rəsmiləşdirirlər. Xalqın bu məsələdəki təxmini real vəziyyətdən doğur. Bu gün Azərbaycanda böyük biznes sahiblərinin hər birinin arxasında hansı məmurun dayandığı hər kəsə aydındır. Digər tərəfdən, heç cür ola bilməz ki, bütün məmur yaxınları, məmur qohumları yüksək biznes bacarıqlarına sahib olsunlar. Belə bir korelyasiya, asılılıq mümkün deyil. Bu baxımdan, məmur yaxınlarının ölkə daxilində və xaricdə biznesi varsa, xalq həmən düşünür ki, bu, həmin məmurundur”.
Ekspertin sözlərinə görə, bu vəziyyətin aradan qaldırılması üçün ölkədə məmur biznesinə son qoyulmalıdır:“Məmurların biznes fəaliyyətinin qarşısı tamamən alınmalıdır. Buna görə yüksək cəzalar müəyyənləşdirilməlidir. Məmur ordusu biznesdən çəkiləndən sonra real olaraq görünəcək ki, məmur yaxınlarının neçə faizinin üstün biznes bacarıqları var”.
Son olaraq qeyd edək ki, baş nazirin müavininin qardaşının biznes fəaliyyəti ilə bağlı yayılan məlumata münasibətini öyrənmək üçün çalışdığı Nazirlər Kabinetinə zəng vurduq. Qurumun mətbuat xidmətindən suallarımızı aldılar, bir neçə saatdan sonra isə bildirdilər ki, “bu məlumatların Nazirlər Kabinetinə heç bir aidiyyəti yoxdur”.D
“Yeni Müsavat”