Kremlin uzunömürlüləri – 100-ə 4 il qalmış ölən də var

0
802

SSRİ-ni idarə edən Siyasi Büro üzvləri haqqında maraqlı faktlardan biri də onların yaşları ilə, daha dəqiq ifadə etsək, uzunömürlü olamarı ilə bağlıdır. Gərgin iş rejiminə baxmayaraq, Kreml məmurları yetərincə uzun ömür sürüblər.

Məsələn, Lazer Kaqanoviç 97, Vyaçeslav Molotov 96, Anastas Mikoyan 82, Georgi Malenkov 86, Vasili Kuznetsov 89, Mixail Suslov 80, Nikolay Şvernik 82, Nikolay Podqornı 80, Andrey Kirilenko 83, Dinmühəmməd Kunayev 81, Andrey Qromıko 80, Nikolay Tixonov 92, Eduard Şevardnadze 86, Aleksandr Yakovlev 81, Heydər Əliyev 80, Vladimir Kryuçkov 83 yaşlarında vəfat ediblər. Siyasi Büro üzvlərindən digər uzun bir siyahını da, 75-80 yaşlarına qədər ömür sürənlərin adlarını da təqdim etmək olar. Bunlarla yanaşı büro üzvlərindən bu gün də həyatda olanlar var. Mixail Qorbaçov 88, Yeqor Liqaçov 98, Nikolay Rıjkov 89 yaşdadırlar və mütəmadi olaraq siyasi şərhləri, dünyada gedən proseslərə münasibətləri ilə tez-tez gündəmdə olurlar.

Yəqin ki, bu rəqəmlərin nəticəsində Brejnev epoxasının Siyasi Büro üzvləri “Kreml qocaları” statusunu qazanıblar.

Bəs bu “qoca”ları enerjili saxlayan nə olub? Hər halda 70-80 yaşlarında saatlarla ayaqüstə çıxış etmək, gün ərzində bir neçə tədbirə qatılmaq, müntəzəm şəkildə xarici ölkələrə səfər etmək asan məsələ deyil.

İlk növbədə qeyd edək ki, Mərkəzi Komitənin Siyasi Büro üzvlərinin təhlükəsizliyi, sağlamlığı, sosial rifahı ilə bağlı qərarı olub. Bu qərardakı bəndlərin icrası Siyasi Büro üzvləri üçün mütləq və məcburi şərt sayılıb.

Bu məqsədlə SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsi Kreml məmurlarının səhhətinə cavabdehlik daşıyıb. Həftədə bir dəfə həkimlə söhbət, ayda bir dəfə müayinə büro üzvlərinin iş qrafikində konkret saatda öz əksini tapıb. Müayinə zamanı ən kiçik bir problem aşkar olunubsa, həmin məmur ciddi həkim nəzarətinə götürülüb.

4-cü idarənin təsdiqlənmiş planına əsasən şikayətlərin olub-olmamasından asılı olmayaraq Siyasi Büro üzvləri üçün onlara ayrı-ayrı təhkim olunmuş həkimlər profilaktik tədbirlər aparıb.

Büro üzvlərinə tütün məhsullarından istifadə “qadağan” olunub. Ümumiyyətlə, onların əksəri siqaret çəkməyiblər.

Brejnevdən başqa digər siqaret çəkən büro üzvləri tütündən istifadəni ya məhdudlaşdırıblar, ya da bu vərdişdən tamamilə əl çəkiblər. Adətən, yüksəkçinli məmurlar həkim tövsiyələrinə əməl ediblər. Büro üzvləri arasında bəlkə də Brejnev yeganə şəxs olub ki, həkimlərin göstərişlərini qulaqardına vurub. Məsələn, Leonid İliçə siqaret çəkmək qəti qadağan olunsa da, o, bu zərərli vərdişdən əl çəkməyib. Məsələyə DTK-a müdaxilə edib. Onlar xaricdə Brejnev üçün xüsusi siqaretqabı hazırlatdırıblar. Bu qabın açılması kodlaşdırılıb, yalnız bir saatdan bir açılıb. Bununla da Leonid İliçin yalnız saatda bir dəfə siqaret çəkmək imkanı olub.

Həkimlərin ən sözəbaxan “xəstə”si Yuri Andropov sayılıb. Bəlkə də elə bu səbəbdən Andropov həftədə ən azı 1-2 dəfə 4-cü idarənin rəisi Yevgini Çazovla görüşüb. Düzdür, həmin görüşlərdə məxfi məsələlər də müzakirə olunub, amma sözsüz ki, sağlamlıq mövzusundan da yan keçməyiblər.

Büro üzvlərinin uzunömürlüyünün sirrlərindən biri də qida rasionu ilə bağlı olub. İstifadə olunan meyvə və tərəvəzlər xüsusi təsərrüfatda yetişdirilib. Bu məhsulların yetişdirilməsində heç bir gübrədən, əlavə minerallardan istifadə olunmayıb. Qida rasionuna əsasən qaynadılmış ət və balıq, sıyıqlar, tərəvəz salatları, yerli meyvələr, süd və süd məhsulları daxil edilib. Şirniyyatların hazırlanmasında meyvə şirəsi və təmiz baldan istifadə olunub. Büro üzvləri üçün su dağlardan, xüsusilə də Qafqazdan aparılıb. Ərzaq məhsullarının təbiiliyini yoxlamaq üçün xüsusi laboratoriyalar fəaliyyət göstərib.

Siyasi Büro üzvlərinə çox az miqdarda alkoqollu içkilərdən istifadə etməyə icazə verilib. Ancaq bu “icazə” Vladimir İliçin dövründən Leonid İliçin dövrünə qədər həmişə “kobudcasına” pozulub. Lenin istədiyi qədər pivə, Stalin istədiyi qədər şərab, Xruşov istədiyi qədər araq, Brejnev isə istədiyi qədər bütün alkoqollardan içib.

Siyasi Büronun üzvləri üçün ildə ən azı bir dəfə, əsasən yay aylarında məzuniyyətə çıxıb dağlıq ərazilərdə yerləşən və yalnız onlar üçün nəzərdə tutulmuş müalicə-istirahət mərkəzlərində dincəlmək mütləq sayılıb.

Büro üzvlərinin əksəri ilin fəsillərindən asılı olmayaraq dövlətin onlar üçün ayırdıqları bağ evlərində yaşayıblar. Bu bağ evləri kifayət qədər böyük əraziyə malik olub. Saat neçədə işdən qayıtmaqlarından asılı olmayaraq, həkimlər məmurları işdən sonra həmin həyətdə ən azı 5 km payada gəzməyə “məcbur” ediblər.

Müasir dövrdən fərqli olaraq o dövrün məmurları xəstələndikləri halda yalnız SSRİ-də müalicə alıblar. Bununla bağlı Yevgeni Çazov öz xatirələrində yazıb:
“Kreml məmurları yalnız SSRİ-də müalicə alırdılar. Bizim səhiyyə çox güclü idi. Bir çox ölkələr bizim təcrübəmizdən istifadə edirdilər, bizdən öyrənirdilər. Mən 19 dövlət başçısını müalicə etmişəm. Onlardan 3-ü, Brejnev, Andropov, Çernenko bizimki, digər 16 nəfər xarici ölkələrin liderləri idi. Xarici ölkələrin liderlərindən başqa dövlət məmurları da müalicə, hətta bəzən müayinə üçün SSRİ-yə üz tuturdular…”.

Müalicələr, profilaktik tədbirlər SSRİ-də aparılsa da, bəzi hallarda dərman preparatları xarici ölkələrdən gətirilib. Hətta birincilər üçün elə dərmanlar kəşf olunub ki, istehsalçı ölkə onu məxfi saxlayıb. Yevgeni Çazov xaricdəki həmkarları vasitəsilə həmin dərmanlar, bioloji aktiv əlavələr (BAD) haqqında məlumat əldə edib. Onların SSRİ-yə gətirilməsini isə DTK böyük peşəkarlıqla təmin etməyi bacarıb. Və dərmanların SSRİ-yə gətirilməsi də məxfi əməliyyat kimi Andropovla Çazovun arasında qalıb, Kreml məmurlarının sirrli uzunömürlülüyü kimi…

İlham Cəmiloğlu, Musavat.com