ABŞ prezidenti Barak Obama prezidentliyə respublikaçı namizəd Donald Trampı “məlumatsız” adlandırıb və onun ideyalarının “gicbəsər” olduğunu deyib. Bundan əvvəl Tramp bəyan etmişdi ki, Rusiya prezidenti Vladimir Putin Obamadan daha yaxşı prezidentdir.
Laosda çıxış edən Barak Obama deyib ki, hər dəfə cənab Tramp danışanda onun prezidentliyə uyğun olmadığı daha da aydın görünür.
Çərşənbə günü televiziya ilə translyasiya olunan çıxışında Tramp Putinin ölkəyə “əla nəzarət etdiyini” və onun etimad reytinqinin 82 faiz olduğunu demişdi.
Obama bu bəyənatla bağlı şərh verərkən deyib: “Mən düşünmürəm ki, bu adam Birləşmiş Ştatların prezidenti olmağa layiqdir və hər dəfə o danışan kimi bu qənaət daha da möhkəmlənir”.
Obama deyib ki, Tramp verdiyi bəyanatlara görə məsuliyyət daşımır və ortalığa heç bir konkret plan qoymur.
Sözügedən çıxışında Donald Tramp deyib ki, Putin onun haqqında tərifli sözlər söyləyib və o da bu komplimetntlərə komplimentlə cavab verir.
Tramp deyib ki, o, prezidentliyə namizəd kimi bir sıra həssas məlumatlara girişə malikdir və tanış olduğu sənədlər prezidentin, xanım Klintonun və Con Kerrinin bütün fəaliyyətinin kəşfiyyat ekspertlərinin dediklərinin əksinə olduğunu göstərib.
Çərşənbə günü keçirilən forumda Tramp deyib kİ, o, İraq müharibəsinin tamamilə əleyhinə olub.
ABŞ mediası yazır ki, Donald Tramp 2002-ci ildə mətbuata müsahibəsində bunun tam əksini bildirmişdi.
Barak Obama ictimaiyyəti və mətbuatı Trampın dediklərini izləməyə və ona suallar verməyə çağırıb.
ABŞ prezidenti bildirib ki, “respublikaçı namizədin dedikləri ya ziddiyyətlidir, ya məlumatsızlığın nəticəsidir və ya sadəcə gicbəsər ideyalardır”.(azadliq.org)