Şamaxıda sürüşmə sahələri yenidən aktivləşib.
Xezerxeber.az-ın məlumatına görə, gecə saatlarında Şamaxı şəhərinin 48-ci məhəlləsində torpaq sürüşməsi səbəbindən evlərdə və yardımçı tikililərin divarlarında yenidən iri və xırda çatlar əmələ gəlib.
Sürüşmə sahəsindəki bəzi evlərdə yaşamaq qeyri-mümkün olub. Sakinlərin sözlərinə görə, dağdan axıb gələn torpaq kütləsi bir neçə gündür ki, evlərə doğru hərəkət edir. Hektarlarla torpaq sahəsi yenidən sürüşməyə məruz qalıb, böyük yarğanlar və çökmələr əmələ gəlib, yeraltı qrunt suları üzə çıxıb, ərazidə gölməçələr əmələ gəlib.
Sürüşmə məhəllədaxili yolların dağılmasına da səbəb olub. Nəticədə avtomobillərin gediş-gəlişində çətinliklər yaranib. 100 metr uzunluğu, 50 metr eni olan torpaq kütləsi gün ərzində 15-20 santimetr evlərə doğru hərəkət edir.
Torpaq sürüşməsi nəticəsində 15 ev qəzalı vəziyyətə düşüb. Nəticədə 7 evin sakinləri müvəqqəti olaraq başqa ərazilərə köçmək məcburiyyətində qalıblar.
Rayon fövqəladə hallar komissiyasından bildirilib ki, həmin ərazilərə baxış keçirilib. Komissiyanın rəyindən sonra bu evlərlə bağlı tədbirlər görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
© xezerxeber.az