Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilə bilər

0
770

Dövlət büdcəsindən seçkiyə 90,9 milyon manat ayrılması yenidən növbədənkənar parlament seçkiləri mövzusunu aktuallaşdırdı; bunun üçün referendum keçirilə bilər; sandıqbaşı müzakirələri qızışdı

Azərbaycanda növbədənkənar parlament seçkilərinin olacağı ilə bağlı ötən ilin  əvvəlindən başlayan müzakirələr  2019-cu ildə də davam etməkdədir. Yeni ildə ilk belə ciddi müzakirəni iqtisadçı alim  Qubad İbadoğlu  gündəmə gətirib. Q.İbadoğlu bu il seçki və referendum üçün dövlət büdcəsində  90,9 milyon manat nəzərdə tutulduğuna diqqət çəkib.

Q.İbadoğlu mövzuya dair facebook statusunda bunları yazıb: “2019-cu il dövlət büdcəsində başqa kateqoriyalara aid edilməyən ümumi dövlət xidməti (ölkədə müxtəlif seçkilərin, referendumların keçirilməsi, dairə və məntəqə seçki komissiyalarının saxlanılması, seçici siyahılarının dəqiqləşdirilməsi, statistika sistemində islahatların aparılması və s.) xərcləri üçün 90,9 milyon manat vəsait nəzərdə tutulub. Bu isə o deməkdir, hakimiyyət bu il üçün yenidən seçki və referendum keçirmək niyyətindədir”.

 

qubad ibadoğlu ile ilgili görsel sonucu

Azpolitika.info yada salır ki, bu il – dekabrın 27-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.   Lakin 2019-cu ilin dövlət büdcəsində seçkilər və referendum üçün 90 milyon manatdan artıq vəsait ayrılması 2 seçki olacağından xəbər verir. Çünki əvvəlki seçkilərin keçirilməsi üçün adətən 35-40 milyon manat vəsait xərclənib.

“Yeni Müsavat” isə xatırladır ki, Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkiləri üçün ayrılacaq vəsaitin həcmi  53 milyon 900 min manat nəzərdə tutulub. Bəs o halda  təxminən 37 milyon manat hansı seçki üçün nəzərdə tutulub? 

Siyavuş Novruzov ile ilgili görsel sonucu

YAP-ın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov  ötən ilin sonunda “Yeni Müsavat”a verdiyi müsahibədə  növbədənkənar seçkilər  ehtimal barədə danışmışdı. Siyavuş Novruzovun dediklərini yada salaq: “Prezidentin səlahiyyəti var idi ki, istənilən vaxt seçki elan etsin. Amma parlament seçkiləri ilə bağlı müddəa konstitusiyada var. Ona görə də konstitusiyadakı müddəanı ancaq referendum yolu ilə dəyişmək olar. Prezident, bələdiyyə seçkiləri və referendumla bağlı zərurət yarandığı halda prezidentə səlahiyyət verilir ki, növbədənkənar seçkiləri elan etsin. Parlament seçkiləri ilə bağlı müddəa isə konstitusiyada qalıb. Ona görə də gərək ilk növbədə referendum keçirilə, bu müddəa konstitusiyadan çıxarıla və Seçki Məcəlləsinə salına bilər. Əslində parlament seçkilərinin vaxtının təyin olunması və s. konstitusiyada olması düzgün deyil. Bunlar hamısı seçki ilə bağlı olduğundan Seçki Məcəlləsində əksini tapmalıdır. Parlament seçkiləri konstitusiyada qaldığı üçün ilk növbədə gərək referendum keçirilə, bu müddəa konstitusiyadan çıxarılıb Seçki Məcəlləsinə salına. Amma əfsus ki, sonuncu referendumda bu müddəa nəzərdə tutulmadı və parlament seçkiləri  konstitusiyada qalıb. Konstitusiya ən ali qanun olduğuna görə onun müddəası hər şeydən üstündür. Bir də növbədənkənar seçki o halda ola bilər ki, parlament öz-özünü buraxsın. Bu, bir hökumətin hesabatı vaxtı, bir də baş nazirin seçilməsi ilə bağlı ola bilər. Biz də baş naziri təsdiqləmişik, işləyir, Allah canını sağ eləsin! Yəni bu məsələlərlə bağlı da problem yoxdur. Vaxtından qabaq parlament seçkilərini keçirmək üçün mütləq referendum keçirilməlidir”.

Göründüyü kimi, S.Novruzov növbədənkənar parlament seçkiləri üçün mütləq referendumun olması şərtini yada salar. Ölkəmizdə referendum təyin etmək hüququ AR Milli Məclisinə (ARK-nın 95-ci maddəsinin I hissəsinin 18-ci bəndi) və Azərbaycan Respublikasının Prezidentinə (109-cü maddənin 18-ci bəndi) mənsubdur.

Referendumun hazırlanmasına və keçirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitlərinin seçki komissiyaları arasında bölüşdürülməsi, göstərilən vəsaitlərdən təyinatı üzrə istifadəyə nəzarət edilməsi qaydaları Azərbaycan Respublikasının Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 89-cu, 96-cı, 97-ci maddələri, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.

Ölkəmizdə müstəqillikdən bəri 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da referendum keçirilərək  konstitusiyaya əlavə və dəyişikliklər qəbul olunub.

Fəzail Ağamalı ile ilgili görsel sonucu

İqtidaryönlü deputat Fəzail Ağamalı da bu günlərdə mediaya verdiyi açıqlamada bildirib ki, 2019-cu ilin oktyabr və digər aylarında növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edilə bilər. Fəzail Ağamalı növbədənkənar parlament seçkilərinin keçirilməsinin hansı zərurətdən irəli gəldiyi barədə belə deyib: “Bunu daha çox əsaslandırırlar ki, 2020-ci ildə parlament seçkiləri keçirilsə, növbəti parlament və prezident seçkiləri 2025-ci ildə keçirilməli olacaq. İndiyə qədər eyni ildə prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı təcrübə heç bir ölkədə yoxdur. Hər iki seçki vacib məsələdir. Hesab edirəm ki, hər iki seçkinin bir ildə keçirilməsi ölkəni çətin vəziyyətə sala bilər. Çünki seçki zamanı bütün qüvvələr səfərbər olur. Mən də bu məntiqə söykənərək düşünürəm ki, 2019-cu ildə növbədənkənar parlament seçkiləri keçirilə bilər”.

Bəzi ekspertlər hesab edir ki, hökumətin parlament seçkisinə görə indilikdə referendum keçirməsi  real deyil. İddia olunur ki, prezidentin belə bir səlahiyyəti olduğu halda, referenduma ehtiyac qalmır. Yada salaq ki, 2016-cı il sentyabrın 26-da keçirilən son referendumla dövlət başçısına belə bir hüquq verilib. Prezidentin parlamenti buraxacağı halları Azərbaycan Konstitusiyanın 94, 95, 96 və 97-ci maddələrində öz əksini tapıb. O  halda xalqı referendum üçün sandıqbaşına çağırmağa ehtiyac qalmır.

ORXAN,
“Yeni Müsavat”