Həmsədrlərin status-kvonun uzadılmasına xidmət edən bəyanatı

0
648

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin mövqeyi Qarabağ münaqişəsinin həllinə mane  olan status-kvonun uzadılmasına xidmət edir.

ANS PRESS-ə müsahibə verən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli mayın 16-da Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilmiş görüşün yekunları barədə həmsədr ölkələrin bəyanatını şərh edərkən bildirib ki, əslində həmsədr ölkələr Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan silahlı birləşmələrinin çıxarılması barədə müzakirələr aparmalı idilər:

“Bundan sonra məcburi köçkünlərin öz evlərinə qaytarılması və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üzrə danışıqlara başlanılmalı idi. Amma həmsədrlər tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizminin quraşdırılması barədə bəyanat veriblər”.

“Biz torpaqlarımızın hərb yolu ilə azad edilməsi variantından heç zaman imtina etməməliyik”.

Politoloqun fikrincə, bu mexanizmlər Qarabağda Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində xüsusi avadanlığın quraşdırılması, həmçinin təmas xəttinə bu avadanlıqlara xidmət edən xüsusi adamların yerləşdirilməsi deməkdir: “Təbii ki, bu variant status-kvonun uzadılmasına çalışan Ermənistanın maraqlarına cavab verir. Bizsə, torpaqlarımızın hərb yolu ilə azad edilməsi variantından heç zaman imtina etməməliyik”.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini təmsil edən ABŞ-ın dövlət katibi Con Kerrinin, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun və Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin adından yayılmış bəyanatda tərəflər 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs sazişinə hörmət etməyə çağırılıb. Həmçinin bildirilib ki, gələcəkdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.

Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü - 16 may 2016-cı il

Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü – 16 may 2016-cı il

Əslində, bu bəyanat görüşdən öncə status-kvonun uzadılmasının müharibə riski yaratması ilə bağlı ABŞ-ın nümayiş etdirdiyi mövqedən xeyli fərqlənir. Bazar ertəsi ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Con Kirbi ABŞ-ın Dağlıq Qarabağdakı vəziyyəti “kövrək” saydığını və münaqişənin dinc yolla həlli yollarının tapılmasına tərəfdar olduğunu bildirmişdi.

Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer də mayın 16-da prezidentlərin Vyanada nəzərdə tutulmuş görüşündən öncə buna bənzər açıqlama vermişdi. O, Dağlıq Qarabağda indiki vəziyyətin davam etməsinin Azərbaycanla Ermənistan arasında müharibəni qaçılmaz etdiyini bildirmişdi: “Altı həftə öncə qoşunların təmas xəttində baş vermiş gərgin döyüşlər göstərir ki, uzunmüddətli perspektivdə çoxillik status-kvo dayanıqlı deyil. Münaqişə nə qədər uzanarsa, tərəflər daha fəal silahlanar və yeni gərginlik riski bir o qədər artar. Bu hətta Ermənistan və Azərbaycan arasında müharibə ilə nəticələnə bilər”.

“Təmas xəttində baş vermiş gərgin döyüşlər göstərir ki, uzun müddətli perspektivdə çoxillik status-kvo dayanıqlı deyil”.

Amma göründüyü kimi, həmsədr ölkələrin XİN başçıları səviyyəsində edilmiş bəyanatda münaqişənin həlli üzrə konkret addımların atılması – Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması, məcburi köçkünlərin geri qaytarılması və s. barədə bir kəlmə də danışılmayıb. Əksinə, qoşunların təmas xəttinə status-kvonun uzadılmasına xidmət edən mexanizmlər yerləşdirilməsi qərara alınıb.

Politoloq Qabil Hüseynlinin fikrincə, həmsədrlərin bu cür bəyanat verməsində Rusiyanın rolu çoxdur: “Bu, Lavrovun mövqeyidir və görünür, Fransa da onu ciddi şəkildə dəstəkləyib. ABŞ da ümumi fikirlə razılaşmalı olub”.

Əslində, ABŞ dövlət katibi Con Kerrinin şəxsi görüşləri də bu məsələdə öz əksini tapa bilər. Con Kerri ABŞ-da erməni soyqırımının tanınmasının tərəfdarlarından sayılır.

Rusiya isə görünür, status-kvonu uzatmaqla sadiq təbəəsi Serj Sarksiyanın hakimiyyətdən xətasız-bəlasız getməsinə çalışır. Sarkisyan 2018-ci ilə kimi hakimiyyətdə qalmalıdır ki, öz yerini varisinə “seçki” yolu ilə ötürsün. Qarabağ münaqişəsinin Madrid, yaxud hətta Kazan sənədlərini əsasında həlli Sarksiyanın hakimiyyətdən getməsini sürətləndirə bilər. Çünki Ermənistanda yaranmış paranoik əhval-ruhiyyə erməni ordusunun işğal edilmiş ərazilərdən çıxarılmasını qəbul edə bilmir. Bu fikri irəli sürən istənilən siyasətçi xalq düşməni elan edilir.

Azərbaycanın işğal olunan əraziləri (qara xətlərlə işarələnib)

Azərbaycanın işğal olunan əraziləri (qara xətlərlə işarələnib)

Bu yaxınlarda Ermənistan parlamentinin vitse-spikeri Ermine Naqdalyan da bu qəzəbə tuş gəlmişdi. Naqdalyan etiraf etmişdi ki, Ermənistan Azərbaycanın bir sıra rayonlarını məhz Dağlıq Qarabağın statusu naminə işğal edib və Azərbaycana bu statusu zorla qəbul etdirdikdən sonra Ermənistan ordusu həmin rayonlardan çıxacaq. Bu fikir Ermənistan ictimaiyyətində kəskin tənqidlərə səbəb olmuşdu.

Məsələ bundadır  ki, ermənilər Türkiyənin Aralıq dənizi sahillərindən Bakıya qədər bütün əraziləri özlərinə məxsus sayırlar və işğal edilmiş Azərbaycan ərazilərindən çıxmağı milli xəyanət hesab edirlər. Buna görə də Sarkisyan nəyin bahasına olursa-olsun öz hakimiyyəti dövründə münaqişənin dinc yolla həllinə imkan verməyəcək.  Məhz buna görə, Serj Sarkisyan Vyana görüşlərində körpə uşaq kimi Rusiya xarici işlər naziri Sergey Lavrovun dizinə qısılaraq məsələnin uzadılması üçün yardım istəyirdi və buna müəyyən qədər nail ola bildi.

Təbii ki, Azərbaycan hansısa üçüncü qüvvənin onun hüquqi ərazisində mexanizmlər quraraq vəziyyətə nəzarət etməsinə yol verməməlidir. Rəsmi Bakı öz ərazi bütövlüyünü hərb yolu ilə təmin etməyə qadir olmalıdır. Əks halda, Ermənistan daha yeni ərazilərə göz dikməklə işğal zonasını genişləndirməyə çalışacaq.

 

BIR CAVAB BURAXIN