Professor Məzahir Abasovun 100 illik yubileyi qeyd olunub

0
596

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda 1941-1945-ci illər müharibəsi qəhrəmanı, “Şöhrət” ordenli professor Məzahir Abasovun (1918-2002) 100 illik yubileyi qeyd olunub.

Arazinfo.com-a Tarix İnstitutundan verilən məlumata görə, tədbir AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən təşkil olunub.

Yubiley tədbirini giriş sözü ilə açan Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, M.Abasov 1941-1945-ci illər müharibəsi tarixinin ilk tədqiqatçılarından biridir: “O, 1941-1945-ci illər müharibəsində alman faşist işğalçılarına qarşı qəhrəmanlıqla vuruşub”.

Bildirilib ki, Məzahir Abasov İkinci Dünya müharibəsi zamanı Ukraynanın Sevastopol, Odessa şəhərlərinin və Qafqazın hava hücumundan müdafiəsində fəal iştirak edib. Onu ağır yaralı olanda Azərbaycanın tanınmış alimləri Əziz Əliyev və Mustafa Topçubaşov müalicə edib.

Qeyd olunub ki, M.Abasov tarixşünaslığımızda ilk dəfə olaraq 1941-1945-ci illər müharibəsi zamanı Bakının SSRİ-nin əsas yanacaq mənbəyi olduğunu sübut edib. O, bir hərbi təyyarəçi kimi “Mərdlik qanadlarında” adlı monoqrafiyasında ilk dəfə Azərbaycanın hərbi təyyarəçilərindən geniş səviyyədə söhbət açaraq, onların qəhrəmanlıqlarından nümunələr verib.

Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin deputatı Eldar Quliyev, professor Musa Bağırov, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, yazıçı Georgi Zapletin və başqaları Məzahir Abasovun həyat və fəaliyyəti ilə bağlı çıxış ediblər.

M.Abasov 1998-ci ildə Ulu öndər Heydər Əliyevin fərmanı ilə Azərbaycanda tarix elminin inkişafındakı xidmətlərinə və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif olunub.

Tədbirdə görkəmli alimin oğlu Əlövsət Abasov atasının xidmətlərinin yüksək qiymətləndirilməsinə, xatirəsinin əziz tutulmasına və tədbirin təşkilinə görə ailəsi adından minnətdarlığını bildirib.

Sonda “İgid şahin” adlı sənədli film nümayiş olunub.