“Qafqaz-2016”: Putin kimi hədəf alıb…

0
668

Xəbər verildiyi kimi Rusiya ordusunun Cənub hərbi dairəsi “Qafqaz-2016” hərbi təlimlərinə başlayıb.

“Kommersant”a istinadən xəbər verir ki, prezident Vladimir Putinin təlimlərin yekun mərhələsini izləyəcəyi gözlənilir. Doğrudur, “Qafqaz-2016” öz miqyasına və cəlb olunmuş qüvvələrin sayına görə Rusiyanın son vaxtlar bir-birinin ardınca keçirdiyi hərbi təlimlərin sırasında ən irisi deyil. Bu təlimlərə 12.5 min hərbçi cəlb edilib. Müqayisə üçün ötən il keçirilən “Mərkəz-2015” təlimlərinə 95 min hərbçi cəlb edilmişdi.

“Qafqaz-2016” təlimləri sentyabrın 5-də başlayıb və 10-na qədər davam edəcək. Cənub hərbi dairəsinin poliqonlarında (bura Ermənistandakı 102-ci bazanın poliqonları da daxildir), Qara dəniz və Xəzər akvatoriyalarında keçiriləcək. Təlimlər Qərbdə ciddi narahatlıqla izlənilir və Rusiyanın yeni müharibə hazırlığı kimi qiymətləndirilir. Bir çoxları narahatdır ki, Rusiya təlimlər adı altında Ukraynaya hərbi müdaxiləyə hazırlıq görür. Lakin Rusiya ordusunun Xəzərdə və Şimali Qafqazda, Ermənistanda və Gürcüstanın separatçı bölgələrində məhz kiminlə döyüşməyə hazırlaşdığı qaranlıq qalır.

Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, indiki strateji komanda-qərargah təlimləri çərçivəsində qoşunların idarə edilməsinin yeni sistemləri sınaqdan keçiriləcək. Ancaq təlimlərin əfsanəsinin nədən ibarət olduğu açıqlanmır. Hansı ki, bir qayda olaraq hərbi təlimlərin şərti ssenarisi müəyyən edilir və şərti düşmən seçilir. Bununla belə hərbi ekspertlər Rusiyanın cənub istiqamətində hansı müharibəyə hazırlıq gördüyünə dair nəticələr çıxarmağın mümkün olduğunu deyirlər.

Belə ki, Cənub hərbi dairəsinin mətbuat xidmətinin yaydığı məlumata əsasən Xəzər donanmasının gəmiləri su yollarının mühafizəsini, dəniz blokadasını həyata keçirəcək, ələ keçirilmiş gəmiləri azad edəcək. Kareliyadakı aerodromdan Adıgeyə göndərilmiş qırıcılar isə Xəzər donanmasını havadan dəstəkləyərək raket-aviasiya zərbələri endirəcək, havada hökmranlığı təmin edəcək.

Bu, Rusiyanın il ərzində Xəzərdə keçirdiyi ilk manevrlər deyil. Ümumiyyətlə son illər Rusiya ən yeni döyüş gəmilərini məhz Xəzər donanmasının sərəncamına verir və müntəzəm olaraq bu qapalı dənizdə, yaxud göldə müharibə məşqləri keçirir. Və ekspertlər buna xüsusi anlam verməkdə çətinlik çəkirlər.

Hərbi ekspert Viktor Muraxovski BBC rus xidmətinə deyib ki, manevrlərin miqyası və xarakteri, habelə döyüş əməliyyatlarının məşq edildiyi teatr Rusiya ordusunun NATO ölkələri ilə döyüşə hazırlaşdığını ehtimal etməyə əsas verir. “Birincisi, başa düşmək lazımdır ki, bu teatr NATO-nun məsuliyyət zonası ilə təmasdadır. Türkiyə NATO-nun üzvüdür, bir çox Qara dəniz ölkələri alyansın tərkibindədir. İndiki münasibətlərə baxmayaraq hərbçilər mümkün hərbi potensialdan çıxış edirlər və müvafiq ölkələrin, həmin ittifaqın ümumi imkanlarını nəzərə alırlar”-o deyib.

Viktor Muraxovski hesab edir ki, təlimlərin Ukraynaya müdaxilə hazırlığı olduğu inandırıcı deyil. Çünki Ukrayna münaqişəsini daha da gərginləşdirməyin mənası yoxdur, Rusiya bu böhranı indiki formada dondurmaq istəyir.

Digər ekspert Konstantin Boqdanov isə hesab edir ki, təlimlər qoşunların Şimali Qafqazda mümkün böhranları mənimsəməsi üçün keçirilir.“Təlimlərin əfsanəsini qismən açmaq mümkündür. Xüsusən avqustun 25-dən 31-nə qədər keçirilən qəfil yoxlamanın məqsədi dəqiq açıqlanmışdı-strateji cənub-qərb istiqamətində mümkün böhranlara qarşı qoşun qruplaşmalarının cəmləşdirilməsi”-ekspert deyib.

Virtualaz.org

BIR CAVAB BURAXIN