İŞİD terror təşkilatının Türkiyə-Suriya sərhədində məğlub edilməsi və son dövrlər davamlı şəkildə torpaq itirməsi Avropa üçün böyük təhlükə yaradır.
bu barədə “Independent” nəşrinin xəbərində deyilir.
Nəşr qeyd edir ki, “Fərat Qalxanı” əməliyyatı ilə üç il sonra ilk dəfə NATO ilə birbaşa təması qalmayan İŞİD-in qərbli cihadçıları yenidən ölkələrinə qayıda bilər. Qəzet təhlükəsizlik qurumlarının İŞİD terrorçularının Avropaya geri dönməsi ehtimalı ilə əlaqədar hazırlıq gördüyünü yazıb.
İŞİD-ə qatılan qərbli cihadçıları “saatlı bomba”ya bənzədən təhlükəsizlik səlahiyyətliləri onların çox yaxşı təlim keçdiyini bildirirlər. “Independent” Avropaya qayıda biləcək “saatlı bombalar”ın sayının 5-7 min arasında olduğunu qeyd edib.
Suriyada vətəndaş müharibəsinin başlanmasından bu yana 27 mindən çox əcnəbinin İŞİD-ə qatıldığı təxmin edillir. Onların ən azı 86 ölkənin vətəndaşları olduğu bildirilir. İŞİD-ə qatılanların bir çoxu turist vizası ilə Türkiyəyə gedərək sərhəddən qeyri-qanuni yolla Suriyaya keçib.
Qeyd edək ki, İŞİD Avropadakı tərəfdarlarını hücuma hazır olmağa çağırıb. “Avropadakı, xüsusilə Fransadakı qardaşlarımız hücuma keçməyə hazırlaşın, diqqətli və təmkinli olun”, – deyə terror təşkilatının sosial şəbəkə üzərindən yaydığı şifrəli mesajında deyilir.
Məlumatlara görə, İŞİD bu mesajı əsas komandirlərindən olan Əbu Muhammed Əl Adnaninin öldürülməsindən sonra verib. Terrorçular Adnaninin qisasını almağa hazırlaşırlar.
Əl Adnani İŞİD-in kəşfiyyat qurumu olan “Emni” qrupunun rəhbəri və təşkilatın rəhbəri Əbubəks Əl-Bağdadinin ən yaxın adamlarından olub. Bu qrup İŞİD-in daxili təhlükəsizliyini təmin etməklə yanaşı, xaricdə törədilən terror aktları da təşkil edir.
Publika.az