Salvador yığmasının futbolçularına Kanada ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında uduzmaq üçün rüşvət təklif olunub.
“Report”un məlumatına görə, komandanın oyunçuları bu barədə keçirdikləri mətbuat konfransında açıqlama veriblər.
Jurnalistlər önünə çıxanlar arasında “Zirə” klubunun sabiq futbolçusu Nelson Bonilya da olub. Onlar tədbir zamanı hər bir futbolçuya məğlubiyyət qarşılığında 2700 dollar təklif olunduğu audioyazını işə salıblar. Komanda adından çıxış edən Bonilya deyib: “İstərdik ki, belə hallara qarşı olduğumuzu hamı bilsin”.
Qeyd edək ki, Salvador yığması Şimali, Mərkəzi Amerika və Qəraib hövzəsi ölkələri zonası üzrə təsnifat turnirində dünya çempionatının final mərhələsinə vəsiqə şanslarını itirib. Kanada isə mundiala vəsiqə şanslarını saxlamaq üçün sentyabrın 7-də keçiriləcək ev oyununda Salvadora qalib gəlməlidir.