Tarix İnstitutu illik hesabatını təqdim edib

0
653

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının genişləndirilmiş iclasında institutun 2018-ci ildəki nəşrlərinin və Milli Məclisin deputatı Cavanşir Feyziyevin 5 cildlik “Türk dünyası” kitabının təqdimatı keçirilib.

Tarix İnstitutundan Arazinfo.com-a verilən məlumata görə, iclasda institutun 2018-ci ildə gördüyü işlər barədə məlumat verilib.

Bildirilib ki, Prezident İlham Əliyev AMEA-nın Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institut əməkdaşlarının tədqiqat işlərinə çox yüksək qiymət verib.

İnstitutun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, institut Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Çin, Bolqarıstan, Albaniya, Polşa və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq edir: “Son illərdə instituta Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən onminlərlə arxiv sənədləri gətirilib. Bu günlərdə Polşanın Varşava Universitetində Azərbaycanşünaslıq mərkəzi açılıb”.

İclasda qeyd olunub ki, Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” və “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” sərəncamlarına uyğun olaraq, Tarix İnstitutu Bakıda və bölgələrdə beynəlxalq və respublika səviyyəli elmi konfranslar təşkil edib. İnstitut əməkdaşları Moskva, Roma, Paris və Berlində Cümhuriyyətə həsr olunmuş tədbirlərdə iştirak ediblər.

Yaqub Mahmudov qeyd edib ki, Prezidentin təşəbbüsü və himayəsi altında hər il Azərbaycanda dünya tarixçilərinin beynəlxalq soyqırımı konfransları keçirilir: “İnstitutda Azərbaycan xalqına qarşı soyqırımları tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Bu il Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq Qusar şəhərində “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans təşkil etmişik”.

İclasda bildirilib ki, 2018-ci ildə Tarix İnstitutunda 37 adda yeni kitab çap olunub.

Qeyd edək ki, bu il “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix” (ingiliscə), “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı” (ingilis və rus dillərində), “Real tarix və “Böyük Ermənistan” uydurması” (gürcü dilində), “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” (türkcə), “Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin dövlətçilik fəaliyyətinin Tiflis dövrü”, “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” (rusca), İrəvan xanlığının tarixinə dair 4 adda broşür (erməni və fars dillərində) və digər kitablar nəşr olunub.

İclasda Cavanşir Feyziyev bildirib ki, türk sivilizasiyası ən qədim zamanlardan müasir dövrümüzədək dünya tarixinə böyük töhfələr verən şəxsiyyətlər və planetin siyasi coğrafiyasını dəyişməyə qadir fatehlər yetişdirib.

Tədbirdə Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva, Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, Tarix İnstitutunun şöbə müdirləri Kərim Şükürov və Şahin Fazil çıxış ediblər.

C.Feyziyevin “Türk dünyası” 5 kitabdan ibarətdir: “Türk sivilizasiyasının təməl dəyərləri”, “Türk xalqları”, “Türk dövlətçiliyi tarixi”, “Türkşünaslıq” və “Türk dünyasının tarixi şəxsiyyətləri”.

I kitabda türk sivilizasiyasının tarixi təkamülü və təməl dəyərləri, türk dilləri ailəsi, ümumtürk tarixi və mədəniyyəti, siyasət və diplomatiyası, türklərin spesifik həyat tərzi, adət-ənənələri, universal-multikulturalist dünyagörüşü və onların müasir dünyadakı mövqeyi haqqında geniş məlumat verilir.

II kitabda  türk etnocoğrafiyası, əski türk ulusları və boyları, müasir türk xalqları və toplumları, türk diasporu və onun təşkilatlanması problemləri, ümumtürk qurumları və onların inteqrasiya prosesindəki rolundan bəhs olunur.

III kitabda türklərin dövlətçilik tarixi və genealogiyası, qədim türk dövlətləri və imperiyaları, dövrümüzün müstəqil türk respublikaları və onların əlaqələri, başqa dövlətlərin tərkibindəki muxtar türk respublikaları və vilayətləri haqqında söz açılır.

IV kitabda  türkşünaslığın aktual problemləri, türkçülük ideologiyası və onun nümayəndələri, türkçülüyü təhrif edən yanaşma və nəzəriyyələrin tənqidi analitikası, türklərin kimliyinə münasibət, müasir türk dünyasının inkişaf potensialları və perspektivləri haqqında konkret informasiyalar yer alır.

V kitabda isə türk dünyasının görkəmli şəxsiyyətləri və onların dövlətçilik, siyasət, elm, mədəniyyət, ədəbiyyat sahəsindəki xidmətləri sistemləşdirilərək təqdim olunur.

C.Feyziyev kitabında türkçülüyün təhrifi barədə bunları yazır: “İmperializm ideoloqları xüsusi forma və yön verdikləri pantürkizm, panturanizm və panislamizm cərəyanlarını dünyaya elə təqdim edirdilər ki, guya onların tərəfdarları ekstremist millətçilər və fanatik islamçılardır, əsas məqsədləri isə dünyaya ağalıq edəcək monarxik Türk İmperiyası (Turan) və İslam Xilafəti qurmaqdır. Onlar türkçülük kimi gerçək pozitiv ideyanı pantürkizm, panturanizm, panislamizm kimi təhlükəli anlayışlar şəklində təqdim etmək üçün gizli xəfiyyə strukturlarından tutmuş elmi araşdırma institutlarına qədər müxtəlif vasitələrdən istifadə etmişlər. 1930-1940-cı illərdə Sovet İttifaqında yaşayan bir çox görkəmli alim-türkoloqlar – professor Bəkir Çobanzadə (1937), professor Yevgeniy Dmitriyeviç Polivanov (1938), SSRİ Elmlər Akademiyasının həqiqi üzvü Aleksandr Nikolayeviç Samoyloviç (1938) və başqaları güllələnmişlər”.

“Türk dünyası” Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub. Kitabın elmi redaktorları akademik Yaqub Mahmudov və professor Fərman İsmayılovdur.