Ordumuza NATO silahları gəlir

0
802

Fransanın “MBDA Systems” şirkəti Azərbaycana ASTER 30, SAMP/T və “VL Mica” hava hücumundan müdafiə (HHM) sistemləri tədarük edəcək. Bu barədə interfax.az saytı xəbər yayıb.

“Biz bu sistemlərin Azərbaycana ixracından ötrü Fransa dövlətindən icazə almışıq. Azərbaycan tərəfi ilə ASTER 30 SAMP/T və ”VL Mica” hava hücumundan müdafiə sistemlərinin alqı-satqısına dair danışıqlar yaxın zamanlarda yekunlaşacaq”, – deyə şirkətin nümayəndəsi “AzeriDefence” jurnalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi bu komplekslərin imkanları ilə tanış olub və məmnundur. “Bu sistemin Azərbaycanın hava hücumundan müdafiəsini ən mükəmməl şəkildə təmin edəcəyini düşünürük”, – deyə o qeyd edib.

*****

“Yeni Müsavat” xatırladır ki, Azərbaycan indiyədək özünün hərbi-hava qüvvələrini gücləndirmək və daha da təkmilləşdirmək üçün Rusiya, İsrail, Türkiyə, Belarus və Pakistanla hərbi-texniki əməkdaşlıq çərçivəsində müxtəlif sistemlər və təyyarələr alıb, almaqda davam edir. Fransa bu yöndə Avropa Birliyi (AB) ölkələri arasında ilk dövlət ola bilər (Çexiya və İtaliya qismən istisna olmaqla). Aylar öncə Fransanın Azərbaycana müasir silahlar satmağa hazırlaşması haqda məlumatlar yayılmış, bu da işğalçı Ermənistanda təlaş yaratmışdı.

Sentyabrın 25-də Bakıda keçirilən üçüncü “ADEX-2018″ Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində isə ilk dəfə olaraq, Fransa ”Naval Group” və “Thales” şirkətləri timsalında təmsil olunmuşdu. “Naval Group” hərbi-dəniz müdafiəsi sahəsində Avropa lideri sayılır. Şirkət əsasən sualtı qayıqları və gəmiləri layihələndirir və inşa edir. “Thales” isə sərgidə hava hərəkətinin idarə olunması, hava müşahidə sistemləri, zirehli maşınlar, təlim və simulyasiya üzrə məhsul və xidmətlərini təqdim etmişdi.

ASTER 30, SAMP/T ile ilgili görsel sonucu

Sərgi çərçivəsində o da məlum olmuşdu ki, Azərbaycanla Fransa hərbi-texniki sahədə əməkdaşlığı genişləndirməyə hazırlaşır. “Azərbaycan Fransa ilə müştərək əsasda hərbi patrul gəmiləri istehsal etməyi nəzərdə tutur”. Bunu “Naval Group” şirkətinin Azərbaycandakı nümayəndəsi Kristof Blö bildirmişdi. O, məsələ ilə bağlı hərtərəfli danışıqlar aparıldığını da demişdi.

Məlumatlara görə, “OPV-90 tipli hərbi gözətçi gəmilərinin Azərbaycanda istehsal olunması nəzərdə tutulur. Söhbət ayrı-ayrı hissələri gətirib yığmaqdan yox, məhz bütöv bir istehsal prosesindən gedir. ”Həmin gəmi Azərbaycanın Xəzərdə suveren hüquqlarını təmin etməyə layiqli töhfə verəcək” – deyə, Fransa şirkətinin təmsilçisi qeyd etmişdi. OPV-90 gəmiləri həmçinin gəmi vuran raketlər sistemi ilə təchiz olunub və iki 5-10 tonluq helikopteri qəbul edə bilir.

******

Virtualaz.org açıq hərbi qaynaqlara istinadən xəbər verib ki, Azərbaycanın Fransadan almağa hazırlaşdığı SAMP-T zenit-raket kompleksi qoşunların və yürüşdə olan mexanikləşdirilmiş birləşmələrin, habelə böyük əhəmiyyətə malik  stasionar obyektlərin geniş spektrdə hava hədəflərinin kütləvi aviasiya hücumunun qarşısını almaq üçündür. Bura taktiki qanadlı raketlədən tutmuş, bütün tiplərdə təyyarə və vertolyotlar, habelə müxtəlif pilotsuz uçan aparatlar (PUA) daxildir. SAMP-T onları sutkanın istənilən vaxtında, istənilən hava şəraitində aşkar edib vura bilir. Özü də düşmən tərəfinin müxtəlif tipli siqnalpozucu vasitələrdən istifadə etdiyi şəraitdə.

“Aster-30″ idarəolunan zenit raketi isə ikipilləli, bərk yanacaqla işləyən yüksək dəqiqlikli raketdir. Trayektoriyanın başlanğıc və orta mərhələsində komandanı yerdən alır, trayektoriyanın sonuna doğru isə aktiv faza barmaqlıqlı radar işə düşür və raket inersiyal olaraq hədəfə yönəlir.

ASTER 30, SAMP/T ile ilgili görsel sonucu

VL “MİCA ”zenit-raket komplekslərinə gəlincə, bunlar yaxın mənzilli sistemlərdir və quru qoşunlarının bölmələrinin, aviabazaların, komanda məntəqələrinin və gəmilərin qanadlı raketlərin, idarəolunan aviabombaların, təyyarələrin, vertolyotların və PUA-ların hücumundan qorunması üçün nəzərdə tutulub. Kompleks sutkanın istənilən vaxtında və istənilən hava şəraitində işləyir, MİCA “hava-hava” raketlərinin bazasında MBDA firması tərəfindən işlənib hazırlanıb…

*****

Fransa ilə sıx münasibətlər sözsüz ki, Azərbaycan üçün hər şeydən öncə Qarabağ məsələsində Parisin ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biri olmasına görə önəm kəsb edir. Fransa eyni zamanda erməni lobbisinin ən güclü olduğu, saxta “erməni soyqırımı” məsələsində qatı ermənipərəst mövqe sərgiləyən Qərb ölkəsidir. Bu mənada Fransa ilə hərbi sahədə əlaqələrimiz prinsipial əhəmiyyət daşıyır. Başqa yandan, Azərbaycan digər həmsədr dövlətdən – Ermənistanın əsas müttəfiqi olan Rusiyadan böyük həcmdə silah-sursat alırsa, Fransa və onun hərbi-sənaye kompleksi ilə də əməkdaşlıq qurula bilər.

NATO ile ilgili görsel sonucu

Hərbi əlaqələr, ortaq iqtisadi maraqlar isə təbii ki, ortaq siyasi maraqları zəruri edir, qarşılıqlı etimada işləyir. Bu xüsusda son vaxtlar Qarabağdakı separatçı-kriminal rejimin başçısı Bako Saakyanın Fransa səfərindən dolayı Bakı-Paris münasibətlərində yaşanan gərginliyin ardınca HHM-lərlə bağlı xəbər Fransadan Azərbaycana yaxşı bir jest sayıla bilər…

*****

Maraqlıdır ki, Fransanın Azərbaycan HHM  sistemləri satacağı ilə bağlı xəbər Ermənistanın guya Rusiyadan 100 milyon dollar kredit çərçivəsində Su-30SM qırıcıları almağa hazırlaşması barədə müdafiə naziri əvəzi David Tonoyanın açıqlamasından iki gün sonraya təsadüf edir. Toniyanın dediyinə görə, Moskva ilə anlaşma yekunlaşmaq üzrədir. Azərbaycanlı hərbi ekspert Şair Ramaldanov isə qəzetimizə müsahibəsində erməni rəsmisinin söylədiyinə şübhə ilə yanaşaraq, bunu daha çox 9 dekabr parlament seçkiləri ilə bağlı daxili auditoriyaya ünvanlı bəyanat saydığını demişdi. Çünki onun sözlərinə görə, belə bir anlaşmanın olmasına dair ortada yetərli dəlil-sübut, sənəd yoxdur.

ASTER 30, SAMP/T ile ilgili görsel sonucu

Sitat: “Bu gün öz əsgərini yetərincə alt paltarları ilə belə, təmin edə bilməyən bir dövlətin bu təyyarələri almağa imkanı ola bilərmi? Bu, çox ciddi sualdır. Siyasi proseslər qabağı Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən şəxs, sadəcə, belə açıqlamalarla çıxış edir. Belə bəyanatları biz onlardan çox eşitmişik. Halva-halva deməklə ağız şirin olmur. Deyirlər ki, təyyarələrin alınması ilə bağlı son mərhələdəyik. Amma açıqlanmır. Əgər məhsul varsa, pul verilir və o alınır. Kredit varsa, bu barədə də məlumat verilir. Bütün bunları nəzərə alsaq, çox da inandırıcı gəlmir. Tutaq ki, onlar həmin silahları aldılar, unutmayaq ki, o silahlar Azərbaycanın hava məkanında üstünlük qazanacaq səviyyədə deyil. Bu gün bizim hərbi hava qüvvələrimiz ermənilərdən 6-7 dəfə üstündür. Yəni imkanlarımız çoxdur”.

*****

Azərbaycan isə üstəlik, bir ölkədən – Rusiyadan silah asılılığına düşməmək üçün özünün hərbi strategiyasını cilalamaqda, silah tədarükü siyasətini şaxələndirməyə davam edir. Ermənistandan fərqli olaraq, buna bizim maliyyə-iqtisadi potensialımız tam imkan verir. Hərbi ekspertlərə görə, havada üstün olmayan ölkənin isə müharibədə qalib gəlməsi qeyri-mümkündür. Onların qənaətincə, Azərbaycan isə postsovet məkanında Rusiyadan sonra hava hücumundan ən güclü müdafiə sistemi yaratmış ölkədir.       “Yeni Müsavat”