Azərbaycanda əhalinin təbii artımı azalıb

0
530

Azərbaycanda əhalinin təbii artımı davam etsə də, son 27 il ərzində təbii artım əmsalı 2 dəfədən çox azalıb.

Son 27 ildə Azərbaycanda əhalinin ən yüksək təbii artım əmsalı 1990-cı ildə qeydə alınıb.

1990-cı ildə Azərbaycanda əhalinin təbii artımı 140 170 nəfər olduğu halda, 2017-ci ildə bu say 86 932-yə enib.

Son 27 ildə ölkədə əhalinin hər 1000 nəfərinə düşən təbii artım əmsalı 1990-cu ildəki 19,8 göstəricisindən 8,9-a (2017-ci il) enib.

Artım əmsalının formalaşmasında kişilərin payı qadınlara nisbətən yüksəkdir.

2017-ci ildə kişilər üzrə təbii artım əmsalı 9,5 (1990-cı ildə 20,7), qadınlar üzrə 8,3 (1990-cı ildə 19) olub.

Azərbaycanda şəhər yerləri ilə müqayisədə kənd yerlərində əhalinin təbii artım göstəricisi daha yüksəkdir. 2017-ci ildə kənd yerləri üzrə əhalinin təbii artım göstərici 10,6, şəhər yerlərində 7,4 olub.

27 il əvvəl – 1990-cı ildə isə şəhər yerlərində bu göstərici 16,9, kənd yerlərində 23,3 olub.

Qeyd edək ki, BMT-nin orta ssenari proqnozuna əsasən, Azərbaycan əhalisinin ümumi artımı növbəti illərdə davam edəcək və 2030-cu ildə 10,7 milyon nəfərə çatacaq. Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunub ki, növbəti illərdə ölkə əhalisinin təbii artımı nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcək.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev hazırda ölkəmizdə müsbət demoqrafik vəziyyətin olduğunu, əhalinin təbii artım tempinin davam etdiyini bildirib.