Seyid Əzim Şirvaninin dünyagörüşündə sufiliyə, sufizmə meylililk də çox hiss olunur. Xüsusilə də, o, riyakar zahidlərə, ruhanilərə nisbətdə özünü bir sufi kimi görür. Yəni onun dindarlığı, möminliyi bir sufi möminliyidir. Məsələn, o, orucluğu bir zahid kimi deyil, bir mömin sufi kimi dərk edir: Bir ay rəmazan oruc tutub hər axşam, İftarımı eylədim şərabi-gülfam, İndi nədir, ey şeyx, şəriət hökmü, Kəffarə verim, oruc tutum, ya itam? Eyni zamanda, o, ramazanın sufilik anlamda mahiyyətini ortaya qoyan bir şeirində yazırdı ki, fani dünyada əsas məqsəd insanla Allah arasına sədd çəkməməkdir. Məhz ramazan ayında riya əhlinin bütün cəhdlərinə baxmayaraq, Allahla insan arasında səmimi bir əlaqənin, ilahi bir sevginin yaranması mümkün olur. O yazır: Ey saqiyi-gülçöhrə, mahi-rəməzan oldu, Gülzari-rüxi-dilbər zəf ilə xəzan oldu. Dildar tutub ruzə, zəf oldu ona qalib, San yengi çıxan aydır, çərx üzrə əyan oldu. Qaçmış o güli-alın ləli-ləbinin qanı, Bağrım tutulub qəmdən, qönçə kimi qan oldu. Aşüftə olub kakil əbruyi-kəcin tutdu, Mah idi bu eyd üçün əbr içrə nihan oldu. Açıldı dəri-məscid, cəm oldu riya əhli, Bağlandı səri-mina, qəmdən xəfəqan oldu. Niyyət gecəsi verdim iymanı, şərab aldım, Sud oldu bu sövdadə, zahid, nə ziyan oldu? Ta hübbi-Əlidən mey Seyyid kimi nuş etdim, Sərməstligim, saqi, məşhuri-cahan oldu. Seyid Əzim hesab edirdi ki, Allahla insan arasında sədd çəkən İslam dini adı altında çıxış edən riyakar ruhanilərdir. Bu anlamda şair İslam dininin günü-gündən «naxoş»lamasının başlıca səbəbkarı kimi hər hansı məzhəbə qulluq etməsinə baxmayaraq, onun adından çıxış edən bütün riyakar ruhaniləri, zahidləri, mollaları göstərmişdir. S.Əzimin fikrincə, onların riykarlığı nəticəsində mömin müsəlmanlar məscidlərdən üz çevrir, onların övladaları tərəqqidən geri qalır, dini ayin və mərasimlərin mahiyyəti dəyişdirilir, məzhəblərarası təfriqələr daha da vüsət alır və nəticədə «islam milləti» naxoşlayır. Bizə elə gəlir ki, Seyid Əzim məhz bütün bunlara son qoymaq, yəni naxoş «islam milləti»ni sağaltmaq üçün Bakıxanovun yolunun davamçısı kimi, ilk növbədə şeirlərində riyakar zahidlərin iç üzlərini ifşa etməklə yanaşı, Allahla insanı bütünləşdirən bir fəlsəfəni iərli sürürdü: Ey könül, məscid yolunu tərk et, rəhi-meyxanə tut. Ğuğma əldə zahidin təsbihini, peymanə tut. Zahidü məscid təmənnasın çox etmə, ey könül, Zahidi bir cüğd bil, həm məscidi viranə tut. Ona görə, zahid bir tərəfdən dini moizələr oxuyub avam müsəlmanları cənnətlə şirinkləşdirib cəhənnəmlə isə qorxutduğu halda, o biri tərəfdən özü bu dünyada “cənnət” içində yaşayır, üstəlik o biri dünyada da cənnətə gözünü dikib. Halbuki əsil mömin müsəlman üçün Allaha qovuşmaqdan, Onunla bütünləşməkdən böyük bir xoşbəxtlik ola bilməz. O yazır: Zahida, ol sənəmin zülfi-çəlipasına bax, Aç bəsirət gözüvi, nərgisi-şəhlasına bax. Ayeyi-xəmr oxuyur, nəfini inkar qılır, Tutduğu felini gör, verdigi mənasına bax. Cənnətə getdi və ya düzəxə mürdə, nə qəmin, İrsinə dik gözüvü, külçəvü həlvasına bax. İstəyir cənnəti zahid bu qədər hiylə ilə, Əbləhin fikrini gör, dildə təmənnasına bax. Eyni zamanda, o, deyirdi ki, zahiddə hünərin olmadığını da, ilahi məhəbbətdən uzaq olduğunu da, hətta insanlıqla üst-üstə düşməyən əməllərini də yaxşı bilir. İlahi məhəbbətə doğru yürümək üçün gərək insanda o, məhəbbətin bir zərrəsi olsun. O yazır: Ey zahidi-xudbin, bilirəm kim, hünərin yox. Meydani-məhəbbət tərəfə bir güzərin yox. Mehrabdə əgləş ki, cigərdar degilsin, Bu nari-qəmə yanmağa əsla cigərin yox. Ta müxbiri-eşq oldu könül, bixəbərəm mən, Zahid, xəbərim yox, bu xəbərdən xəbərin yox. Sən eylə pəri, hur xəyalilə ibadət, Bəzmində ələnnəqd büti-simbərin yox. Ey zahidi-xüşk, eyləmə üşaqqə təfaxür, Ahi-səhərin, suzi dilin, çeşmi-tərin yox). Şair onu da yazırdı ki, artıq zahid sözü ilə hər hansı savaba meyil göstərməyin özü də belə doğru hesab edilmir. Çünki zahidin savab dediyinin özündə də, bir riyakarlıq vardır. Bu anlamda zahid kimi aşkarda müsəlman olub, əslində gizlində isə dinini şeytana verməkdənsə, Şeyx Sənan tək açıq-aşkar bir kafir qızına meyil edib ona görə din dəyişdirmək daha məqbuldur. O yazır: Zahida, dinivü sən verdin əbəs şeytanə, Şeyx Sənan verib öz dilbəri-tərsası üçün. Ümumiyyətlə, Şirvaninin nəzərində zahidlər, riiyakar din xadimləri İslam dininin ən böyük düşmənləridir. Çünki məhz onların şər əməlləri nəticəsində müsəlmanların çoxu məsciddən üz döndəriblər, xalq arasında molla və zahidin adları çəkiləndə ikrah hissi baş qaldırır. Artıq riyakarlıqla zahidlik sinonim kimi başa düşülür. Şirvani yazır: Riyanı tərk elədim, cam tutdum, ey zahid, Mənim də el gözünə parsalığım var idi. Ya da: Gecə-gündüz ki, özü məsti-riyadır zahid, Badədən bəs nə üçün mən qılır ovbaşi? Kəbədə olsa da zahid ki, təvaf etməzdi, Səngi-meyxanədən olsaydı gər bir daşi. Gördüyümüz kimi, Şirvani açıq-aşkar şəkildə zahidləri din düşməni elan etmiş, özünü bir sufi kimi ortaya qoymuşdur. Onun nəzərində zahidlərin, vaizlərin bir qara qəpik dəyəri yox idi. Çünki “naxoş”layıb “xəstə” halına düşən İslam dininin bu vəziyyətində şeytanla əlbir olan zahidlərin payı çox böyük idi:
Vaiz eləyir mənfəəti-badəni inkar,
Meyxanələrə gör ki, nə əfzundu inadı.
Zahid işi zahirdə əbadır və duadır,
Məlun kişidir, hiyləvü təzvir nihadı.
Ya da:
Girəm ki, dögər başını səccadəyə zahid,
Tərsadə olan məniyi-zünnarı bilirmi?.
Ya da:
Gər oldu mənim canıma canan varis,
Zahid, ola iymanuva şeytan varis.
S.Ə.Şirvaninin dünyagörüşü ilə bağlı təhlilimizi yekunlaşdıraraq hesab edirik ki, o, dini fəlsəfi təfəkkürlə yanaşı, xeyli dərəcədə dünyəvi fəlsəfi təfəkkürə meyil göstərmiş mütəfəkkir kimi Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixində özünəməxsus yer tuta bilmişdir. S.Ə.Şirvani köhnəlik və yenilik arasında çırpınan, millətinin nicatını yeniləşmiş dünyada nə qədər axtarsa da, şəriətin müsəlmanlar üçün vacibliyini və əhəmiyyətini vur¬ğu¬lamağı da unutmamışdır. Bütün hallarda Şirvani doğru müəyyənləşdirə bilmişdir ki, son əsrlərdə müsəl¬man xalqları riyakar ruhanilərin, mollaların əməlləri üzün¬dən Quranı, şəriəti və dini elmləri olduğu kimi öyrənə bil¬mə¬miş, eyni zamanda dünyəvi elmlərdən isə tamamilə uzaq qalmışlar. Bu baxımdan onun başlıca hədəflərindən biri o idi ki, Quranın həqiqi mahiyyətini vaxtında müsəlmanlara öyrətməyən din üləmalarının, dünyəvi elmlərin də öyrənilməsinə qənim kəsilməsinin qarşısı alınmalıdır. Çünki müsəlman¬ xalqları yalnız dini elmləri mənimsəməklə deyil, eyni zamanda dünyəvi elmləri öyrənməklə, yəni yeni tipli məktəblərdə təhsil almaq, qəzetlər oxumaq yolları ilə inkişaf edib başqa millətlərin səviyyəsinə çata bilərlər. Bu məqsədlə də o, Qərb mədəniyyətinin əldə etdiyi bir çox uğurların müsəlman dövlətlərində də tətbiq olunmasının mümkünlüyünü irəli sürmüşdür. O, Qərb mədəniyyətinə aid uğurların ən azından bir qisminin İslam dininə zidd olmadığını sübuta yetirmək üçün, bununla bağlı Quran ayələrindən nümunələr də vermişdir. Bununla da, o sübuta yetirməyə çalışmışdır ki, əslində həmin yeniliklərin çoxu Quranda da öz əksini tapmışdır. Sadəcə, riyakar ruhanilərlə despotik məmurlar Quranın yenilikçi ruhunu müsəlman xalqlardan gizli tutaraq, ona öz maraqlarına uyğun olaraq etdikləri əlavələrlə birlikdə sxolastik təfəkkürlə kifayətlənmişlər. Bu anlamda Şirvaninin dünyagörüşündə riyakar ruhanilərlə despotik məmurların tənqidi mühüm yeri tutur. Bütün hallarda hesab edirik ki, Şirvani Əfqani, Zərdabi qədər olmasa da, ancaq İslam-Şərq-Türk mədəniyyəti ilə Qərb-Xristian mədəniyyətinin hansı anlamda uzlaşa biləcəyini qismən doğru müəyyənləşdirə bilmişdir. Xüsusilə, onun dünyagörüşündə islam fəlsəfəsi, türk fəlsəfəsi bir bütünlük təşkil etməsinə, eyni zamanda sxolastik fəlsəfi təfəkkürdən çox uzaq duraraq yenilkçi-insani-dünyəvi xarakter daşımasına qətiyyən şübhə etmirik. Məhz islam fəlsəfəsi və türk mədəniyyətinin dərkində əsasən rasional mövqe tutmasının nəticəsi idi ki, Şirvani də Qərb-Rus mədəniyyətinə olduqca həssas yanaşmışdır. Onun Qərb mədəniyyətindən əsasən əxz elədiyi məsələ, reallıqları görüb dəyərləndirmək bacarığı və Avropa texnologiyasından səmərəli istifadə etmək idi. Hər halda Şirvani türk mədəniyyətinə və islam fəlsəfəsinə dərindən bələd olan bir mütəfəkkirimiz kimi, Qərb mədəniyyətinə aid dəyərlərin hansı anlamda müsəlman türk xalqlarının həyatında müsbət ya da mənfi rol oynaya biləcəyini əsasən, doğru müəyyənləşdirə bilmişdir
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)