“Bakcell” mobil operator şirkətinin icraçı direktoru Nikolai Beckers cənablarına:
“Oxu məni” qəzetinin və “Medianfo.az” saytının Baş redaktoru Emin Axundov tərəfindən
Müraciət-sorğu
Son illərdə dəfələrlə müştərisi olduğum şirkətiniz tərəfindən müştəri haqqlarım pozulmaqdadır. Belə ki, dəfələrlə müxtəlif qurumlar tərəfindən Bakcell nömrəmə SMS-lər gələrək hesabımdan pul tutulur. Bu gün də eyni hadisə təkrar olunub. Məsələ ilə əlaqədar şirkətinizin müştəri xidməti ilə əlaqə saxlamışam. Amma müştəri xidmətindən mənə bununla bağlı cavab verən oğlan, daha sonra isə xanım (səsləri telefona yazılıb) gah nala, gah mıxa vurdu və onlardan qane edici cavab ala bilmədim. Təbii ki, əvvəllər də bununla əlaqədar dəfələrlə Bakcell müştəri xidmətləri ilə əlaqə saxlamış və haqqımı tələb etmişəm. Ancaq hər dəfə mənə qane edici cavab vermək əvəzinə problemi telefonuma sms göndərən qurumun üzərinə qoymağa cəhd ediblər. Amma maraqlıdır: Mənim telefon nömrəmi digər qurumlara kim verib və ya kim satıb? Qanunla mənim Bakcell nömrəmin gizliliyi qorunmalıdır. Amma şirkətiniz tərəfindən buna əməl edilmir. Eyni zamanda Bakcelldə olan hesabımdan mənim xəbərim olmadan nömrəmə SMS göndərən hansısa fırıldaqçı qurumun tələbi ilə pul silinməsinə hansı haqqla, hansı qanunla icazə verirsiniz? Xəbərim olmadan hesabımdan pul silinməsii hüququnu Bakcell-ə kim verib? Biz Bakcellə pulumuzu etibar edirik, siz isə heç bir əsas olmadan, bizə xəbər vermədən hesabımızdan fırıldaqçı şirkətlərin hesabına pul köçürürsünüz. Belə çıxır ki siz cənab Beckers fırıldaqçı şirkətlə əlaqədarsınız. Çünki əks halda sizə etibar etdiyimiz əmanəti qoruyar, onu bizə xəbər vermədən fırıldaqçı şirkətin hesabına köçürülməsinə imkan verməzdiniz. Bir daha qeyd edirəm ki, Bakcell-ın bu hərəkətləri Azərbaycan Respublikasının qanunlarına ziddir və vətəndaşın əmanətinə xəyanət etmək, onun pulunun fırlıdaqçıların hesabına köçürülməsinə şərait yaratmaq və onlarla
əlbir olmaq cinayət hesab edilir. Xatırladım ki, baş verən hadisə mənə münasibətdə son 6 ayda 4-cü dəfədir təkrarlanır. Onu da deyim ki, şikayətimlə əlaqədar sizin işçiləriniz adımın qara siyahıya salındığını və bir daha nömrəmə reklam xarakterli sms və zənglərin göndərilməyəcəyini bildiriblər. Ancaq buna baxmayaraq nömrəmə sms və reklam zəngləri gəlməkdə davam edir. Vəziyyət belə davam edəcəyi təqdirdə Bakcell müştərilərinə müraciət edərək onların sizdən olan şikayətlərini toplayıb lazımi dövlət qurumlarına göndərməli olacağıq. Ona görə də cənab Beckers bir daha sizə xatırlatmaq istəyirəm ki, şəxsimə münasibətdə yol verdiyiniz qanun pozuntularına görə qanun qarşısında cavab verməli olacaqsınız. Unutmayın ki, müştərilərin cibinə girməyə, sizə etibar edilən əmanətə xəyanətə, onların əmanətini xəbər vermədən başqasının hesabına köçürməyə görə qanunlarımızda sərt cəzalar nəzərdə tutulub və baş verənlərə görə məsuliyyətdən yaxa qurtara bilməyəcəksiniz. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bizim şəxsi məlumatlarımız, sizə etibar etdiyimiz əmanət barədə məlumatların gizliliyi qorunub saxlanılır və hüquqlarımızın pozulması, gizli məlumatlarımızın başqasına ötürülməsi cinayət hesab edilir.
Bir daha ilk növbədə Azərbaycan Respublikasının vətəndaşı, Baş redaktor və dövlətçiliyimizin maraqlarını müdafiə edən bir şəxs kimi diqqətinizə çatdırıam ki, Bakcell-də baş verən bütün bunlar mənim kimi müştərisi olduğunuz 100 minlərlə insanı dövlətdən narazı salmaq, onları dövlətə qarşı qaldırmaq cəhdləri kimi dəyərləndirilə bilər. Bakcell-in bu qeyri-qanuni hərəkətləri düşmən ermənilərin dəyirmanına su tökməkdən başqa bir şey deyil. Ona görə də qəti şəkildə tələb edirəm ki, müştəriləri saxta SMS-lər göndərilməsi yolu ilə dövlətdən narazı salan və onların, həmçinin şəxsi hesabımdan qeyri-qanuni yollarla silinən pulların qaytarılması və günahkarların cəzalandırılması üçün tədbirlər həyata keçirəsiniz. Əks halda saxta sms-lərlə vətəndaşın hesabından pul tutmaq yolu ilə onları dövlətdən narazı salmağa xidmət edən və bu yolla müştərilərinizi dövlətə qarşı təxribata çəkmək cəhdlərinizin qarşısının alınması üçün müvafiq hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etməli olacağıq.
Emin Axundov