YUXULARDA GÖRDÜYÜM ÇOX VAXT REALLIQ OLUR

0
716

 

Müsahibim tanınmış rejissor Tofiq Teymuroğludur

 Tofiq bəy, bizə bir az özünüzdən danışın. Tofiq bəy necə bir xarakterlidir? Mənim fikrimcə sərt, ağır təbiətli, qanunlarına bağlı səmimi biri. Əslində necə?

 

– Əhmədov Tofiq Teymuroğlu, 32 yasım var, ali təhsilliyəm. Mədəniyyət və İncəsənət Universitetinin teatrşünas, kinorejissor ixtisaslarını bitirmişəm. Sərt xarakterli biriyəm yad adamlara qarşı, tələbkaram işimdə. Əslinə qalsa, normal həyatda tanıdığım və əziz olan insanlar arasında deyib-gülən, komik, həyatsevər biriyəm. Həyatdan zövq almağı bacarıram. Xəyalpərəstəm, amma xəyalları reallığa da çevirə bilirəm, fantaziyam həddindən artıq çox böyükdür. Yuxularla yaşayan biriyəm, yuxularda gördüyüm çox vaxt reallıq olur, yuxular bir növ mənimçün siqnaldır. Demək olar ki, yaşadığımız aləmdən, ruh aləmindən təcrid olunub başqa bir dünyanın adamı kimi yaşayıram.

 

Azərbaycanda barmaqla sayıla biləcək qədər işinin peşəkarı olan rejissorlar sırasına daxilsiniz. Ulduz xəstəliyinə tutulanlara münasibətiniz, siz necə, tutulmusunuzmu bu xəstəliyə?

 

– Azərbaycanda barmaqla sayıla biləcək qədər işinin peşəkarı olan rejissorlar sırasına bilmirəm daxiləm,daxil deyiləm, hər halda qıraqdan dəyərləndirənlər daha yaxşı bilərlər bunu.Amma o ki, qaldı ulduz xəstəliyinə tutulanlara münasibətim, bizim peşəkar sferada ulduz xəstəliyinə tutulan rejissor demək olar ki,yoxdur. Adamı işinə görə tanıyırlar, rejissorun işi göstərməkdir, çəkmək və göstərmək. Əgər çəkdiyi, göstərdiyi iş milyonların ürəyincədir, sevilirsə artıq demək olar ki, o rejissorun özü də sevilir. Əgər bundan kimsə ulduz xəstəliyinə tutulursa, peşəkar deyil. O rejissor xəstəliyinə tutulan insanlar təsadüf gələn insanlardır bu sənətə, yəni elmi, savadı, dünyagörüşü, gördüyü işləri,  praktikası çox az olanlardır.

 

 

“İstanbulda liman” klipi çox səs-küylə qarşılandı, sözsüz ki, yaxşı mənada uğurlu bir iş ortaya qoydunuz. Süjet xətti, cərəyan edən hadisələr və klipin çəkilişi, montajı ümumilikdə bir-birini tamamlayır. Kliplə bağlı təəssüratlarınızı bölüşərdiniz.

 

– Söhbət “İstanbulda liman” klipimizdən gedirsə 2016-cı ildə yay aylarında, Ramazan ayı ərəfəsində çəkilişlər oldu. İstanbul və Bakı şəhərində. Çox  səs-küyə səbəb oldu, doğurdan da qeyri-adi bir iş idi. Demək olar ki, altı dəqiqəlik film atmosferində bir klip çəkdik. Sevinc Musayeva oxuyurdu, sözləri Vahid Əzizə, musiqisi Sevinc Ağasiyevaya aiddir. Klipdə baş rolları Sevinc Musayeva ilə Xətai Ali canlandırırdı. Sırf layihənin təklifi mən tərəfdən verilmişdi Sevinc xanıma. Ssenari müəllifi Məftunə Əhmədzadə, quruluşçu operator Emin Hüseynov, səsləndirən Tarik Yığıtdır. Bir böyük komanda formasında çalışırdıq. Hər şey yüksək səviyyədə oldu. Çəkilişlərin montajını da özüm etmişəm, quruluşçu rejissoru da mənəm. Süjetin bölünməsini, dialoqlarını Qazi Karabulak yazmışdı, türk dostum.Ondan sonra klip bir çox telekanallarda yayımlandı, ATV kanalı hətta xoşlarına gəldiyi üçün o klipi dəfələrlə pulsuz verirdi. Mənim demək olar ki, dəsti-xəttimdə ən yaxşı işlərdən biri olub. Bu, mənim demək olar ki, filmoqrafiyamda vip yerlərdən birini tutan bir işdir.

 

Sosial medianı bir-birinə vuran turist ərəblərin müəyyən xoşa gəlməz addımları təbii ki, sizin də qınaq obyektinizə çevrildi hər kəs kimi. Və buna cavab olaraq sosial-çarx çəkdiniz. Sosial-çarx çox az bir müddətdə böyük bir kütlə tərəfindən izlənildi, bəs reaksiya necə, oldumu?

 

– Mənim bir yaxın dostum var, Rövşən Tağıyev. “Kral Renta Car”, “Kral Travel”, həm də “Kral Group”un rəhbəridir. Bunların maşının ərəblər kirayələyib, maşının başına oyun açmışdılar, maşının içini zir-zibil eləmişdilər. Bu ideya ordan qaynaqlanmışdı. Daha sonra Rövşənlə mən görüşdüm. Rövşən təklif elədi mənə ideyanı, qol-qanadını da mən düzəltdim, əlavələr elədim və kim oynayacaq deyə tərəddüd edirdim. Birdən ağlıma gəldi ki, elə özüm oynayım, çünki oranın tam incəliklərini hansısa bir aktyora başa salınca, ondan o istəyi alınca özüm oynamaq qərarına gəldim. Bir az da qabarıq yerlər var idi, bir az onları montajda çıxartdıq, ümumi kütləni nəzərə alaraq. Hələ biz orda vəziyyətin, reallığın demək olar ki, beş-altı faizini göstərmişik. İki günlük montaj prosesindən sonra materialı təhvil verib evə getdim. Axşam saat yeddi, səkkiz olardı, dostum Rövşən zəng elədi mənə ki, bəs xəbərin varmı, bütün media dəyib bir-birinə? Eksklüziv olaraq “Psixoloq.az” saytı məndən müsahibə götürdü. Yazırdı ki,  “Azərbaycanın tanınmış rejissoru çəkdiyi rolikdə ərəbləri özünə baxmağa məcbur etdi”. Bu başlıq altında bütün milyonluq səhifələr, bütün milyonluq internet kanalları sosial mediada dayanmadan paylaşırdılar. Məqsəd orda ərəbdən getmirdi, sadəcə qabarıq olaraq ərəb gözə çarpırdı. O rolikdə bizim sonda mesajımız var idi ki, “Ölkəmizə gələn hər bir turistə yüksək səviyyədə xidmət edirik, onlardan da bizim adət-ənənələrimizə və milli-mədəni dəyərlərimizə hörmətlə yanaşmağını rica edirik”, mesaj əslində bu idi.Demək olar ki, mənim həyatımda, yəni yaradıcılığımda o yeganə iş idi ki, bir gündə ölkə gündəmini dəyişmişdi. Yəni bütün hər bir şey sosial-media, insanlar, cəmiyyətdə olan hər bir fərd bu haqda, çəkilən çarxdan danışırdı.

 

Türkiyə, Azərbaycan qardaşlığının ölməzlik əsərinə çevriləcək “Mehtər Marsı” klipi son vaxtlar gördüyünüz ən uğurlu işlər sırasındadır. Klipdə xalq artisti Alim Qasımov və Türkiyəli müğənni Tarik Yiğitın ifasında möhtəşəm bir ifa araya-ərsəyə gəlib, təbriklər. Təqdimat nə vaxtdır inşallah?

 

– İki il olar bundan öncə dostum Tarik Yıgıt tərəfindən mənə belə bir layihə təklifi gəldi. Üstündən də bir ilə qədər vaxt keçdi, bir də görüşəndə bu haqda söhbət açıldı. Artıq ekran işi ilə bağlı söhbətlərimiz gedirdi. Alim Qasımovla görüşdük, əvvəl bir az tərəddüd elədi, sonradan razılığını aldım və çəkilişlərə başladıq. Birinci hissəsini çəkdik, ikinci hissəni də səkkiz ay sonra çəkdik. Alim Qasımov bilirsiniz ki, xalq artistidir, dünya şöhrətli müğənnidir, xanəndədir, ifaçıdır, demək olar ki, Azərbaycanda az-az olur. Bütün dünya qastrollarında, turnelərdə, dövlət tədbirlərində olur, ona görə  müəyyən ara ilə çəkildi. Klip hazırdır, klipdə Türkiyə Azərbaycan qardaşlığından söhbət gedir, xronikadan istifadə olunub. Ulu öndər Heydər Əliyevin, Atatürkün kadrları var. Müasir dövrdən cənab prezidentimiz İlham Əliyevin, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın kadrları var. Ordularımızın müqayisəsi, Çingiz xandan, Sultan Mehmet Fatehdən kadrlarımız var, gözəl bir tarixi müasir xronikayla biz bunu əvəzlədik və gözəl bir ekran işi ərsəyə gətirə bildik. Təqdimat yaxın on günlükdə nəzərdə  tutulur.

 

Söylədiniz ki, yuxularım çox vaxt reallığa qovuşur, xəyalpərəstəm. Bəs çəkdiyiniz hansısa obrazda öz xarakterinizi yaratmısınızmı? Və ya əksinə, yaratdığınız obrazda özünüzü tapmısınızmı?

 

– Yox, hələ özümün prototipimi çəkməmişəm, çəksəm gərək özüm oynayam obrazı, çünki kimsə mən ola bilməz və ya mən kimsə ola bilmərəm. “İstanbulda liman” klipində kapitanın demək olar ki, əlli faiz mənə bənzərliyi var, öz xarakterimdən ona vermişəm.

 

Tofiq bəy, öz təşəkkürümü bildirirəm sizə. Yaradıcılığınızda daim uğurlar diləyirəm. Klip təqdimatınızda da inşallah orda olacaq, “Oxu Məni” qəzetinin növbəti saylarında işıqlandıracağıq. “Yüz ölç, bir biç” – deyib atalar. Yüz ölçüb, bir dəfə biçən rejissor Tofiq Teymuroğlu yenicə tanınmaqda olan rejissorlara hansı məsləhətləri verərdi?

 

– Bilirsiniz, rejissor olmaq universiteti qurtaran kimi, o diplomu əldə edən kimi olmur. İllər lazımdır, təcrübə, çəkiliş meydançaları. Məsələn, mən öz-özümə çətinlik çəkirəm hal-hazırda peşəkar rejissor deməyə, çünki o qədər bilmədiyim şeylər var ki, bu sahədə. İndiki gənclərə savadlı olmağı, tarixi, coğrafiyanı, dünya elmlərini mənimsəmələri, həyatda baş verənlərə dünya görüşlərinin açıq olmasını arzu edirəm. Rejissordan tələb olunan ilk növbədə onun peşəkarlığıdırsa, onunla bərabər elmidir. Çünki rejissor çəkdiyi heç bir filmdə bir sual buraxmamalıdır ki, bu niyə belə oldu və s. Yalnız və yalnız onu deyərdim ki, işlərini sevsinlər və öz işlərinə, sahələrinə uyğun savadlansınlar və dünyada nə qədər elm varsa ondan məlumatlı olsunlar.

Günay Fuadqızı

BIR CAVAB BURAXIN