Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: NƏCƏF BƏY VƏZİROV 1. Yazı

0
827

Azərbaycan türk mütəfəkkirlərindən Nəcəf bəy Vəzirov (1854-1926) 1854-cü ildə Şuşada bəy ailəsində anadan olmuşdur. O, ilk təhsilini Şuşada alaraq fars və rus dillərini öyrənmişdir. 1863-cü ildə Bakıya gələrək rusdilli “Realnaya gimnaziya”ya daxil olan Vəzirov burada ona dərs verən H.Zərdabi ilə yaxından tanış olur və 1873-cü ildə onlar bir yerdə Axundzadənin “Hacı Qara” dramını səhnələşdirirlər. Maraqlıdır ki, o, özünü Azərbaycan milli teatrının banisi kimi də qələmə vermişdir. Vəzirova görə, milli teatrın banisi kimi Zərdabinin adının göstərilməsi doğru deyildir. Biz isə hesab edirik ki, Zərdabi ilə tanışlıq və onunla bir yerdə Azərbaycan türk teatrının əsasını qoyması, daha sonra “Əkinçi” qəzeti ilə əməkdaşlığı Vəzirovun sonrakı həyatında mühüm rol oynamışdır. Eyni zamanda, onun dünyagörüşünün formalaşmasında Moskvada Petrovski-Razumovski akademiyasında aldığı təhsil (1874-1878) də öz təsirini göstərmişdir. Hətta, onun 1878-ci ildə Moskvada türk (Azərbaycan) tələbələrlə birlikdə “İmdadiyyə” adlı cəmiyyət təşkil etməsi barədə də məlumatlar var.
1878-ci ildə Petrovski-Razumovski akademiyasını bitirdikdən sonra Yelizavetpol (Gəncə) quberniyasının Dilican qəsəbəsində meşəbəyi vəzifəsinə təyin edilən Vəzirov 1890-cı ilə qədər burada yaşamışdır. 1890-1895-ci illər arasında Qazaxda və İrəvanda müxtəlif işlərdə işləyən Vəzirov, 1895-ci ildə Bakıya gəlmiş, 1903-cü ildə Bakı dumasına katib seçilmiş, az sonra da maarif şöbəsi rəisinin müavini vəzifəsinə təyin olunmuşdur. Onun yaradıcılığının 40 illiyi münasibətilə 1913-cü ildə “Yağışdan çıxdıq yağmura düşdük” komediyası Bakıda səhnəyə qoyulmuşdur. O, 1926-cı ildə Çuxuryurd yaylağında vəfat etmişdir. Vəzirovun başlıca ictimai-maarifçi məzmunlu əsərləri aşağıdakılardır: “Əti sənin, sümüyü mənim”(1873), “Müsibəti-Fəxrəddin” (1896), “Sonrakı peşmançılıq fayda verməz” (1890), “Adı var, özü yox” (1891), “Pəhləvananin-zəmanə” (1900) və b.
Hesab edirik ki, Vəzirovun dünyagörüşündə əsas yeri ictimai-maarifçi məsələlər tutmuşdur ki, bunun da milli məsələ ilə birbaşa bağlılığı şübhəsizdir. Yəni onun dünyagörüşündə daha çox əxlaq-tərbiyə məsələsi, dini xürafat və dini mövhumatın tənqidi, millətin oyanışı və yeniləşmə hərəkatı bir yerdə öz ifadəsini tapmışdır. Ancaq onu da hökmən ifadə etməliyik ki, M.F.Axundzadə, Mirzə Kazımbəy qədər olmasa da, N.Vəzirov da rus-Moskva elmi-mədəni mühiti çərçivəsində yaşayarkən az da olsa, ilk dövrlərdə ruslaşdırma ideologiyasının təsiri altında olmuşdur. Bu anlamda Vəzirovun ictimai-maarifçilik dünya¬görüşünü iki mərhələyə: 1) rus-Avropa mədəniyyətinin təsiri altında ictimai-maarifçilik baxışları, 2) milli-dini mədəniyyətin təsiri altında ictimai-maarifçilik baxışlarına, bölmək olar.
Rus-Avropa mədəniyyətinin təsiri altında dini və ictimai-maarifçilik baxışları. O, Moskvada oxuyarkən rus və başqa millətlərlə müqayisədə soydaşlarının çox avam və millət təəssübkeşliyindən uzaq olması qənaətinə gəlmişdir ki, bunun kökünü son əsrlərə aid gerilikçi-məhdud-mühafizəkar İslam mədəniyyətində ya da işğalçı rus-avropa mədəniyyətində axtarmaq əvəzinə bütün problemləri yalnız milli-dini adət-ənənələrdə görmüşdür. Məhz bunun nəticəsi idi ki, o, “Əkinçi”yə yazdığı məqalələrində (1875-1877) türk-müsəlman xalqlarının, o cümlədən Azərbaycan türklərinin başqa millətlərlə müqayisədə geriliyinə səbəb olaraq yalnız milli-dini adət-ənənələri göstərmişdir. Hətta, bu anlamda o da, milli adət-ənənələrdəki geriliyi rus-avropa şovinistlərinin nəzərində guya barbar olmuş Dəşti-Qıpçaq əhli ilə müqayisə etmişdir. “Doğrudur, bizim müsəlmanlar arasında arif və qanacaqlı şəxslər çoxdur, amma bizim bəzi işlərimizə baxan gərək bizi Dəşti-Qıpçaq əhli hesab etsin. Buna səbəb odur ki, bizim adəti-qədimə zəmanə rəftarı ilə düz gəlmir. Biz qanacağımızı artırmağa səy edəndə adəti-qədimələri dəyişdirməyə səy etmirik».
Əlbəttə, Vəzirovun həm öz millətinə, həm də ruslara və digər slavyanlara mədəniyyət bəxş etmiş Dəşti-Qıpçaq türklərinə bu cür yanaşması kökündən yanlış idi. Doğrudur, Vəzirovun məqaləsində qeyd etdiyi ki, həmin dövrdə Şimali Azərbaycanda qız qaçırma kimi xoşagəlməz hadisələr yaşanmış və digər xoşagəlməz olaylar da olmuşdur. Ancaq bütün bunları ümumiləşdirərək həm Azərbaycan türklərinin adət-ənənələrinə, həm də Dəşti-Qıpçaq türklərinə yuxarıdan aşağı baxmaq doğru deyildi. Şübhəsiz, bu cür siyasəti yürüdən çar Rusiyası idi ki, ruslar məhz Dəşti-Qıpçaq dövlətini hiyləgərliklə devirərək onun dövlətçiliyi və mədəniyyəti üzərində yüksəlmişdir. Çar Rusiyası vaxtilə Dəşti-Qıpçaq türklərinin tarixini, dövlətçiliyini, mədəniyyətini yox etdikləri kimi, indi də digər Türk xalqlarının adət-ənənələrini aşağılayaraq, onlara “yeni mədəniyyət”, əslində də rus mədəniyyəti qəbul etdirməklə assimilyasiya siyasətini yürüdürdülər. Bir sözlə, çar Rusiyası işğal etdiyi bütün ölkələrdə, o cümlədən də Qafqazda və Şimali Azərbaycanda da milli adət-ənənələri barbar mədəniyyət olaraq şüurlara yeridib, onların yerini rus-avropa mədəniyyəti ilə doldurmaq niyyəti güdürdü. Rus ideoloqları bu yolda da, ən münasib üsul kimi hər xalqın öz ziyalısının milli-dini adət-ənənələrə qarşı çıxıb “yeni mədəniyyət”in vacibliyindən bəhs etmələri üçün şəraitin yaradılmasında görürdülər. Bizcə, ilk dövrlərdə Vəzirov da, məhz ruslaşdırma siyasətinin az-çox təsiri altında olmuşdur.
Bu anlamda Vəzirovun milli adət-ənənələrə radikal yanaşmasının kökü ruslaşdırma siyasəti ilə bağlı idi. O, Qafqaz müsəlmanları-türkləri, o cümlədən Şimali Azərbaycan xalqı arasında mövcud olan qədim adət-ənənələrin aradan qalxması ilə millətin nicat tapacağına inanırdı. Onun fikrincə, bu qədim adət-ənənələrlə millət inkişaf edə bilməz və ondan imtina etmək lazımdır. Çox yazıqlar olsun ki, Vəzirov ata-baba adət-ənənələri dedikdə də, onu son dövrün məhsulu olan xoşagəlməz “adətlər”lə qarşıq salmışdır: “Hərdəm tənha oturub fikir edirəm: xudavənda, bizim axırımız necə olacaq? Ağlımız ata-baba ağlı, getdiyimiz ata-baba yolu, heç bir dəyişiklik yoxdur. Ata-babamız xoruz və qoç döyüşdürüb, it boğuşdurub, qurşaq tutdurub, dərviş nağılına qulaq asıb, qızıl quş saxlayıb günlərin keçirdib, biz də ki bu yolu gedirik, tələf olacayıq. Səbəb ki, zəmanə dəyişilib. Əlbəttə, on il bundan əqdəm bizim dolanacağımız indikindən yaxşı idi və on ildən sonra dəxi yaman olacaq. Bəs biz haçaq öz dərdimizin əlacının dalıycan olub, uşaqlarımıza elm öyrədəcəyik?”.
Gördüyümüz kimi, N.Vəzirov «ata-baba yolu»nu məhdud mənada gördüyü üçün, qədim adət-ənənələrin də bu yolla aradan qalxmasını uyğun görmüşdür. Fikrimizcə, o, gənc yaşlarında millətinin tarixi, mədəniyyəti ilə daha yaxından tanış olmadığı üçün, «ata-baba yolu» kimi, ancaq xalq arasında son dövrlərdə ortaya çıxmış bəzi xoşagəlməz adətləri önə çəkmişdir. Bunun nəticəsi idi ki, N.Vəzirova görə, Avropa alimlərindən Bokl və Dreper Avropa xalqlarının elm və ağlının bu mərtəbəyə çatmağının tarixini yazıblar və bundan ötrü də əllərinin altında kitabları olmuşdu. Ancaq müsəlmanların ata-babaları övladlarına müsbət mənada belə bir irs qoymamışlar. O yazır: “Gələcəkdə bizim tərəqqi etmək tarixini yazan indiki zəmanəyə baxanda məətəl qalacaqdır ki, nə yazsın? Həqiqət, bizim əsbablar qeyrə yüz, bəlkə min il bundan əqdəm olandan tərəqqi etməyib. Kitablarımız… Bu halda bizlərdə kitab inşa edən yoxdur. Kitab əvəzinə həcv inşa edirik. Və həcvlərimiz həm tənəzzül edir”.
Şübhəsiz, öz dövrü ilə bağlı yazdıqlarında Vəzirov nə qədər haqlı idisə, ancaq keçmişə yönəlik dedikləri çox mübahisəlidir. Hər halda Vəzirov bilməli idi ki, Türk xalqlarının, xüsusilə də Azərbaycan türklərinin elmdən, mədəniyyətdən, fəlsəfədən, riyaziyyatdan və digər elmlərdən bəhs edən onlarla deyil, bəlkə yüzlərlə alimləri olmuşdur. Yəni ən azı min il ərzində təkcə Azərbaycan türkləri arasında kitabları olan onlarla elm adamları olmuş (Bəhmənyar, Sührəverdilər, Xaqani, N.Tusi, S.Urməvi, M.Şəbüstəri, M.Füzuli və b.), yüzlərlə kitablar inşa edilmişdir. Üstəlik, Vəzirovun yaşadığı dövrdə də Bakıxanov, H.Z.Şirvani, M.F.Axundzdə, Mirzə Kazım bəy və başqaları elmə, fəlsəfəyə, kimyaya, tibbə və digər sahələrə dair kitablar yazmışlar.
Bu anlamda hesab edirik ki, N.Vəzirov müsəlmanların min ildən bəri tərəqqi etməmələri məsələsində mübaliğəyə yol versə də, dövründə həcv yazan şairləri tənqid etməkdə haqlı idi. O yazırdı ki, şairlərimiz bir-birlərinə həcv yazmaqdansa tərəqqi ilə ayaqlaşmalıdırlar: “Çünki bizim zəmanə tərəqqi zamanıdır və tərəqqi etməyən tayfa günü-gündən tənəzzül edib axırda puç olacaq, ona binaən bizim şüəra qardaşlarımızdan – ki, onlar əlhəqq xalqın gözçüsüdürlər, – iltimas edirik təqazayi-zəmanəyə müvafiq xalqın gözünü açmağa səy eləsinlər, yoxsa hədyan danışmaq bir çətin zad deyil və ondan heç kimsəyə bir nəf yoxdur”.
Vəzirovun öz dövrü ilə bağlı yazdıqları bu cür tənqidləri doğru olsa da, yəni şairlərin həcv əvəzinə millətin inkişafı üçün yazmaları tələbində haqlı olmaqla yanaşı, ancaq tərəqqinin, yeniləşmənin hansı yolla aparılması məsələsində bir az ifrata yol verirdi. Hər halda milləti tərəqqi adı altında yad mədəniyyətlərin, yad ideyaların quluna çevirmək, həcv yazmaqdan bəlkə də çox təhlükəlidir. Əlbəttə, elə təhlükəli və zərərli olaraq da qəbul etməliyik, çünki həmin yad ideyalardan, yad mədəniyyətlərdən bu gün necə əziyyət çəkdiyimiz göz önündədir. Bu anlamda Vəzirovun tərəqqi dedikdə nəyi başa düşməsi, xalqın gözünü hansı yolla açmaq istəməsi çox anlamlı idi.
Nəcəf bəy Vəzirov da xalqın tərəqqi yolunda H.Zərdabi, S.Ə.Şirvani və başqa aydınlarımız kimi, diqqəti daha çox dini məktəblərin tənqidinə və yeni məktəblərn açılmasına, dünyəvi elmlərin öyrənilməsinə və bunun üçün yeni müəllimlərin yetişməsinə yönəltmişdir. Şübhəsiz, bu məsələdə Vəzirov da digər ziyalılarımız kimi doğru yol tutmuşdu. O, dini məktəblərdə keçilən dərslərə etiraz olaraq yazırdı ki, molla məktəbxanalarına baxan gərək bizi adam hesab etməsin, çünki orada uşağa təhsil vermək, elm öyrətmək əvəzinə işgəncə verirlər. N.Vəzirov bu cür məktəblərdən də, həmin məktəblərdə dərs verən müəllimlərdən narazı idi və deyirdi ki, onların əksəriyyəti həm avam, həm də cəlladdır: “Bizim müəllim uşaq üçün cəlladdır. Uşağı döyməyə, papiros çəkməyə adət edən təki adət edib, deyir: uşaq döyülməsə oxumaz. Guya ol biçarə eşşəkdir ki, bizləməsən yeriməz. Ata və ana uşağı ona tapşıranda deyir: əti sənin, sümüyü mənim, döy ki, adam olsun. Və dəxi bunu fikir etmir ki, belə döyülməkdən özü bu günə qalıb və belə vay günə onun övladı həm qalacaq. Ey uşağı olan və onlara təlim edən! Rəhm edin ol biçarələrə ki, onlar sizin düşməniniz deyillər. onlar ilə adam kimi rəftar edin ki, adam olsunlar. Barı bunu yaddan çıxartmayın ki, sizin sillə, yumruq, fələqqə, çubuq eşşəyi adam etməz. Uşaq meymun tək bir şeydir, nə görsə ona əməl edər və əgər uşaq bir bəd əmələ mürtəkib olmuşsa, onda taxsır yoxdur, taxsır ol, kəsdədir ki, bu əməli ona göstərib. Yəni taxsır sizdədir. Dəxi ol biçarəni niyə döyürsünüz?”.

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

 

BIR CAVAB BURAXIN