Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ZEYNALABDİN MARAĞALI 1. Yazı

0
831

Azərbaycan türk mütəfəkkirlərindən Zeynalabdin Marağalı (1837-1910) 1837-ci ildə Marağa şəhərində tacir ailəsində anadan olmuşdur. Marağa mədərəsəsində dini təhsil alan Zeynalabdin bəy atasının sayəsində ticarət işlərini də öyrnmiş və 20 yaşından etibarən ticarətlə məşğul olmuşdur. 1860-cı ildə Qafqaza köç edən Zeynalabdin bəy əvvəlcə Kutaisidə, daha sonra isə Yaltada-Krımda (1867) tacirlik etmişdir. Yaltada yaşadığı illərdə rus dilini müəkəmməl öyrənən Marağalı 1890-cı illərdə Qacarların təbəəliyindən çıxaraq Çar Rusiyasının vətəndaşlığına keçir. 1901-ci ildə Yaltadan İstanbula-Osmanlıya köç edən Zeynalabdin bəy 4 il burada yaşdqdan sonra, yenidən Qacarların təbəlliyini qəbul etmiş və 1910-cu il də İstanbulda dünyasını dəyişmişdir. Onun tək və mühüm əsəri üç (3) hissədən ibarət olan “İbrahim bəyin səyahətnaməsi” kitabıdır. Zənnimizcə, Marağalı «İbrahim bəyin səyahətnaməsi» kitabında Qərb mədəniyyəti və irançılıq məsələsində xeyli dərəcədə M.F.Axundzadənin baxışlarına yaxın bir mövqe tutmuşdur. Bu faktordan çıxış edən bəzi tədqiqatçılara görə (Mir Cəlal Paşayev, M.Cəfərov, Əziz Mirəhmədov, Həmid Məmmədzadə və b.), Marağalının millətinin inkişafına həsr edilmiş belə bir əsər yazmasında Axundzadənin də müəyyən təsiri olmuşdu. Məsələn, M.C.Paşayev yazır ki, «Zeynalabdinin siyasi-ədəbi görüşlərinin inkişafı və müəyyənləşməsində əsas iş görən böyük ədibimiz Mirzə Fətəli Axundov və onun yaratdığı tənqidi realizm məktəbi olmuşdur». Bu fikri inkişaf etdirən H.Məmmədzadə isə yazır ki, Marağalı 1860-cı illərdə Qafqazda yaşayarkən Axundzadənin dostlarından İran konsulu Mirzə Əsəddula xanla dost olmuşdur. H.Məmmədzadə istisna etmir ki, Z.Marağalı Əsədulla xanın vasitəsilə Axundzadə ilə görüşmüş və onun «Kəmalüddövlə məktubları» əsəri ilə də tanış olmuşdur. Marağalının İbrahim bəyi də, sanki Kəmalüddövlənin dostu Cəlalüddövlədir. Ancaq o, Axundzadə kimi irançılıq məsələsində onunun yolunu izləsə də, İslam dininə, o cümlədən şiəliyə münasibətdə əks mövqe tutmuşdur. Onun fikrincə, müsəlman ölkələrinin geriliyinə, despotizminə səbəb İslam dini və onün müqəddəs kitabı Qurani-Kərim deyil, despotik hökmdarların zülmü və din xadimlərinin təbliğ etdiyi xurafat və mövhumatdır. Beləliklə, Marağalının dünyagörüşünü iki istiqamətdə: 1) ictimai-siyası baxışları və irançılıq, 2) dini-fəlsəfi görüşləri və islamçılıq, yönlərindən nəzərdən keçirməyi uyğun hesab etdik. Marağalının ictimai-siyası baxışlarını və irançılıq düşüncəsini nəzərdən keçirib, təhlil edəndə görürük ki, o da, ilk növbədə Axundzadə və Mirzə Kazımbəy kimi, bir qədim “İran” heyranıdır. Bizcə, məhz o da, qədim “İran mədəniyyəti”, “İran dövlətçiliyi” məsələsində əsasın Axundzadənin yolunu davam etdirməklə (M.F.Axundzadə əvəvlcə Türkmən ailəsindən olduğunu yazmış, amma daha sonra özünü zahirən Türk adlandıraraq etnik mənşəyini farslarla əlaqələndirmişdir) bir Türk olmasına baxmayaraq, tərcümeyi-halında öz kökünü farsdilli kürdlərə bağlamışdır. Halbuki az sonra Marağalı elə həmin tərcümeyi-halında yazır ki, rus təbəəliyində olarkən onun övladları bir kəlmə olsun nə türkcə, nə də farsa bilirdilər, çünki tərbiyəçiləri rus idilər. Hər halda, o burada kürdcədən bəhs etmir, halbuki əgər özü kürd idisə, hökmən burada türkcə, farsca ilə yanaşı bu dildən də söz açardı. Bu anlamda hesab edirik ki, Marağalının ömrünün son vaxtlarında öz etnik mənşəyini farsdilli kürdlərə bağlaması, daha çox Avropa ideoloqlarının təsiri altında qədim “İran mədəniyyətinə” sahib çıxmaq üçün bir üsul idi, necə ki, ondan öncə Axundzadə də məhz belə hərəkət etmişdi. Digər tərəfdən, Marağalı onu da açıq şəkildə ifadə etmişdir ki, əsərinin qəhrəmanı olan İbrahim bəy Azərbaycanın böyük tacirlərindən birinin oğlu olmuş, özü də türkcə danışmış və türk olduğunu da açıq şəkildə ifadə etmişdir: “Axund qeyzlə məni başdan-ayağa süzüb dedi: – Sən Türksən? –Bəli, dedim, – Türkəm-azərbaycanlıyam”. Deməli, kitabın birinci hissəsini yazanda Türk olmasını açıq şəkildə ifadə edən Marağalının kitabın sonunda artıq özünü kürd adlandırması ideoloji məsələlərlə bağlı olmuşdur. Başqa sözlə, o da, Avropa ideoloqlarının təsiri altında Qacarlar dövlətindəki türklərin, guya “İran” mənşəli olması məsələsinə inanmışdır. Ümumiyyətlə, hesab edirik ki, Marağalının ictimai-siyasi baxışlarında irançılıq məsələsinin xüsusi yer tutmasında eynilə Axundzadə də olduğu kimi, çar Rusiyası və Avropa ideoloqlarının böyük təsiri olmuşdur. Hər halda bu sirr deyil ki, o, həmin kitabını çar Rusiyasının təbəəliyini qəbul etdikdən sonra yazmağa başlamış və onu ruslar özünün də yazdığı kimi, “çestnı kupets Persii” (Persiyanın vicdanlı taciri) adlandırmışlar. Deməli, ruslar və avropalılar planlı şəkildə Qacarlar dövlətini Persiya ya da İran, Qacar türklərini də iranmənşəli-farsmənşli adalandırırdılar ki, burada da əsas məqsəd Türk hakimiyyətini devrib farsdilliləri, irançıları hakimiyyətə gətirmək idi. Bu yolda isə ruslara-avropalılara lazım idi ki, Marağalı kimi ziyalılar öz türk mədəniyyətlərini, türk kimliklərini inkar edib, “qədim İran mədəniyyəti” üzərində köklənib Türkləri və onların qurduqları Türk dövlətlərini, o cümlədən də Qacarları vəhşi, barbar kimi qələmə versinlər. Ümumiyyətlə, bu dövrdə türk-müsəlman dövlətlərinə qarşı yalnız hər meydanlarında deyil, eyni zamanda şüurlarda da müharibə elan edən Avropa-rus ideoloqlarının əsas məqsədi bir tərəfdən İslam dininin gerlikçi, fanatik, sivilizasiyaya əngəl bir din olmasını, digərə tərəfdən də müsəlman dövlətlərinin (Osmanlı, Qacarlar) rəhbərləri və əsas miləti olan türklərin də vəhşi, barbar, despot, zülmkar, rüşvətçi olmasını ortaya qoymaq idi. Yəni Qərb-Avropa-çar Rusiyası üçün müsəlman xalqlarına qarşı yürütdüyü siyasətdə iki əsas hədəfin 1) İslam dini, və 2) Türk millətinin aradan qaldırılması vacib amillər idi. Bu anlamda avropa-rus ideoloqları müqəddəs islam dinini və uca türk millətini həm başqa xalqların, həm də öz nəzərlərində gözdən salıb ağaşılmaq üçün hər cür üsullara əl atmışlar. Şübhəsiz, bu üsullardan ən amansızı və çirkin olanı türksoylu mütəfəkkirləri “irançılıq” ya da avropamərkəzçilik ideolojisinin təsiri altına salaraq İslam dini və Türk-müsəlman dövlətləri haqqında həqiqətəuyğun mülahizləri yazmağa səbəb olmaları idi. Çox yazıqlar olsun ki, Qərb ideoloqlarının şüurlarda apardığı müharibələrdə bu və ya digər dərəcədə onlara yenilərək islam dininə və türk millətinə münasibətdə əks cəbhədə dayanan bəzi türk-müsəlman mütəfəkkirləri də olmuşlar. Hesab edirik ki, belə mütəfəkkirlərmizdən biri olan Marağalı tamamilə olmasa dal, ancaq xeyli dərəcədə Qərb-rus ideoloqlarının avropamərkəzçilik ideologiyasının təsirinə məruz qalmdışdır. Hər halda Marağalının “İbrahim bəyin səyahətnaməsi” əsərində məhz bu hiss, bu düşüncə əsas xəttdir ki, – Qərb-Rus ideoloqlarından çox da fərqlənmədən -, “İran” millətinin geriliyi, cəhaləti, avamlığı, millət təəssübkeşliyindən uzaq olmasında türklər və onların hakimiyyət sürən Qacarlar sülaləsi günahkardır. Başqa sözlə, o, üzünü Qacarlar dövlətinin rəhbərlərinə tutaraq deyirdi ki, müsəlmanların belə vəziyyətə düşməsinin səbəbi onların yarıtmaz əməlləri və barbarlığıdır. Belə ki, dövlət rəhbərləri vaxtını məmləkətin abadlığına, ölkənin yüksəlişinə və əhalinin rifhaına sərf etmək əvəzinə, eyş-işrət, qumar oynamaq və ov ovlamaqla keçirirlər. Marağayi yazırdı: “Mən bu səfər əsasında İranın kiçik bir hissəsini görməklə ürəyim qanla doldu. Məmləkət pərişan, millət pərişan, ticarət pərişan, xəyal pərişan, əqidələr pərişan, şəhər pərişan, şah pərişan, ilahi, bu nə pərişanlıqdır?! Məəttəl qalmışam ki, belə bir pərişanlıqla daha bu vəzirlərin toplanmasına nə ehtiyac var imiş?”. Ancaq bütün bunların əvəzində Axundzadənin qəhrəmanı Kəmalüddövlə kimi, Marağayinin qəhrəmanı İbrahim bəydə Sasanilər dövrünü cənnətə bənzədir, “İran” şahları olan Keyxosrov, Cəmşid, Bəhmən, Şapur, Ənuşirvan haqqında bəhs olanda fərəhlənir. Hətta, Əhmənilər dövlətinə son verdiyi üçün İbrahim bəy Makedoniyalı İskəndərə də son dərəcə nifrət edərmiş: “Bu qeyrətli cavan özünü tanıyan gündən etibarən etibarən İskəndərin İrana qoşun yeridib, oranın bir çox şəhərlərini xaraba qoyması və qədim İranın paytaxtı olan İstəxr şəhərinə od vurması, Daranın öldürülməsi üzündən İskəndər adını dilinə gətirmək istəməzdi”. Bir sözlə, Kəmalüddövlə kimi İbrahim bəydə də iranlılıq təəsssübü o dərəcədə imiş ki, Marağayi qələmlə onu şərh etməyə çətinlik çəkdiyini belə iddia etmişdir: “Misal üçün, əgər bir nəfər bilə-bilə və ya bilmədən onun yanında İranı pisləsəydi, İbrahim bəy onu dinsiz və qeyrətsiz adlandırıb, ömrünün axırınadək onunla danışmazdı”. Marağalı yazır ki, İbrahim bəy uzun müddət Misirdə yaşadığı üçün əvvəlcə elə bilirmiş ki, “İran”da hər şey yaxşıdır və burada ədalət hökm sürür. Ancaq İbrahim bəy, eynilə Kəmalüddövlə kimi “İran”a gələndə ədalət yerinə ədalətsizliyi, haqq yerinə haqsızlığı, mədəniyyət yerinə mədəniyyətsizliyi “görür” və bundan sonra “ayılır”. O, “ayıl”dıqdan sonra bütün bunları dövlətin “daxili işlər vəziri”nə çatdırmaq niyyəti ilə onunla görüşərək deyir: “Vətənin tərəqqisi və islahı haqqında heç kəs düşünmür. Kiçikdən böyüyə, varlıdan kasıba, alimdən cahilədək hamı öz fikrindədir. Hər kəs öz eşşəyini otarır. Heç kəs başqasının hayına qalmır. Bir nəfər belə vətən və övladi-vətənin müştərək mənafeyindən danışmır. Sanki bu onların heç vətəni deyil, ya da ki, onlar bir-birləri ilə həmvətən deyillər”. Marağalının fikrincə, bütün bunlara əsas səbəb odur ki, ölkə Məhəmməd peyğəmbərin (s) buyurduğu, Quranın göstərdiyi müddəalarla idarə olunmur. Məmurlar şəriətə əməl etməkdənsə özlərinin maraqlarına uyğun yeni «qanunlar» icad ediblər. Bunun nəticəsində də Allahın qanunları bir kənarda qalmış, ölkə tamam başqa qanunlarla idarə olunur. Marağayi hesab edirdi ki, bununla da bir-birilə yanaşı tutulan vətən məhhəbəti ilə iman unudulmuşdur: «Əgər Allahın peyğəmbəri sizdən soruşsa ki, ey İran vəzirləri, ey millət başçıları hanı mənim şəriətim, hanı sizin cihad etmə vəsaitiniz, hansı sizin mücahidləriniz, hansı sizin imanınız? Axı mən vətən məhəbbətini iman ilə yanaşı tutmuşam. Onda siz nə cavab verəcəksiniz. Bütün bunların yoxluğuna hansı səbəblər gətirəcəksiniz?».

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

BIR CAVAB BURAXIN